Zümrüd Yağmur
Belə bir xəbər oxumuşdum. ABŞ-da evində ilan saxlayan bir vətəndaş ehtiyatsızlıq edib, evinin evyanının qapısını açıq qoyub. İlan da eyvandan çıxaraq qonşulara kabus yaşadıb. Bu hadisədən sonra təbii olaraq, ilana deyil, ilanın sahibinə çərimə kəsərək cəzalandırıblar.
İndi keçək yazmaq istədiyimiz mövzuya….
Keçən gün Seymur Həziyə hökm oxundu… Əslində, gözlənilən bir məhkəmənin gözlənilən hökmü idi. Orada hakimlik edəni və Seymura 6 il iş istəyən prokuroru günlərcə orda otuzdurub bir məzhəkənin baş qəhrəmanına cevirdilər, sonra onların dili ilə istədikləri hökmü oxuyub rahatladılar.
Bir “düşmən” də belə zərərsizləşdirildi.Of, nə böyük qələbədir, eləmi?!
Amma elə məğlubiyyətlər var ki, qalibiyyətlərdən daha şərəflidir. Əslində, siz Seymura 5 il hökm oxudunuz, Seymursa sizə nə az, nə çox, ömürlük hökm oxudu…
Seymur onu atdığınız o məhbəsdən çıxacaq, amma sizin alnınıza vurulmuş ləkəni yumaq mümkün olmayacaq. Siz bundan sonra övladlarınızın toyunu edəcəksiniz, oxuduğunuz ədalətsiz hökmlərdən əldə etdiyiniz pulla aldığınız bahalı maşınlarda gəzib özünüzü bir şey zənn edəcəksiniz, hələ boğazınızı uzadıb poz verib şəkillər də çəkdirəcəksiniz… Üzünüzə yaxşı düşmək üçün bir saxta təbəssüm də verəcəksiniz. Bir şəklinizi mən gördüm belə… Şəstlə hakim cübbənizi geyinib üzünüzə də bir təbəssüm verib çəkdirdiyiniz şəklə uzun-uzun baxdım.
Atanızın da adı Hüseyndir. Hüseyn – bu adın sanibi 1400 il öncə onun yanına bir şərəf və ölümsüzlük damğası vurub şəhadəti ilə… Amma Nəcəfova Şövkət Hüseyn qızı öz adının qarşısına başqa bir damğa vurdu. Yazıq!
Siz Ziya Bünyadovun “Qırmızı terror” kitabını heç vəqərləmisiniz? Sizin kimi nə qədər hakimin adı var o kitabda… Oxumamısınızsa, oxuyun və gələcəkdə öz obrazınızın elə bir kitabda necə yazılacağını indidən oxuyub dua edin… Bəlkə Tanrı siz bağışlaya.
Tanrı olmaq şansım olsaydı, sizi bağışlayardım. Bilirsinizmi niyə? Aciz, birilərinin əlində oyuncaq olan, öz ömrünü deyil, başqalarının qatillik ambisiyalarına qurban yaşamaq qədər xaraktersiz birini ittiham edib boş yerə vaxt itirməmək üçün.
Sizin kimiləri ittiham etməyə belə dəymir.
O üzdən şəklinizə baxanda yazarlığıma salıb o şəkildəki təbəssümə dərin-dərin mənalar yükləmədim. Dediyim kimi, ittiham olunmağa belə dəyməyən birilərinin mahiyyətindəki boşluq onların üzündəki ifadələrə məna yükləməyə imkan verməz. Nə qədər yazıçı təxəyyülünü işə salsaq da, bir şey çıxmaz.
Tanrı eşqinə, Seymurun sözünü kəsib “Hökumətdən yox, özünüzdən danışın. Biz sizi fikirlərinizə, prinsiplərinizə görə ittiham etmirik. Sizə də, əqidənizə də hörmət edirik…” sözlərini deməyi özünə rəva görən bir hakim-qadının təbəssümündəki anlam nə ola bilər axı?
Əminəm, yəqin ki, o hökmü oxuyandan sonra evinizə getdiniz, övladlarınızından biri qarşıladı sizi. Ya da nəvəniz, bilmirəm. Amma mən izninizlə, sizin vicdan əzabınızdan, o gecə yata bilməməyinizdən yazmayım. Mən bu ölkədə vicdan ağrısı, əzab çəkə biləcək qədər dərin mahiyyətə malik olan hakim, prokuror, polis və ya hansısa peşə sahibinin varlığına inamımı itirirəm getdikcə…
Axı əzab çəkə, vicdanınla baş-başa qala bilmək üçün bir səviyyəyə, mahiyyətə sahib olmalıdır insan… Dayaz biri necə əzab çəkə bilər?
Qatillərin acılarını, pis uşaqlıq keçirmələrini deyib əməllərinə haqq verməyə çalışan yüzlərlə kitab oxudum, hətta bu dünya Hitlerə belə bəraət verə biləcək qədər psixolojik analizlər gəlişdirdi. Amma o psixoloji analizlərin Azərbaycanda işlədiyinə inanmıram mən…
ABŞ-da seriya qətillər törətməkdə ittiham olunan Çarliz Manson adlı bir qatilin sözlərini oxuyanda heyrətlənmişdim və o qatilin səviyyəsi qarşısında necə deyərlər “papaq çıxarmışdım”. “Mənə yuxarıdan baxsanız, bir axmaq, aşağıdan baxsanız bir Tanrı, qarşıdan baxsanız özünüzü görərsiniz”.
Bu sözləri demək üçün qatil olmaq yox, səviyyəli biri olmaq lazımdır. Və bir qatilin səviyyəsi buna yetir, amma Azərbaycan elə bir ölkədir ki, burda onun yazarı çıxıb ona edilən paxıllıqdan danışır, müsahibələr verir, ictimai şəkildə yalan danışır, kimsə də onu səviyyəsizlikdə günahlandırmır. Ona gərə də belə hakimlərin, siyasilərin, filosofarın, kimlərin, kimlərin olması labüddür.
Bu ölkədə qatilləri belə qorxaq olarkən, yaltaqlıq edib cəza çəkdiyi həbsxananın nəzarətçisinin əlini öpərkən hakiminin səviyyəsi də “İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır, bütün dünyadakı milyonlarla azərbaycanlının pərəstiş elədiyi adamdır” yalanını deyə biləcək qədərdir.
O üzdən də Şövkər Nəcəfova kimilərinə böyük məna yükləyib onu ittiham etməyin, ya da bu iqtidarda təmsil olunan birinin dediyi boş sözlərə məna yükləməyin. 9 milyonluq bir xalqın qorxaq, rəqibləri ilə ancaq zor dili ilə danışacaq qədər aciz olan qatillərin əlində oyuncaq olan boş xarakterli biriləri ilə uğraşmağa dəyərmi? Məncə yox!
Amma maraq da məni boğur, insan halı… Ona görə də soruşmadan keçə bilməyəcəm: Güzgüyə baxanda kimi görürsünüz, Şövkət Nəcəfova?
Yaxud Çarliz Mansonun dediyi sözlərdəki kimi, hardan baxırsınız özünüzə, yuxarıdan, aşağıdan və ya qarşıdan?
Kaş ki, heç olmasa bunu bacara biləydiniz.
Nə deyəsən, bu ölkədə özünü bilən üçün hakim olmaq çətindir…
Amma bir qatilin düşüncəsindəki yükün yarısına çata bilməyənlərin siyasətçi, hakim, prokuror olduğu bir məmləkətdə Seymur, Xədicə, İnqitam Əliyev olmaq da böyük dərddir doğrusu…
Haşiyə: Eyvana çıxan ilanı deyil, sahibini ittiham etdilər, bunu unutmayaq.