Nemət Əliyev: «On ildə kapital qoyuluşu adına 180 milyard xərclənib»
«Avronun ucuzlaşması Neft Fondunun aktivlərini dəyərdən salacaq, itkilərimiz daha da artacaq»
Neftin qiymətinin dünya bazarında düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatları üçün əsil sınaq oldu. Dünya bazarında baş verənləri nəzərə alaraq bir çox dövlətlər müvafiq tədbirlər görməyə başladılar. Böhranın ciddiliyini nəzərə alan neft ixracatçıları öz iqtisadiyyatlarını hətta neftin qiyməti ilə bağlı ən bədbin proqnoza belə hazırlamağa başladılar. Amma Azərbaycan hakimiyyəti fərqli yol tutaraq dünyadakı proseslərin Azərbaycan iqtisadiyyatına təsir etməyəcəyini bəyan etdi. Dövlət başçısı son çıxışında hətta bəyan etdi ki Azərbaycanın fors-major hallar üçün 50 milyardlıq ehtiyatı var. Müsahibimiz AXCP iqtisadi siyasət komissiyasının sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nemət Əliyevlə söhbətimizə iqtidarın pafoslu bəyanatlarına münasibət öyrənməklə başladıq:
– Fikrimcə, hakimiyyət neftin qiymətlərinin bu dərəcədə düşəcəyini gözləmirdi. Odur ki, elə bəyanatlar verirdilər. Qiymətin 50 dolların altına düşməsi və davamlı xarakter alması fakta çevrildiyinə görə o bəyanatlar indi yoxa çıxıb. Qiymətlərin 2 dəfədən çox düşməsi şübhəsiz ki, ölkəmizə təsir edib. Xarici ticarət dövriyyəsi ötən ilin 11 ayı ərzində 3 milyard dollar azalıb, dövlət büdcə gəlirləri üzrə öhdəliklər 1,2 milyard manat, büdcə xərclər üzrə vəzifələr 1,4 milyard manat həcmində icra oluna bilməyib, neft gəlirləri azalıb. Sənaye, kənd təsərrüfatı istehsalı düşüb, iqtisadiyyata kapital qoyuluşu aşağı enib. Bütün bunlar baş veribsə, necə demək olar ki, “bizə təsir etmir”?.
– Dövlət başçısı Ilham Əliyev bildirir ki, 50 milyardlıq ehtiyyatımız var. Bu açıqlamalar əhalini sakitləşdirməyə hesablanıb, yoxsa həqiqətən də belə iqtisadi potensial var?
– Doğrusu, ikisi də var. Əhalini sakitləşdirmək istəkləri də var, müəyyən dövr üçün ehtiyyatlar da var. Amma, narahatçılıq yaradan odur ki, belə gərgin məqamda hökumətin ağlına başqa iqtisadi potensial gəlmir, dərhal diqqəti valyuta ehtiyyatlarının üzərinə yönəldirlər. Bilirsinizmi nəyə görə? Ona görə ki, ölkənin əsas potensialı olan qeyri-neft istehsal sahələrini yetərincə inkişaf etdirə bilməyiblər. 22 il hakimiyyətdə olmaq azlıq edib. 2004-2014-cü illərdə kapital qoyuluşu adına 180 milyard xərclənib. O zaman sual yaranır ki, hanı o 180 milyardın izləri? Nə üçün belə çətin zamanda əlindən tutmur, köməyinə yetmir bu xalqın? Bu yaxınlarda Amerika prezident administrasiyasının rəsmisi bəyan etdi ki, neft qiymətlərinin aşağı düşməsindən həm vətəndaşlarımız, həm də ölkəmiz uduş əldə edib. Amerika hökuməti vətəndaşlarına bizdəkindən 3 dəfə ucuz benzin satır. Benzin ucuz olduğuna görə də ölkədə avtomobil istehsalı artıb. Deməli, normal ölkələr belə ağır günlər üçün tədarüklərini zamanında görə biliblər. Odur ki, bizdəki qədər panika yaşamırlar. Bizimkilər isə, qış qapının ağzını kəsəndə əl-ayağa düşürlər. Amma, yenə də 50 milyard özlüyündə ehtiyyatdır və bu ölkəmiz üçün müəyyən imkan deməkdir. Əgər neftin qiymətlərində yüksəliş olmasa, bu ehtiyyatlar sürətlə azalacaq.
“Neft pulları qısa zamana tükənəcək”
– Necə?
– Əvvala, dövlət büdcəsində neft sektorunun birbaşa təsiri 12,7 milyard manatdır. Dolayı təsiri 2 milyarddan artıq hesablasaq 15 millyard alınır. Qiymətlər 2 dəfədən çox düşdüyünə görə 15 milyardın yarısından çoxu olmayacaq. Qiymət düşdükcə kəsir də artacaq. Ikincisi, valyuta ehtiyyatlarımız dəyərini sürətlə itirir. Ötən ilin sentyabr ayı ərzində, yəni bir ayda Fondun aktivləri 641 milyon dollar azaldı. Hələ yalnız oktyabr ayına qədər məzənnə dəyişmələrinə görə DNF-nun aktivləri 963 milyon manat və ya 1,2 milyard dollar dəyərini itirdi. Sonrakı itkilər haqqında məlumatlar açıqlanmayıb, olsun ki, itkilər daha böyüyüb. Noyabr və dekabr ayları ərzində, yəni iki ayda manatın məzənnə sabitliyini qorumaq üçün Mərkəz Bankın ehtiyyatlarından 1,3 milyard dollar xərcləndi. Bu hesabla itkiləri cəmləsək 12 milyard dollar alınır. Bu itkilər 50 milyard dollarlıq ehtiyyatlar hesabına ödənəcək. Diqqət edin, başlanğıc mərhələdə itkilər milyardlarla ölçülür. Deməli, bu ehtiyyatlar müəyyən dövr üçün yetərlidir, tükənəndir. Başqa iqtisadi rıçaqlar fəallaşdırılmalıdır.
“Sanksiyalar Rusiya iqtisadiyyatına dağıdıcı təsir edir”
– Manatın dəyərdən salınmasıyla bağlı məsələ müzakirə mövzusudur. Sizcə, manatı nə gözləyir? Ekspertlərə görə, manatın məzənnəsi ən azı 10 faiz endiriləcək. Bu zaman ölkəni nə gözləyə bilər? Kütləvi panika yaşana bilərmi?
– Əvvala deyim ki, Neft Fondu aktivlərinin 10 milyardı, başqa sözlə 34%-i avro ilə ifadə olunan aktivlərdə saxlanılır. Avronun ucuzlaşması bu aktivləri dəyərdən salacaq, deməli, itkilərimiz daha da artacaq. Avrozonada saxlanan ehtiyyatlarımız da təsir zonasına düşür. Manatıın kursunu avroya bərabərləşdirmək üçün dövriyyəyə əlavə manat kütləsi buraxmaq gərəkir. Bu addım manatı ucuzlaşdıracaq. Avro-manat kursunun bərabərləşdirilməsi fikri artıq işini görməyə başlayıb. Manatın ucuzlaşacağından duyuq düşənlər dollar yığımına girişiblər. Psixoloji faktorlar fəallaşıb. Gözlənildiyindən daha çox manat kütləsi dövriyyəyə daxil ola və manatın ucuzlaşması daha da sürətlənə bilər. Odur ki, “panika” ilə bağlı narahatçılığı inkar etmək mümkün deyil. Ziddiyyətli görünsə də deməliyəm ki, indiki zamanda manatın ucuzlaşdırılması düzgün addımdır, hətta gecikmiş addımdır. Bu proses əhalinin sosial vəziyyətinə, ticarət şəbəkələrinin nisbi sabit durumuna mənfi təsir etsə də, istehsalın stimullaşmasına müsbət təsir edir. Yanacağın qiymətlərini aşağı salmaqla əhalinin sosial vəziyyətinə mənfi təsirləri neytrallaşdırmaq, həm də qeyri-neft mallarının maya dəyərini aşağı salmaqla yerli malların rəqabət qabiliyyətini artıra bilərik. Əks halda, bu imkanlar da əldən çıxacaq.
– Hesablamara görə Rusiya hər həftə valyuta ehtiyatlarından 1,5 milyard dollar itirir. Azərbaycan da manatın saxlanması üçün ay ərzində təxminən eyni məbləği xərcləyir. Bu nəyin görsənişidir. Bu xərcləmələrə nə qədər tab gətirə bilərik?
– Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunub. Idxalımızın 13-14%-i Rusiya ilə, ixracın 95-97%-i digər ölkələrlədir. Odur ki, Rusiya və başqa ölkələrdə gedən proseslərin buraya təsiri qaçılmazdır. Neft qiymətlərinin düşməsi, sanksiyalar Rusiya iqtisadiyyatına dağıdıcı təsir göstərir. Rusiyada rublun kəskin ucuzlaşmasının Azərbaycanın valyuta bazarına göstərdiyi psixoloji təsiri neytrallaşdırmaq üçün 1,3 milyard xərcləndi. Deməli, manata güvən azalıb, ehtiyyatı olan vətəndaşlarımız onu dollara çevirib ölkədən çıxarıb. Fikrimcə, bu prosesdə pullu vəzifəlilər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məmurlar daha irəlidə olublar, çünki belə məsələlərə daha həssasdırlar. Narahatçılıq da odur ki, bu proses sürətlənə bilər. O zaman Mərkəz Bank ehtiyyatları daha sürətlə xərcləməli olacaq. Belə bir vaxtda dövlət başçısı Rusiya bazarlarına sərmayə yatırılmasını perspektiv elan edir. Ölkəmizin maraqlarını birləşmiş güclərin sanksiyalarının qabağına verməyin sağlam izahını tapmaq mümkündürmü? Hər bir halda belə yanlış təşəbbüs və fəaliyyət Rusiyadakı mənfi proseslərin ölkəmizə mənfi psixoloji təsirini daha da artırır, “rubl düşürsə, manat da düşəcək” kimi sinxron təsəvvürlərin dairəsini daha da genişləndirir.
“Kənd təsərrüfatındakı artım sadəcə sözdür”
– Dövlət başçısı çıxışında bəyan etdi ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının artım tempi kifayət qədər yüksəkdir. Amma, biz bu artımı bazarda hiss etmirik. Əgər Azərbaycanda kənd təsərrüfatı məhsullarının bolluğu yaşanırsa, o zaman nəyə görə bazarda Gürcüstandan, Irandan, Türkiyədən gələn kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir?
– Geridə qoyduğumuz ildə kənd təsərrüfatında, ümumiyyətlə artım olmayıb. Dövlət Statistika Komitəsi azalma olduğunu təsdiq edib. Heyvandarlıq məhsuları 3% artsa da, bitkiçilik məhsulları 8,3% azalıb. Bu hesabla, ümumi kənd təsərrüfatı istehsalı 2,6% düşüb. Günəbaxan və bostan məhsulları istisna olmaqla, demək olar ki, bütün bitkiçilik məhsullarının istehsalı düşüb. Taxıl istehsalı yarım milyon tondan çox, kartof 17,5% azalıb. Hətta, meyvə və giləmeyvə istehsalı da düşüb. Dən üçün qarğıdalı və bostan bitkiləri istisna olmaqla, digər məhsullar üzrə məhsuldarlıq göstəriciləri 3,2-15,8% enib. Belə olduğuna görədir ki, bazarlarımız boşalıb. Boşalmış yerləri Iran, Türkiyə, Gürcüstan, Pakistan, Rusiya malları doldurur. Ancaq, bu nəticədir. Səbəb odur ki, zamanında kənd təsərrüfatına gərəkən qayğı göstərilməyib. Indi torpaqlar gücdən düşüb, kəndlilərin də marağı zəifləyib. Diqqətdən kənarda saxlanılıb real sektorun bu mühüm sahəsi. Başqa məsələlər daha vacib sayılıb. Yalnız onu demək kifayətdir ki, ötən il bu sahəyə 300 milyon manat kapital yatırılıbsa, istirahət və əyləncə məqsədlərinə 1,3 milyard kapital yönəldilib.
– Hazırda neftin qiymətinin dəyişməsiylə əlaqədar olaraq kütləvi ixtisarlar aparılır. Bu ixtisarların təsiri nədən ibarət ola bilər?
– Əvvəla deyim ki, 2014-cü il ərzində investisiya qoyuluşu “nəqliyyat və anbar təsərrüfatı” üzrə 3 dəfə, “emal” sənayesi üzrə 56%, “su təchizatı, tullantıların təmizlənməsi və emalı” üzrə 40%, “kənd təsərrüfatı” üzrə 47% azalıb. Əvvəlki illə müqayisədə bu sahələrə kapital yatırımı üst-üstə 3,6 milyard manat azalıb. Bu il ölkə iqtisadiyyatına kapital qoyuluşunun daha çox azalacağı gözlənilir. Deməli, ixtisarların miqyasının böyüyəcəyi də gözləniləndir. Ixtisarların aparılması iş yerlərinin itirilməsi, əmək haqlarından məhrum olma anlamına gəlir. Prosesin böyüməsi daha sonrakı mərhələdə dövlət büdcəsinin gəlirlərinə, sosial sığorta fonduna, işsizlik səviyyəsinə mənfi təsir edir. Bu da sosial gərginliyin artmasına səbəb olur.
“Iş yerlərinin itirilməsi qaçılmazdır”
– Ölkə üzrə 2.5 milyon nəfərin banklara borcu var. Ixtisarlar heç şübhəsiz bu kəsimi də vuracaq. O zaman bu şəxslərin ev, avtomobil və digər kreditləri ödəmək imkanları məhdudlaşacaq. Belə olan halda dövlət hansı addımları atmalıdır?
– Qiymətlərin yüksək səviyyəsi əhalinin alıcılıq qabiliyyətini xeyli zəiflədib. Odur ki, adi məişət-istehlak ehtiyaclarını qarşılaya bilmir insanlar. Bu üzdən də yüksək faizli istehlak kreditlərinin altına girməli olub. Problemli kreditlərin payı indi 1 milyard manata yaxınlaşıb. Belə bir zamanda borclu olanların iş yerlərini itirməsi, doğrudan da faciə olardı. Amma, ixtisarlar, iş yerlərinin itirilməsi də qaçılmazdır. Gec də olsa, hökumət ölkədə işgüzarlıq mühitini yaxşılaşdırmalıdır. Korrupsiya, rüşvətxorluq, monopoliya, haqsız rəqabət istəklərindən imtina olunmalıdır. Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, digər dövlət qurumlarının sahibkarlıq fəaliyyətinə qeyri-qanuni müdaxiləsinə son qoyulmalıdır. Qanunların aliliyi təmin edilməlidir. Kredit faizləri aşağı salınmalıdır ki, heç olmasa belə kreditlər hesabına qazanc gətirən fəaliyyətlə məşğul olmaq mümkün olsun. Kreditlərin “0″ faizlə verilməsi daha məqsədəuyğundur. Əcnəbi ölkələrdə saxlanılan aktivlərin bir hissəsindən, deyək ki, Rusiyanın VTB bankının səhmlərindən imtina olunmalıdır. O vəsaitlər böyük risk altına atılıb. Səhmlərin satışından əldə olunan maliyyə hesabına belə kreditləri vermək olar.
“Bu il ÜDM-də iqtisadi artım olmaya bilər”
– Hakimiyyət hazırda pensiyaların sığorta hissəsinə 1,4 faiz artım edilməsinin kütləvi şəkildə təbliğ edir. Bu artım keçən ilki inflyasiyaya görə edilib. Amma, reallıq ondan ibarətdir ki, 2014-cü ilin inflyasiyası 1,4 faiz deyil, ən azı 7-8 faiz olub. O zaman hökumətin addımı nə dərəcədə doğrudur?
– Axı, bu 1,4% nədir ki? “Yalanın ömrü 40 gün olar” deyiblər. Ayın sonu gələr, kartla bankomata yaxınlaşarlar, hər şeyi anlayarlar. Əmək pensiyasının aylıq orta məbləği 173 manat 40 qəpikdir. Bunun da baza hissəsini nəzərə almayıb 1,4 faizini hesablasaq 1 manat 3 qəpik alınar. 1 manat 3 qəpiklə pensiya yaşında olan adamı necə sevindirmək olar? Yox, əgər sevinəni varsa, o zaman daha pis. Hər kəs üçün düşündürücü olmalıdır ki, axı bu yaşda olan vətəndaşı niyə bu hala gətiriblər? Əlbəttə, bütün bunlar doğru deyil. Bu ölkədə qiymət statistikası düzgün aparılmır, bir qayda olaraq siyasi məqsədlər naminə aşağı göstərilir. Bu da üst-üstə yığılanda alıcılıq qabiliyyəti zəifləyir, yaşayış pisləşir.
– Avropa Yenidənqurma və Inkişaf Bankı bəyan edib ki, bu il Azərbaycanda ÜDM hətta 1,5 faiz ola bilər. Halbuki, bankın bu il üçün bir müddət əvvəlki proqnozu 3 faiz idi. Bank bu proqnozunu neft gəlirlərinin azalması ilə əlaqələndirilib. Hakimiyyət isə 4,4 faizlik ÜDM proqnoz edir. Hökumətin proqnozu nə dərəcədə realdır?
– Avropa Yenidənqurma və Inkişaf Bankının proqnozları Rusiyaya qarşı tətbiq edilən sanksiyalar siyahısına əlavələrin edilməsinə görə dəyişə bilər. Hər dəyişiklik sanksiyaların təsir dairəsini daha da böyüdür. Təsir altına düşən ölkələrdə vəziyyət daha da ağırlaşır. Burada Azərbaycanın da öz payı var. Neftin qiymətlərinin aşağı düşməsi və aşağı səviyyədə qərarlaşması çoxlarının proqnozlarını alt-üst edib. Hökumət 2015-ci ilin büdcəsində neftin qiymətini 90 dollar proqnozlaşdırıb, amma 48 dollara satılır neft. 2014-cü ilə 5,2% iqtisadi artım proqnozlaşdırmışdılar, halbuki 2,8%-ə düşdü bu göstərici. “Informasiya, rabitə xidməti”, “pərakəndə əmtəə dövriyyəsi” istisna olmaqla ölkənin makro-iqtisadi göstəriciləri pisləşib 2014-cü ildə. Kapital qoyuluşunun əhəmiyyətli dərəcədə azalacağı şübhə doğurmursa, hökumətin proqnozları inandırıcı görsənmir. Iqtisadi artım olmaya da bilər.
Xəyal