Mərkəzi Bankın bu həddə valyutanı dövriyyəyə buraxması şəraitində maxinasiya mümkündür
Ötən ilin dekabrında Mərkəzi Bankın strateji valyuta ehtiyatları 13 milyard 758 milyon 300 min manat olub. Mərkəzi Bank milli valyutanın qorunması üçün 2014-cü ilin 11 ayı ərzində 1 milyard 270 milyon dollar xərcləyib. Yanvarda bu xərclər 1,5 milyard dollara yaxınlaşıb.
Bu da Milli Bankın valyuta ehtiyatlarının kəskin azalmasına səbəb olub. 2014-cü ildə Milli Bankın valyuta ehtiyatları 17 milyard dollar idisə, indi 13 milyard dollardır. Mərkəzi Bank manatın mövqeyini qorumaq üçün külli miqdarda vəsait xərcləyir. Bu vəsaitin böyüklüyü ona ictimai nəzarəti vacib hesab edir. Həmçinin, rəqəm kifayət qədər iri olduğu üçün onda korrupsiya ehtimalının nə qədər olması da ağlagələn sualdır.
İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, dövlət orqanlarında çalışanlara nəzarətin həyata keçirilməməsi ümumi bir qaydaya çevrilib. Ekspert Mərkəzi Bankın bu həddə valyutanı dövriyyəyə buraxması şəraitində bir qayda olaraq maxinasiyaları mümkün sayır: “Bunun necə reallaşdırıldığını bilmək bir qədər çətindir. Gərək təftiş edilsin ki, belə məsələlər üzə çıxarılsın. Dövlət maliyyə nəzarətini həyata keçirən qurumlar bunu aşkara çıxara bilər. 2014-cü ilin son iki ayı ərzində 1,3 milyard vəsait xərclənib. Bu isə çox böyük itkidir. Hökumət qeyri-neft sektorunu inkişaf etdirməyib. Iqtisadiyyatın neft sektorundan asılılığı bariz şəkildə üzə çıxıb. Qeyri-neft sektoru inkişaf etmədiyi üçün bir az silkələnmə olanda problemlər qabarıq üzə çıxır. Xarici ticarət səviyyəsinin azalması, başqa dövlətlərin valyuta məzənnəsində baş verənlər bizdə pul-kredit sisteminə bu cür mənfi təsir göstərib. Hər bir halda, xaricdə baş verənlərin Azərbaycan valyuta ehtiyatlarına təsiri böyük olacaq”.
Nigar