ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Azərbaycan hökuməti haqda tərifli yazısına görə tənqid atəşinə tutuldu
«Belə bir saxta və aldadıcı köşəyə görə utanın, Respublikaçı Burton!»
Yanvarın 29-da “The Washington Times”ın çap versiyası Azərbaycana xüsusi bir səhifə ayırmışdı: “Azərbaycan: Müstəqilliyin bərpasından 25 il sonra; ABŞ-ın çiçəklənən müttəfiqi” adlanan bölümdəki məqalələrdə Azərbaycanın ABŞ üçün əhəmiyyəti, ona dəstəyin vacibliyi vurğulanıb. Yazılardan bəziləri konqresmenlərin imzasıyla dərc olunub.
“Azadlıq” radiosunun məlumatına görə, dünən “The Washington Post” qəzetində isə Erik Wemple yazıb ki, həmin bölümün altında reklam departamenti sözlərini oxuyub, bunun bir marketinq məsələsi olduğunu anlayırsan. Yoxsa “The Washington Times”ın xəbər və şərh bölmələri Azərbaycanla bağlı reklam verməzdi axı…
Ancaq qəzetin “Rəy” bölümündə bir yazı deyəsən istisnadır. “Azərbaycan Amerika və azad dünya üçün niyə vacibdir?” başlıqlı yazının son bazasında oxuyuruq:
“Azərbaycanın sürətli dirçəlişi liderlərinin, xalqının və Birləşmiş Ştatlarla güclü tərəfdaşlığının olduğunu təsdiqləyir. Amerika və Azərbaycan bizim getdikcə artan ümumi dəyər və məqsədlərimizlə üz-üzə dayanır. Bu arada ABŞ rəsmiləri onları dini dözümlülük, azadlıq və demokratiyaya tam sadiq qaldıqlarına görə təbrik etməlidir. Amerika və dünyanın qalan hissəsinə Azərbaycan kimi çox dostlar lazımdır”.
Görəsən bu yazının müəllifi kimdir? Dan Burton. Yazının sonunda göstərilir ki, Burton ABŞ Nümayəndələr Palatasının Indiana ştatından olan keçmiş üzvüdür.
Erik Wemple “The Washington Post”da yazır ki, deyəsən, “The Washington Times”da Burtonun daha bir vəzifəsini göstərməyə yer çatmayıb. Axı o həm də Azərbaycan-Amerika Alyansının sədridir…
“Hə, indi də gəlin, bu gözəl ölkədən gələn real bir xəbər eşidək: ”Azərbaycan çərşənbə axşamı Ilham Əliyevi tənqid edən bir jurnalistin həbs qətimkan tədbirini uzadıb. Bu, araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıldır”. Xəbəri “Reuters” agentliyi yayıb. Ismayılın həbs müddətinin uzadılmasını ATƏT, Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (JPC) pisləyib”, – deyə Erik Wemple “The Washington Post”da vurğulayır.
Xədicənin dostu və Nyu York Dövlət Universitetinin professoru Rosemary Armao da Burtonun yazısı ilə əlaqədar “The Washington Times”a məktub yazıb.
“Amerikanın köməyi demokratiyanın, azadlığın və Azərbaycan xalqının yanında durmaq olardı. Bu kömək islahatlar, daha çox şəffaflıq və Xədicə Ismayılın dərhal azadlığa buraxılmasına göstərilməlidir. Belə bir saxta və aldadıcı köşəyə görə utanın, Respublikaçı Burton!”, – deyə Armao yazır.
Armao Xədicə Ismayıl ilə OCCRP araşdırmaçı jurnalistika layihəsində işləyib.
“The Washington Times”ın redaktoru və kontent üzrə vitse-prezidenti Con Solomon isə bildirir ki, Burtonun Azərbaycan-Amerika Alyansının sədri olduğunu qeyd etməmək səhv ucbatından baş verib. “Mənim səhvimdir”, – deyə Solomon bildirib. Ancaq o, Burtonun Azərbaycanın Birləşmiş Ştatlarla münasibətinə dair “təlim keçməsində” elə bir qəbahət də görmür.
“The Washington Times” yazıya düzəlişdə Burtonun Alyansla bağlılığını əlavə edib.
Qeyd edək ki, Azərbaycan-Amerika Alyansının rəhbəri nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Alyansın ABŞ-da verdiyi ziyafətlərə bəzən məhz Dan Burton ev sahibliyi edir.