Seymur Həzini 5 il müddətinə azadlıqdan məhrum etdilər. Cinayət işinin qurama olduğu, sifarişlə hazırlandığı heç bir şübhə doğurmur. Seymur bəy özü də, dostları da, AXCP rəhbərliyi də hətta həbsdən bir neçə gün öncədən bilirdilər ki, o, həbs olunacaq. Seymur bəy vəkili ilə də həbsdən əvvəl danışıbmış. Bu gün məhkəmədəki son sözündə də açıq şəkildə bildirdi ki, onu “Azərbaycan saatı”ndakı, çıxışlarına, “Azadlıq” qəzetindəki yazılarına, siyasi fəaliyyətinə görə şəxsən İlham Əliyevin tapşırığı ilə həbs ediblər. Seymur bəy məhkəmədə son sözünü deyən zaman hakimə və prokurora da çox acı anlar yaşatdı. Özünü müdafiə etmədi, məhkəmədən ədalət istəmədi, korrupsioner, kriminal rejimə ittiham oxudu.
Biz əqidə dostları Seymur bəyi tanıdığımızdan bugünkü çıxışından da təəccüblənmədik. Sadəcə olaraq, onunla növbəti dəfə fəxr etdik. Fəxr etdik ki, millətimizin belə savadlı, cəsur, mübariz oğlu var. Əminəm ki, dostlarımız hakimlərin təyin etdiyi qədər uzun bir müddətdə həbsdə qalmayacaqlar. Allahın köməyi ilə Seymur bəyin və bütün vicdan məhbuslarının azadlığa çıxmasına nail olacağıq.
Seymur bəyin mərd valideynlərinə ayrıca minnətdar olmaq lazımdır. Etiraf etmək lazımdır ki, cinayət törətməmiş övadı haqqında 5 il müddətinə həbs olunmaq hökmünü eşitmək heç bir valideyn üçün asan deyil. Amma bu mərd, məğrur ata-ana bugünkü amansız hökmü soyuqqanlı tərzdə, mətanətlə qarşıladılar. Hakim kökmü elan edəndə mənim fikrim onlarda idi. Mən onların üzündə peşmançılıq, acizlik, sınıqlıq hiss etmədim. Əksinə, bunu görməmək mümkün deyildi ki, bu məğrur insanlar övladları ilə fəxr edirlər. Və onlar haqlıdırlar. Həm də şanslıdırlar ki, məhz Seymur bəy kimi savadlı, yetkin, iradəli, mənəviyyatlı bir oğul böyüdüblər.