“Həsən Həsənovun keçmişdən miras qalmış düşüncə tərzi və idarəetmə üslubu diplomatik münasibətlərdə lüzumsuz gərginlik yaradırdı”
Hafiz Paşayev 2006-cı ildən Azərbaycanın Xarici Işlər nazirinin müavinidir. O, eyni zamanda, nazirliyin Diplomatik Akademiyasının rektorudur.
Hakim ailənin nümayəndəsi – Mehriban Əliyevanın əmisi olan Hafiz Paşayev 1993-2006-cı illərdə Azərbaycanın ABŞ-dakı (eyni zamanda, Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri olub.
Indi isə Həsən Həsənov barədə. Bu şəxsi Azərbaycanda siyasətlə maraqlananların böyük əksəriyyəti tanıyır.
Zəngin partokrat karyerası olan Həsənov müstəqillik dönəmində baş nazir, BMT, YUNESKO, IKT-nin illik toplantılarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, 1992-1998-ci illərdə xarici işlər naziri vəzifəsində çalışıb. O, 2004-cü ildən 2010-cu ilin martınadək Azərbaycanın Macarıstanda, həmin tarixdən isə Polşadakı fövqəladə və səlahiyyətli səfiridir.
Indi isə bu iki şəxsin təqdimatının səbəbini izah edəcəyik. Məsələ burasındadır ki, xarici işlər nazirinin müavini Hafiz Paşayev səfir Həsənovu çox pis xarakterizə edir. Özünə hörmət edən heç bir dövlət onun rəyi ilə tanış olandan sonra Həsənovun səfir kimi çalışmasına razı olmaz. Əliyev hakimiyyəti özündən əvvəlkiləri yarıtmaz idarəetmə və kadr siyasətində tənqid edərkən yaxşı olar ki, Həsən Həsənovun hələ də əziz-təbərrik tutulmasına bir izah versin. Sizə indi təqdim edəcəyimiz material Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabından götürülüb. Bu kitabı oxuyandan sonra iki qənaət formalaşır: ya Azərbaycan hakimiyyəti üçün diplomatik korpusda işləyən insanların şəxsi keyfiyyətləri, peşəkarlığı heç bir əhəmiyyət daşımır, ya da Həsən Həsənov qiymətli kadrdır, sadəcə, nazir müavini Paşayev ona qarşı şəxsi-qərəz nümayiş etdirərək səfirin reputasiyasını məqsədyönlü şəkildə ləkələyir.
Paşayev öncə Həsən Həsənovun BMT-dəki yarıtmaz fəaliyyətindən yazır: “Həsənov BMT-də də keçmiş iş üslubunu davam etdirir. Özünün hakim mövqedən çıxış etdiyinə əmin olan Həsənov nəinki öz həmkarlarının, hətta xarici ölkə səfirlərinin və BMT əməkdaşlarının üstünə qışqırmaqdan usanmır və əsla bu xasiyyətindən əl çəkmirdi. Öz fikirlərini başqasına qəbul etdirmək üçün Həsənov daim həmsöhbətlərilə yüksəkdən danışar, onlara əmr etməkdən çəkinməzdi. Bu cür iş üslubundan narahatlıq keçirən BMT Baş katibinin müavini rusiyalı Petrovski Azərbaycan xarici işlər naziri ilə görüşündə öz etirazını bildirir”.
Paşayev səfir kimi nazir Həsənovun tabeçiliyində işlərkən gördükləri dəhşətləri də qeyd edir: “…O, idarəçilik, iqtisadiyyat və təsərrüfat işini gözəl bilirdi. Hesab edirəm ki, bu sahədə hər hansı vəzifəyə təyin olunsaydı, xidmətləri daha səmərəli olardı. Həsənovu bu qurumda yadlaşdıran isə onun özünəməxsus mentaliteti və davranışı, keçmişdən miras qalmış qaydaları idi. Həsənovun keçmişdən miras qalmış düşüncə tərzi və idarəetmə üslubu yeni reallıqlarla ziddiyyət təşkil edir, nəinki idarə daxilində, eyni zamanda diplomatik münasibətlərdə də lüzumsuz gərginlik yaradırdı.
…Idarəetmədə hökmranlıq mövqeyindən çıxış etməyi üstün tuturdu. Özünü tərəf müqabilindən bir pillə yuxarı tutmaq Həsənovun səcdə etdiyi prinsiplərdən biri idi. Tabeliyində olan şəxsdən tam itaətkarlıq tələb edərdi. Elə məhz bu xüsusiyyətinə görə də mənimlə münasibətlərində gərginlik yarandı. Işi hər an gərginləşdirmək imkanını əldən verməzdi. Tez-tez Vaşinqtona Bakı vaxtı ilə saat 12-də zəng edərdi. Uzun müddət Nyu-Yorkda yaşamış nazir yaxşı bilirdi ki, gecə 3.00-da Vaşinqtonda telefon dəstəyini qaldıran şəxs iş masası arxasında deyil, çarpayıda şirin yuxudadır. Buna baxmayaraq, nazir əmri əmr dalınca verər, hər hansı məsələ barəsində dərhal tədbir görməyi hökmlə tələb edərdi. Əlbəttə, Amerikada hökumət idarələrinin gecə saat 3.00-də bağlı olduğu faktı naziri qane etməzdi…”
Natiq Güləhmədoğlu