Nemət Əliyev: «Bank faizlərinin endirilməməsi, yüksək saxlanılması hakimiyyətdəki yuxarı siyasi dairələrin maraqlarına uyğundur»
Samir Əliyev: «Araşdırmalarımıza görə, istehsal üçün kredit dərəcələri 10 faizi keçməli deyil»
Ilham Əliyevin ölkədəki duruma dair son bəyanatları bir neçə istiqamətdən maraq doğurur. Neftin qiymətinin ucuzlaşması manatın durumunu ağırlaşdırdığından bir neçə ay öncə fərqli bəyanatlar verən dövlət başçısı bir sıra etiraflarda bulundu. I.Əliyevin etiraflarından biri də bankların ayırdığı istehlak kreditləri ilə bağlı idi: “Mən bir dəfə bunu demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə deyil, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti. Yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir”.
Bu cür açıqlamadan sonra isə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov istehlak kreditlərinin faizinin aşağı salınmayacağını bəyan etdi. Halbuki bir müddət əvvəl hakimiyyət təmsilçiləri müxtəlif bəyanatlarında ölkədə bank faizlərinin çox yüksək olduğunu bəyan etmişdi. YAP-ın rəhbərliyinə daxil olan Siyavuş Novruzov hətta belə bir müqayisə aparmışdı ki, bank faizlərini vermək üçün gərək ya narkotik alveri ilə, ya da silah qaçaqmalçılığı ilə məşğul olmaq lazımdır. Parlamentdə oxşar açıqlama Cavid Qurbanovdan da gəlmişdi. O da bank faizlərinin boğucu olmasından danışmışdı.
Amma bu açıqlamalar keçmişdə qaldı və onlar nəzərə alınmadı. Əslində bank faizlərinin aşağı salınmamasının səbəbi bəllidir. Çünki ölkədəki 2.5 milyon nəfərin banklara 18 milyarda yaxın borcu var. Bu borcun böyük hissəsi isə məhz oliqarxiyanın kapitalıdır. Faizlərin aşağı salınması isə bu kapitalın gətirdiyi gəliri aşağı endirir. Başqa bir hesablamalara görə, əhalinin banklara olan borcları 18 milyard deyil, daha da artıqdır. Çünki hakimiyyət təmsilçilərinin bir qism kapitalı qeydiyyata salınmadan kredit formasında verilir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, ölkədə həqiqətən də bank faizləri çox yüksəkdir. N.Əliyevin sözlərinə görə, bank faizlərinə bu baxımdan “soyğunçuluq”, “talançılıq” kimi verilən adlar da əbəs deyil. Azərbaycandakı indiki şərtlər altında sahibkarlıqla məşğul olaraq, iri bank faizlərini qaytarmağın mümkünsüz olduğunu deyən N.Əliyev bildirdi ki, vətəndaşlar da götürülən kreditləri ya qaytara bilmirlər, ya da həmin bank faizlərinin qaytarılması ilə bağlı ciddi basqılar var: “Əhaliyə verilən kreditlər iyirmi dörd faizdən başlayıb otuz beş faizə qədər davam edir. Eyni zamanda əhalidən bank haqqı, bank xidmətləri də alınır. Bank faizlərinin endirilməməsi, yüksək saxlanılması hakimiyyətdəki yuxarı siyasi dairələrin maraqlarına uyğundur. Əgər onların istəyi fərqli olsaydı, siyasi iradə nümayiş etdirərək faiz dərəcələrini aşağı salardılar. Amma bu baş vermir”.
N.Əliyev vurğuladı ki, bank faizlərinin yüksək saxlanılması göstəriş ilə həyata keçirilən əməliyyatdır.
“Azərbaycanda verilən kreditlər istehsalı dəstəkləməyə qadir deyil”. Bunu iqtisadçı ekspert Samir Əliyev “ANS Press”ə açıqlamasında deyib. Onun sözlərinə görə, ölkə banklarının ən populyar məhsulu olan istehlak kreditləri üzrə illik dərəcələr 20 faizdən yüksəkdir: “Bəzən 36 faizə, bank olmayan təşkilatlarda isə 40 faizə qədər çatır. Digər kreditlər isə 16-17 faiz arasında dəyişir. Bu, istehsalı dəstəkləyə bilmiz. Bizim araşdırmalarımıza görə, istehsal üçün kredit dərəcələri 10 faizi keçməli deyil. 8-9 faiz ətrafında olması daha yaxşı olar”.
Samir Əliyevin fikrincə, Azərbaycanın əsas banklarının biznes kreditləri verməyə imkanı yoxdur. “Biznes kreditləşdirilməsi üçün çox böyük vəsaitlər lazımdır. Istehlak kreditləri üçün uzağı 5 min manat yetərlidirsə, biznes kreditləri üçün lazım olan vəsaitlər bir neçə yüz min manatdan bir neçə milyon manata qədər dəyişir. Bankların kütləvi şəkildə bu vəsaitləri verməyə imkanı yoxdur”.
Onun fikrincə, Azərbaycanın kommersiya bankları ucuz resurslar tapa bilmədiklərinə görə faiz dərəcəsi aşağı, müddəti uzun olan bu kreditləri verə bilmirlər: “Kommersiya banklarında kredit dərəcələrinin yüksək olmasının səbəbləri var. Əsas səbəb bankların cəlb etdiyi resursların dərəcəsinin yüksək olması ilə bağlıdır. Bankların əsas kredit mənbəyi fiziki şəxslərin depozitləri, yəni əhalinin əmanətləridir. Depozitlərin dərəcəsinin yüksək olması kredit dərəcələrini də yüksək edir”.
Qeyd edək ki, hazırda banklar əmanətləri əsasən 9 faizlə götürürlər, çünki Əmanətlərin Sığortalanması Fondu məhz bu cür depozitlərə zəmanət verir. Bəzi banklar isə daha çox vəsait cəlb etmək üçün müştəriləri aldadaraq 10-15 faizlə də depozit qəbul edir. Təbii ki, belə yüksək dərəcə ilə əmanət götürmüş bank 8-9 faizlə kredit verə bilməz.
Xəyal