Vəkil Bəhruz Bayramov: «O, ictimai nəqliyyatın işlədiyi cəzaçəkmə müəssisəsinə köçmək istəyir»
“Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov dünən 13 saylı cəzaçəkmə müəssisəsində jurnalistlə görüşüb. Bu barədə “moderator.az”a məlumat verən Bəhruz Bayramov Pərviz Həşimlinin narazılığı barədə də danışıb.
“Pərvizin 13 saylı cəzaçəkmə müəssisəinin rəhbərliyindən və işçilərindən, habelə ona olan münasibətdən narazılığı yoxdur. O, dəfələrlə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına müraciət edərək xahiş edib ki, əlaqədar başqa cəzaçəkmə müəssisəsinə köçürsünlər. Yəni elə müəssisəyə göndərsinlər ki, ailə üzvləri ictimai nəqliyyatla yanına gəlib-gedə bilsin”, – deyə vəkil bildirib.
Bəhruz Bayramov qeyd edib ki, hazırda Pərvizin saxlanıldığı cəzaçəkmə müəssisəsinə ictimai nəqliyyat işləmir, bu səbəbdən gəlib-getmək çətindir: “Pərvizin narazılığı da bununla bağlıdır”.