Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Nizami rayon şöbəsində qarşıdurma olub. Hadisə dünən axşam saatlarına təsadüf edib. Azadlıq.info-ya daxil olan məlumatlarda bildirilir ki, qarşıdurma icra məmurları ilə şöbədə təmir işləri aparan ustalar arasında baş verib. Məlumata görə, ustalar işi bitirsələr də, onlara pul verilməyib. Onlar haqlarını tələb etdiyinə görə, icra məmurları, xüsusilə şöbənin rəisi Ramin Məmmədov tərəfindən təhqirə məruz qalıblar. Bundan sonra icra məmurları ustalarla əlbəyaxa olub. Əraziyə xeyli sayda insan toplaşıb. Hadisənin şahidləri deyir ki, dalaşanları ayırmaq üçün polis çağırılıb. Polis əməkdaşları 6 nəfəri Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinə aparıb. Saxlanılanlar ustalar olub. Onlar izahatlarında icra məmurlarından şikayətçi olduqlarını bildiriblər. Ustaların izahatları alınandan sonra sərbəst buraxılıblar.
Baş verənlərlə bağlı nə DİN, nə də Baş Prokurorluğun mövqeyini öyrənə bildik. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə isə məsələ ilə bağlı açıqlama verəcəyini bildirib.