Beş aparıcı sığortaçı ötən il sığorta haqlarının yarıya qədərini toplayıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 429,2 mln manat mükafatın 48,6 faizini və ya 208,8 mln manat bu beşliyin payına düşür.
Lider “Paşa Sığorta”dır (50,7 mln və ya 11,8 faiz). Ardınca “Paşa Həyat Sığorta” (41,9 mln manat), “Azərsığorta” (41,6 mln manat), “Atəşgah Həyat Sığorta” (37,9 mln manat) və “AzSığorta” (36,7 mln manat) gəlir.
Ötən il 11 şirkətin mükafatları artıb, 17 şirkətdə azalıb.
ASA-nın məlumatına görə, 2014-cü ildə ödənişlərdə də “Paşa Sığorta” liderdir – 27 mln manat. Ardınca “Atəşgah Həyat Sığorta” (24,1 mln manat), “Atəşgah” (14,9 mln manat), “Azərsığorta” (13,3 mln manat) və “AXA-Mbask” (10,7 mln manat) gəlir.
Ödənişlərin 57,3 faizi 5 aparıcı şirkətin payına düşüb. 2014-cü ildə 18 şirkətin ödənişləri artıb, 10 şirkətin ödənişləri azalıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının bu məlumatı Azərbaycanda sığorta bazarının hansı vəziyyətdə olduğunu təsəvvür etmək üçün yetərlidir. Diqqət edin, sığorta bazarında “Paşa Sığorta”, “Azərsığorta”, “AtəşgahSığorta” və “AzSığorta” liderlik edir. Bu şirkətlərin hər biri hakimiyyətdəki oliqarxlara məxsusdur. “Paşa Sığorta” hakim ailənin, “Azsığorta” Kəmaləddin Heydərovun, “AətşgahSığorta” Ziya Məmmədovun, “Azərsığorta”nın isə Samir Şərifova məxsus olduğu bildirilir. Digər şirkətlərin irəli gedə bilməməsi də məhz bununla bağlıdır. Yəni, yalnız məmur oliqarxlara məxsus şirkətlərin fəaliyyətinə hər cür şərait yaradılır, digərlərinin fəaliyyəti isə məhdudlaşdırılır.