Ekspertə görə, neftin qiyməti indiki səviyyədə qalsa, gələn il Azərbaycanın ÜDM-i hətta bir faiz ola bilər
Azərbaycan hakimiyyətinin ölkənin dayanıqlı iqtisadiyyata sahib olduğu ilə bağlı verilən bəyanatları puç olmaqdadır. Beynəlxalq təşkilatların elan etdikləri iqtisadi rəqəmlər hökumətin mövqeyi ilə tam ziddiyyət təşkil edir.
Avropa Yenidənqurma və Inkişaf Bankı Azərbaycanda ÜDM artımı proqnozunu 3,0%-dən 1,5%-ə endirib. Bank məlumat verib ki, Azərbaycan karbohidrogenlərin qiymətindən asılı olduğu üçün qiymət düşməsindən ziyan çəkir.
Amma AYIB ölkənin xarici şoklara davamlılığına və qeyri-neft sektorunun artımının davam edəcəyinə əmindir.
Azərbaycan hökuməti 2015-ci ildə 4,4% ÜDM artımı proqnozlaşdırır. Iqtisadi və Sosial Inkişaf Mərkəzi isə bu göstəricinin 1,0% olacağını bildirir.
Iqtisadçı Samir Əliyevin fikrincə, hökumətin elan etdiyi rəqəmlər reallıqdan uzaqdır. Bu il 7 faiz qeyri-neft sektorunun inkişaf etdiyini deyən S.Əliyev vurğuladı ki, neft sektorunda isə 3 faiz azalma müşahidə olundu. Nəticədə ümumilikdə üç faiz artımın olduğu elan edildi: “Amma nəzərə almaq lazımdır ki, qeyri-neft sektoru da neft sektoruna bağlı sahədir. Tikintiyə vəsait büdcədən daxil olur. Bu da neftin puludur. Neft pulu olmadığı halda investisiya xərcləri də azalacaq”.
S.Əliyevin sözlərinə görə, Azərbaycanın qeyri-neft sektoru da neft sektorundan asılı olduğundan neft sektorunun azalması bütün sahələrə sirayət edir. “Neftin qiyməti indiki səviyyədə qalarsa, gələn il Azərbaycanın ÜDM-də iqtisadi artım hətta bir faiz ola bilər. ÜDM-də 2-3 faiz azalma müşahidə oluna bilər”, deyə S.Əliyev vurğuladı.
Xəyal