Manatın qiyməti kimi, hakimiyyətin sözü də ucuzlaşır
Dünya yaranandan həqiqət və yalan arasında savaş gedir. Amma bütün yalanların limiti var. Həqiqət meydana çıxan kimi yalan dəfn olunur. Yaşadığımız ölkədə də yalana “protez” ayaq geyindirib, uzun illərdi yeridirlər. Amma bu yalanların bitmə mərhələsi çatıb.
Belə ki, uzun illərdi hakimiyyət analoqsuz inkişafdan, yoxsulluğun kökünün kəsilməsindən, işsizlik probleminin həll edilməsindən, korrupsiyaya qarşı mübarizədən danışır. Ancaq zaman ən böyük hakim olduğundan həqiqətləri üzə çıxarır.
Əvvəlcə ölkə başçısı da daxil olmaqla hakimiyyət konadası iddia etdi ki, neftin qiymətdən düşməsi bizə təsir göstərməyəcək, bizi böhran vura bilməz və inkişaf tempi davam edəcək. Təbii ki, əhalinin daha ayıq təbəqəsi başa düşürdü ki, iqtisadiyyatı neftdən asılı olan ölkəyə yaranmış vəziyyət mütləq təsir etməlidir. Sonrakı mərhələdə isə hakimiyyət özü bunu etiraf etdi. Ölkə başçısı bəyan etdi ki, valyuta ehtiyatlarımız artmayacaq, investisiyalar azalacaq, israfçılığa son qoymaq lazımdır və s. Həqiqətən də neftin qiymətinin düşməsi kifayət etdi ki, ölkə krizislə üz-üzə qalsın. Artıq dövlət strukturlarının ləğvinə, kütləvi ixtisarlara start verilib, ölkəyə investisiya qoyuluşu azalıb, ÜDM aşağı düşüb və s. Yəni ölkə vətəndaşları başa düşdü ki, dünənə qədər deyilənlər yalan imiş. Daha sonra manatın qiymətdən düşməsi xəbəri yayıldı və bu xəbər cəmiyyətdə panika yaratdı. Yalnız bir xəbərin tirajlanmasına olan reaksiya bütün iqtisadi səbəbləri üstələdi. Məhz buna görə Mərkəzi Bankın Idarə Heyətinin sədri Elman Rüstəmov tələsik efirə çıxarıldı və manatın uzunmüddətli zəifləməsi üçün heç bir amilin olmadığı deyildi, inflyasiyanın birrəqəmli olacağı söylənildi.
“Manatın uzunmüddətli zəifləməsi üçün bu gün heç bir amil yoxdur. Iqtisadi praktikaya nəzər salsaq, bu, iki halda baş verə bilər. Birinci, əgər ölkənin ödəmə balansında davamlı defisit varsa. Ikinci isə, bu şəraitdə ölkənin heç bir ehtiyatlarının olmamasıdır. Lakin, Azərbaycanın ÜDM-nin 70%-nə yaxın bir səviyyədə valyuta ehtiyatları var. Bir sözlə, bu iki fundamental amildən praktikada heç biri Azərbaycanda yoxdur”,- deyə E.Rüstəmov bildirdi.
Biz, Elman Rüstəmovun fikirlərinin nə dərəcədə əsaslı olub-olmadığını müzakirə etmirik. Sadəcə olaraq diqqətə çatdırmaq istəyirik ki, artıq hansısa rəsmi şəxsin geniş izahatlar verməsi, əhaliyə təskinlik üçün rəqəmlər söyləməsi də vəziyyəti dəyişə bilmir. Çünki, vətəndaş hakimiyyətə inanmır.
Axı necə inansın? Bir tərəfdən prezident “Ölkədə savadlılıq dərəcəsi 100 faizdir” söyləyir. O biri tərəfdən TQDK sədri abituriyentlərin 65 faizinin savadsız olduğunu açıqlayır. Bir tərəfdən işsizliyin aradan qaldırıldığı iddia olunur, o biri tərəfdən işsizlər ordusu ölkə xaricinə üz tutur. Bir tərəfdən səhiyyənin inkişfından söhbət açılır, o biri tərəfdən milyonlarla vətəndaş müalicə üçün qonşu ölkələrə üz tutur, hətta hakimiyyət komandasının özü də yerli səhiyyəyə etibar etmir. Bir tərəfdən korrupsiyaya qarşı mübarizədən danışırlar, o biri tərəfdən iri çinli məmurların milyonluq varidatları üzə çıxır.
Yəni hakimiyyət öz yalanlarını özü ifşa etməklə məşğuldur. Hətta hakimiyyət komandasının özü də proqnozlara inanmır. Elman Rüstəmovun geniş şərhinə rəğmən banklardakı əmanətləri geri götürürlər, dollara üstünlük verirlər və manatlarını sığortalamağın başqa yolarını axtarırlar.
Deməli, hakimiyyət cəmiyyətdə etibarlılıq limitini başa vurub. Bundan sonra hansısa həqiqi proqnoza da heç kimin inanmaq həvəsi yoxdur. Artıq elə bir tendensiya yaranıb ki, hakimiyyətin dediklərini əks istiqamətə çevirib həqiqəti tapmağa başlayırlar. Məsələn, hakimiyyət təmsilçiləri “ABŞ-da acından ölürlər” təbliğatını aparanda, cəmiyyət başa düşür ki, demokratik dünya ilə münasibətlər korlanıb və hakimiyyətdən vətəndaşa hörmət tələb olunur.
Bir sözlə, daha insanları süni təsəllilərlə inandırmaq, sakitləşdirmək mümkün deyil. Hakimiyyətin bütün cəhdləri effektsizdir. Manatın qiyməti kimi hakimiyyətin sözü də sürətlə ucuzlaşmağa doğru gedir.
Akif