Siyasi sifarişli həbslər necə ifşa olundu?
Insan yalanla, böhtanla yaşamağı həyat tərzinə çevirəndə, bunu sübut etməyə ehtiyac qalmır. Çünki, həmin adam öz fəaliyyəti ilə öz kimliyini ortaya qoyur. Bu xarakteristika hakimiyyətlər üçün də keçərlidir. Indi Azərbaycandakı repressiyaları, korrupsiyanı, qanunsuzluqları sübut etmək üçün nə beynəlxalq təşkilatlara, nə də müxalifətə ehtiyac var. Çünki, hakimiyyətin neqativ əməlləri hər gün özünü cəmiyyətə “təqdim” edir. Artıq orta məktəb təhsili olmayanlar da ölkədə məhkəmə-hüquq sisteminin, ədalətin hansı meyarlar əsasında fəaliyyət göstərdiyini dəqiq bilirlər.
Tanınmış jurnalist Xədicə Ismayılın həbsində istifadə olunmuş Tural Mustafayev sonradan öz şikayətini geri götürdü və bu hadisədən sonra yoxa çıxdı. Əslində, onun etiraf dolu fikirlərindən sonra Xədicə Ismayıl azad edilməliydi. Amma “zərərçəkən”in “mən zərərçəkən deyiləm” söyləməsi hökumətin xoşuna gəlmədi. Nəticədə Tural Mustafayev qeybə çəkildi və bununla da Xədicənin həbsinin siyasi sifariş olduğu bir daha təsdiqləndi.
Hüquq müdafiəçisi Anar Məmmədlinin məhkəmə prosesində zərərçəkən kimi tanınan şəxslər buna etiraz etdi və əksinə olaraq mənfəət əldə etdiklərini bildirdilər. Hakimiyyət isə cidd-cəhdlə insanlara “sən zərərçəkənsən” söylətməyə girişdi. Nəticədə heç bir zərərçəkən olmadı və hakimiyyət bu məhkəmənin şou olduğunu özü ortaya qoydu.
Bugünlərdə hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəmə prosesi keçirildi. Yenə də hökumət məcburi zərərçəkənlər yaratmağa cəhd etdi. Amma bu dəfə də zərərçəkən kimi təqdim olunan adamlar bundan imtina etdilər. Nicat Imranov, Əhməd Heybətov və Anar Cəbiyev bu statusun onların üzərindən götürülməsini istəyirlər. Amma onlar öz iradələrinə zidd olaraq “zərərçəkən” olublar.
Hakimiyyət nə qədər çalışsa da, bu məhkəmə proseslərinə hüquqi don geyindirə bilmir.
AXCP Rəyasət Heyətinin üzvü, tanınmış jurnalist Seymur Həzinin məhkəmə prosesi komediya janrının ən mükəmməl nümunəsidir. Məhərrəm Həsənov adlı şəxs iddia edir ki, Seymur onun “facebook” da yazdığı mesaja cavab verməyib. Amma məlum olur ki, bu şəxsin, ümumiyyətlə, “facebook” haqda anlayışı yoxdur. Ümumiyyətlə, bu məhkəmədə həqiqəti tapmaq çox sadədir. Yalnız şəxslərin “facebook” səhifəsinə nəzər salmaq lazımdır. Amma məhkəmə israrla bundan imtina edir və bu biabırçı məsələyə görə Seymura 6 il həbs cəzası isətənilir.
Göründüyü kimi, hakimiyyətin fantaziyası o qədər tükənib ki, bütün siyasi xarakterli məhkəmələrdə özünüifşaya imza atır. Şahid, zərərçəkən qismində çıxış edən adamlar hər dəqiqə bu işin qurama olduğunu təsdiqləyirlər.
Allah ağıllarını o qədər alıb ki, zərərçəkən kimi, şahid qismində çıxış etmək üçün sərfəli adam da tapa bilmirlər. Indi vəkillərin əvəzinə “zərərçəkən”lər ittihamları rədd edirlər. Heç kim bu şər kampaniyasında yer tutmaq istəmir.
Hakimiyyət isə bu çılpaq həqiqətlərin qarşılığında “bizdə siyasi məhbus yoxdur” deyə biləcək qədər “istedad” nümayiş etdirə bilir.
Istənilən halda bu biabırçı məhkəmələr hakimiyyətin vicdanlı insanlara qarşı iyrənc mübarizəsinin açıq tamaşasıdır. Indi bu tamaşaya bilet almadan da, baxmaq olar. Çünki, bütün dünya bundan danışır. Həqiqətən də yalan ayaq tutsa da, çox məsafə qət edə bilmir.
Akif