Hakimiyyət xarici siyasətdə «tıxac»a düşüb
Azərbaycan hakimiyyətinin əcaib xarici siyasət kursu “uğur”la davam edir. Son dövrlər hakimiyyət Qərblə münasibətləri tamamən korlayıb və demokratik dünyaya qarşı savaş açıb. Avropa Parlamentinin məlum qətnaməsi, Britaniya parlamentinin öhdəliklərə əməl edilməsi ilə bağlı tələbi, ABŞ-da Azərbaycanla bağlı dinləmələrin keçirilməsi və sanksiya məsələsinin gündəmə gəlməsi və s. məqamlar hakimiyyətin “təzyiq”ini bir az da qaldırdı. Ona görə də bəzi Avropa ölkələri ilə fərdi əməkdaşlıq edib, Qərblə münasibətlərin tamamən məhv edilmədiyi görüntüsünü yaratmaq istəyirlər.
Son Almaniya səfəri də bu təbliğata hesablanmışdı. Amma Almaniya kansleri Angela Merkel açıq şəkildə ifadə etdi ki, Ilham Əliyevlə fikir ayrılıqları var. Eyni zamanda Azərbaycanın Rusiya seçiminin Qarabağ münaqişəsinin həllinə zərbə vurduğunu da diplomatik dillə ifadə etdi. Yəni bütün cəhdlərə baxmyaraq, hakimiyyət istədiyi nəticəyə nail ola bilmir və yeni müttəfiqlər axtarışına çıxıb.
Bugünlərdə isə millət vəkilləri Səməd Seyidov və Asim Mollazadə ABŞ-a səfər edəcək. Onlar Vaşinqtonda keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Xatırlayırsınızsa, bu heyət əvvəllər də belə səfərlər üçün ezam olunmuşdular və ABŞ-da bildirmişdilər ki, Rusiya və Iran Azərbaycanı “sendviç” kimi əzir. Indi isə hökumətimiz Qərblə küsdüyünə görə Iran və Rusiya ilə daha da sıx münasibətdədir. Yəni bu dəfə “sendviç priyomu” keçməyəcək. Görəsən, məhşur cütlük bu dəfə ABŞ-a hansı “arqument”lə gedir və bu ölkəyə qarşı “qara kampaniya”nı nə ilə izah edəcəklər?
Əsas maraqlı məqam budur ki, PA rəsmisi Əli Həsənov bildirib ki, yəhudi lobbisi Vaşinqtonda Azərbaycana kömək edəcək. Belə ki, Amerika paytaxtında fəaliyyət göstərən yəhudi qrupları və Israil liderləri amerikalı həmkarları ilə Azərbaycana dair çoxlu diskussiyalar aparırlar.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti indi də bütün ümidini Israilə bağlayıb və Qərb dünyasına açdığı savaşı Israil vasitəsilə sabitləşdirmək istəyir.
Amma bir məqam ondan ibarətdir ki, bugünlərdə Avropa Parlamentinin 63 üzvü Avropa Birliyi xarici siyasət rəhbəri Federika Mogheriniyə məktub ünvanlayıb və Israillə əməkdaşlıq razılşmasının təxirə salınmasını tələb ediblər. Məktubda Israilin Qəzzaya hücumlar zamanı dinc insanları hədəf aldığı, digər müharibə cinayətlərinə yol verdiyi bildirilir və bunların qəbuledilməz olduğu vurğulanır.
Yəni indiki mərhələdə Israilini özünün beynəlxalq müstəvidə problemləri var və bu ölkənin yeritdiyi siyasətə qarşı kütləvi etiraz dalğası formalaşıb.
Belə bir reallıqda Israil lobbisi hakimiyyəti necə xilas edə bilər?
Əli Həsənovun fikirləri əslində onu göstərir ki, Azərbaycan iqtidarı üçün xarici siyasətdə heç bir strateji seçim meyarı yoxdur. Ona görə də yalnız hakimiyyət maraqlarına toxunmamaq müqabilində heç bir prinsip və dövlət marağını nəzərə almdan hamı ilə yaxşı münasibət qurmağa çalışırlar. Ancaq hamı ilə yaxşı olmaq siyasəti o zamana qədər keçərli olur ki, tərəflər arsında ziddiyyət yaranır. Bu zaman da Azərbaycan iqtidarı dövlət maraqlarını qurban vermək hesabına da olsa o tərəfi seçir. Ukrayna məsləsinə görə Rusiya ilə Qərb arsında ziddiyyət yaranan kimi, Azərbaycanın hamı ilə yaxşı olmaq siyasəti iflasa uğradı və bu gün hakimiyyət maraqlarını əsas tutaraq dövlət maraqlarımızı qurban vermək hesabına Rusiya ilə birgə olmaq xətti seçilib.
Israil məsələsinə gəldikdə isə, mediada bu barədə məlumatın getməsi təbii ki, Iran tərəfindən xoş qarşılanmaycaq. Çünki Iran Israili özü üçün başlıca təhdid sayır və Azərbaycanın da Israillə strateji müttəfiqlik istəyi təbii ki, Iranı narahat edəcək. Bununla bağlı dəfələrlə Iran Azərbaycan tərəfinə öz narazılıqlarını çatdırıb. Ancaq məsələ ondadır ki, bu həm də qeyri-ciddi bir hal deməkdir. Iqtidar rəsmiləri həm də Iranla görüşəndə onlarla strateji müttəfiq olduqlarını deyirlər. Demək, bu yanaşmaların ikisinin eyni vaxtda mövcud olması da mümkün deyil və ölkəmizi dövlət kimi hörmətdən salır. Bu cür yanaşma o deməkdir ki, ölkəmiz hər iki tərfdən zərbə altına qoyulur. Bu yaxınlarda Israil qzetlərində Azərbycan iqtidarının kəskin tənqid olunması da onu göstərdi ki, heç kim bu iqtidara sabit, etibarlı partnyor kimi baxmır. Eləcə də Iran da vaxtaşırı olaraq Azərbaycana qarşı mövqelər sərgiləyir. Belə çıxır ki, məişət məntiqi və simasızlığı ilə xarici siyasət həyat keçirilir və nəticədə beynəlxalq səviyədə heç bir real dayaqlar əldə edə bilməmişik.
Ümumi mənzərə onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyətinin üz tutduğu bütün ünvanlar, siyasi qəza vəziyyətini tənzimləməyə kömək etməyəcək.
Akif