Yaxud regionçuluğa və korrupsiyaya əsaslanan kadr siyasəti haqqında
Ötən həftə Bakının Hövsan kəndindəki 118 saylı orta məktəbdə baş verən hadisəyə məişət zəminində yanaşılmamalıdır. Bu hadisə Quba və Ismayıllı qiyamlarının oxşarıdır; hakimiyyətin regionçuluğa, korrupsiyaya əsaslanan kadr siyasətinin davamlı fəsadlarıdır…
Quba və Ismayıllı hadisələri də məmur və məmur balalarının yerli əhaliyə həqarət etməsi səbəbindən baş vermişdi. Buna zəmin yaradan isə ölkə rəhbərliyinin özüdür, dediyimiz kimi, qeyri-sağlam kadr siyasətidir.
Gəlin, bir daha xatırlayaq: Quba və Ismayıllı hadisələrində yerli sakinləri qəzəbləndirən və onları qiyama qaldıran nə olmuşdu? Həmin rayonların icra başçılarının (hadisələrdən sonra vəzifədən çıxarıldılar) yerli sakinlərə yad və aşağılayıcı münasibəti! Bəs, onlar vəzifəyə regionçuluq-klançılıq yoluyla gətirilməmişdimi?
O zaman Qubanın icra başçısı olan Rauf Həbibov nəqliyyat naziri Ziya Məmmədovun yaxını, Ismayıllının icra başçısı olan Nizami Ələkbərov isə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun (o da məlum hadisə nəticəsində vəzifəsini itirdi) qardaşı idi.
R.Həbibov qubalılar barədə belə demişdi: “Qubanı qubalılar satıblar, biləsəniz. Qubanı qubalılar 30-40 manat bazarlığa satıblar. Qubalılar tərəfindən, nankor qubalılar tərəfindən satılıb. Baxın, görün, qubalılar həm öz xalqını satıb, həm öz dövlətini satıb, həm öz torpağını satıb, həm öz ailəsini satıb…”
Bunu deyən adam sanki Qubanın və qubalıların qeyrətini çəkirmiş?! Gərək, nə qədər yerini və sözünü bilməyəsən ki, bu cür başından yekə danışasan… Qiyama qalxan yerli əhali onu təhqir edən şəxsə rayondakı villasını yandırmaqla cavab verdi!
N.Ələkbərova qarşı ismayıllıları ayağa qaldırmağa isə onun qardaşı oğlunun azğın hərəkətləri səbəb olmuşdu. “Hammer” markalı maşınla yerli sakinin maşınını vurub qəza törədən məmur balası üzr istəmək əvəzinə, hadisə yerinə toplaşan ismayıllıların ünvanına təhqiramiz ifadələr işlətmişdi. Onun da cavabı maşınının və rayondakı hotelinin yandırılması ilə verildi…
Beləliklə, hər iki hadisə yerli sakinlərin heysiyyətinə toxunulduğu üçün baş verib. Bu hadisələrə səbəb olan şəxslər yerli deyil, gəlmə olublar… Və yerli sakinlərə münasibətdə yadelli kimi davranıb, özlərini söz və ixtiyar sahibi hesab ediblər. Sizcə, həmin rayonların rəhbərləri yerli kadr olsaydılar, bu cür nalayiq davranmağa cəsarət edərdilərmi?!
Əlbəttə, yerlərdə kadrların yalnız yerli əhali arasından seçilərək vəzifələrə təyin olunacağı halda bütün problemlərin həll ediləcəyini iddia etmirik. Kimliyinə baxmayaraq, vicdanlı və şüurlu kadr hər yerdə və hər işdə məsuliyyətini anlayır! Bununla belə, yerlərdə kadr təyinatında yerli tələblər mütləq nəzərə alınmalıdır.
Indi isə qayıdaq Hövsan kəndinə. 118 saylı orta məktəbin direktoru Qardaşxan Səlimov da çox güman ki, yerli şəxs deyil. Olsaydı, şagirdlərin dərsə gəlməyən müəllimin başqası ilə əvəz edilməsi xahişinə: “Atanız evdə olmayanda, yerinə əvəzedici qoyub gedir?”,- deyə verdiyi cavabın ağırlığını, məsuliyyətini düşünərdi!
Nəticədə, o da yerli sakinlərin qəzəbinə gəldi; “Lexus” markalı avtomobilinin şüşələri sındırıldı, vəzifədən kənarlaşdırıldı, barəsində hüquq mühafizə orqanlarında araşdırmalar başlandı. Lakin onun bayağı bir cümləsi ucbatından bütöv bir kəndin itkisi daha ağır oldu…
Məktəb direktoru (!) vəzifəsini daşıyan bu adam təkcə Hövsan camaatını yox, ümumiyyətlə, Azərbaycan ailəsini təhqir edib! Düşüncəsi olsaydı, öz təhqirindən özünə də pay düşdüyünün fərqində olardı… Bu gün təhsil sektorunda rəhbər şəxs bu səviyyədədirsə, onda başqalarından nə gözləyəsən?
Yeri gəlmişkən, məktəblərdə vəziyyət doğrudan da dözülməzdir! Əgər, məktəb direktoru əxlaq və mədəniyyət anlayışından uzaqdırsa, onda pedaqoji kollektivin inkişaf səviyyəsi necə olacaq? Hələ paytaxt Bakının məktəblərində təlim-tərbiyə mühiti aşınıbsa, bəs, kənd məktəbləri nə gündədir?
Məsələn, şəhər məktəbi var ki, direktor məktəbdə repetitorluq edən müəllimə “sənin hörmətin, mənim cibimdir” deyib, ondan hər şagird üçün aylıq haqq tələb edir… Yaxud, şəhər məktəbində sinif rəhbəri var ki, intizamsız uşaqların valideynlərinə uşaqların yanındaca belə “məsləhət” görür: “Evdə çırpın, deyin ki, ay heyvan, məktəbdə özünü yaxşı apar”… Ya da ədəbiyyat müəllimi var ki, şagirdlərin ədəbiyyat nümunələrindən az da olsa xəbərdar olması üçün valideynlərə deyir ki, “uşaqdan tələb edin, heç olmasa, oxuyub öyrənsinlər ki, Koroğlunun arvadı kimdir”… Sonra da deyirik, cəmiyyətimiz niyə qaba, dilimiz niyə lorudur?!
***
Hövsan hadisəsi daha bir ağrılı məsələyə diqqəti yenidən yönəltdi; sakinlərin etiraz aksiyasının iştirakçısı olan və hadisə yerində qıcolmadan vəfat edən gənclə əlaqədar… Demə, 21 yaşlı bu şəxs epilepsiya xəstəsi imiş və əsgərlikdən yenicə qayıdıbmış?! Belə ağır xəstə hərbi xidmətə necə çağırılıb? Bu doğrudursa, deməli, həmin gəncin ölümündə məktəb direktoru ilə yanaşı, onu orduya göndərən həkimlər və hərbçi məmurlar da məsuliyyət daşıyırlar…
Yenə də kadr siyasəti?!
Şövkət Məmməd