Hökumət niyə kredit faizlərini aşağı salmaq istəmir?
Bir müddət əvvəl YAP-çı deputat Siyavuş Novruzov kreditlərinin yaratdığı problemlərdən danışarkən bankları ittiham etmişdi. “Camaat borca düşür, mənzilləri əlindən alınır. Əhali bu pulu ödəmək üçün ya oğruluqla, ya da narkotika alveri ilə məşğul olmalıdır.
Ipoteka krediti ilə bağlı da problemlər mövcuddur”,- deyə Siyavuş Novruzov vurğulamışdı. Daha sonra digər YAP-çı deputat Cavid Qurbanov bu məsələni gündəmə gətirmişdi. O, Milli Məclisin iqtisadi-siyasi komitəsinin iclasında Vergilər Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı demişdi ki, Azərbaycanda fəaliyyət göstərən banklar sadəcə soyğunçuluqla məşğuldurlar: “Banklar əhalinin başına olmazın oyununu açırlar. Məcəlləyə dəyişikliyə gəldikdə deyə bilərəm ki, bu, prezident tərəfindən təqdim olunub və ölkə başçısı hər zaman xalqın, xüsusən də sadə vətəndaşların qeydinə qalıb və bu siyasəti yürüdüb. Sadəcə onun tapşırıqları bəzən məmurlar tərəfindən düzgün olmayan tərəfə yönəldilir”.
Bu günlərdə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Azərbaycan Televiziyasının “Günün nəbzi” verilişinə müsahibəsində bu məsələdən danışıb. Elman Rüstəmovun fikirlərindən belə aydın olub ki, faizlər aşağı salınmayacaq. “Istehlak krediti adətən heç bir məqsəd göstərilmədən verilən kreditlərdir. Bizdə olan məlumatlara görə, bu cür kreditlər yüksək faizlə verilir. Çünki müştərilərdən heç bir təminat tələb olunmur. Burada heç bir bürokratiya, sənədlər, gəlir mənbələri və s. göstərilmir. Bank üçün risk böyükdür. Beynəlxalq təcrübədə də belə kreditlər – zənglə verilən kreditlər, sms-lə və ya kredit kartlarına verilən kreditlərin faizləri yüksəkdir.
Biz bu problemi bilirik. Banklarla aktiv dialoqdayıq. Bütövlükdə kredit faizlərinə nəzər salsaq, bankların portfelinin 75 faizini çoxunu təşkil edən biznes kreditlərinin faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağıdır – 10-12 faiz Son illər faizlərin aşağı düşdüyünü müşahidə edirik”,- deyə Elman Rüstəmov bildirib.
Göründüyü kimi hətta YAP-çı deputatlar da bankların soyğunçuluqla məşğul olduğunu bəyan etsələr də, hökumət bu məsələnin üstündən keçir. Səbəb isə bankların hakimiyyətdəki məmur oliqarxlara məxsus olması ilə bağlıdır.