Yazıma Qafqaz Müsəlmanları Idarəsinin Salyan və ətraf 6 rayon üzrə qazısı Hacı Hüsnü Həsənova dərin bir “keçmiş olsun”la başlamaq istəyirəm.
Bizim qəribə adətlərimiz var. Bir yaxınımız qızıl üzüyünü, yaxud sırğasını itirəndə yeri gəldi-gəlmədi onu danlayırıq. Əgər üzük, sırğa və yaxud boyunbağını üstümüzdə olan vaxt itirirksə, bir-birimizə irad tuturuq ki, onu niyə evdə qoymadın, hökmən taxmalı idinmi və s. Itmənin digər variantında, yəni qoyduğumuz yeri xatırlamayanda isə, bir-birimizi “üzərində niyə gəzdirmirsən?” deyə danlayırıq.
Hacı Hüsnüdə vəziyyət tamam başqadır. Hətta mən deyərdim ki, yuxarıda misal gətirdiyim ənənəvi iradların heç biri burada keçmir. Bir neçə kiloqram qızılı(!) üzərində gəzdirmək fiziki cəhətdən çox çətindir. Elə asayiş baxımından da təhlükəlidir. Qarət etməkləri bir yana dursun, sağlamlığınıza da zərər yetirə bilərlər. Bu mənada Hacı Hüsnü tərtəmizdir, günahı yoxdur. Qalır digər “məna”, yəni orta dərəcəli din xadiminin bu qədər sərvəti hansı yolla qazanması. Nə gizlədək, insanları oğurluqdan çox məhz bu maraqlandırır. Beləliklə…
“Mətbuatda bu müdhiş oğurluq haqda gedən yazıların əksəriyyəti belə adlanır: ”Nüfuzlu din xadiminin evindən xeyli pul, qızıl və silah oğurlandı”. Çox ilginc və qəribə olan o idi ki, yazıların hamısında Hacı Hüsnünün bu pulları halal yolla qazandığı dönə-dönə vurğulanır. Yəni bəri başdan hamıya xəbərdarlıq edilir ki, ağlınıza başqa şey gəlməsin, haa… Belə şeylərin dozası artıq olanda xəbər “qarğa məndə qoz var”a doğru gedir…
Əlqərəz, mətbuat “nüfuzlu din xadimi” Hacı Hüsnüdən uğurlu biznesmen, fermer obrazı yaradıb. Yazırlar ki, Salyanda tərəvəzçiliklə məşğul olur.
Tərəvəzlə… 6 rayonun dini işlərinə başçılıq etməyi bir araya necə sığdırmaq mümkündür, anlaya bilmirəm. Tərəvəzçilik, özü də Salyan kimi nisbətən az münbit, şoran torpaqları olan bir rayon üçün qeyri-xarakterik bir sahədir. Digər tərəfdən, tərəvəzçiliklə məşğul olmaq o deməkdir ki, sən ilin yarısından çoxunu, özü də gecə-gündüz bu işlə məşğul olmalısan. Özü də, ağlınıza başqa şey gəlməsin, tərəvəz narkotik-filan deyil ki, bu sahədən qısa müddətdə bu qədər varlanasan. Sağlam məntiqlə düşünək, dəyəri yüz min manat olan qızıl əşyalara sahib olmaq lüksü sıradan bir məsələ deyil. Istər biznesmen ol, istər din xadimi “dövriyyən” altı sıfırlı rəqəmlə ölçülməlidir.
Allah şəfa versin, Irana müalicəyə gedən şəxsin, həm 6 rayonun dini işləri ilə, həm də dövriyyəsi milyonla ölçülən tərəvəzçiliklə məşğul olması, razılaşın ki, inandırıcı deyil.
Mənim versiyam tamam başqadır. Mən ölkəni bürüyən cəhalətdən danışmaq istəyirəm. Savadsızlıq, həkimlərə, sabaha inamsızlıq, mövhumat zavallı insanları cəhalətin qucağına atıb. Insanlar problemlərinin həllini ilahi, yerdənkənar qüvvələrdə görürlər. Yəqin siz də fərqindəsiniz, Azərbaycanda pirlərin, müqəddəs ziyarətgahların yeri durmadan artır. O qədər artıb ki, artıq xüsusi təyinatlı pirlər, ziyarətgahlar, ocaqlar peyda olub. Mən bu yazını yazmazdan qabaq kiçik bir araşdırma apardım, inanın ki, dəhşətə gəldim. Məlum oldu ki, Azərbaycanda az qala xəstəliklərin sayı qədər, onlardan qurtulmaq üçün pirlər, ziyarətgahlar var. Qızdırman var, get “Qızdırma piri”nə, uşağının psixi xəstəliyi var, buyur, “Qorxu piri” sənin yolunu gözləyir. Effekt vermədisə, ümidsizliyə qapılma, “Dəli piri”nə nəzir-niyaz apar. Yaşın 40-ı keçibsə və özünə ər tapmamısansa, filan ocaq nəyə durur?..
Fikrimi rəsmi www.islam.az.com saytından götürdüyüm bir sitatla yekunlaşdırıram, diqqət edin: “Ümiyyətlə, ”qorxu piri”, yaxud “qızdırma piri” adı ilə məlum olan obyektlər respublikamızın Ağsu, Ağdaş, Ismayıllı, Quba, Qusar, Şamaxı, Şəki və başqa rayonlarımızın ərazilərində də vardır”.
Yəqin ki, şaşırmadınız, bəli məhz “obyekt”…
Bu obyektlərin hər birinə müvafiq lisenziya verilir və onlara aylıq haqq qoyulur.
Salyan və ona bitişik altı rayonda belə obyektlərin sayı yüzlərlədir… Hamısının da lisenziyası var. “Halal kolbasa”da olduğu kimi…
…Tərəvəzlə lombard açmaq olsaydı, şəhərə bu qədər axın olmazdı, dostlar!.
Gəlin özümüzü aldatmayaq…
P.S.”Nüfuzlu din xadimi” məsələsi haqda. Bütün internet axtarış sistemlərində Hacı Hüsnü Həsənov yazdım, qarətdən(!) başqa heç nə çıxmadı…