Kredit borcunu ödəyə bilməyənlər ixtisarlardan sonra da məhkəmə qərarlarının qurbanına çevriləcək
Hər gün ölkədə ixtisarlarla bağlı xəbərlər yayılır. Məlum olur ki, müxtəlif bəhanələrlə adamlar işdən uzaqlaşdırılır. Təbii ki, bu, son dövrlər neftin qiymətinin düşməsi ilə birbaşa əlaqəlidi və bu prosesin vətəndaşlara vurduğu zərbənin ilk simptomlarıdır. Ölkə başçısı Ilham Əliyev sonuncu müşavirədə də etiraf etdi ki, ölkəni ağır sınaqlar gözləyir və yalnız prioritet layihələrə maliyyə ayrılacaq. Hakimiyyət nə qədər “neftin ucuzlaşması bizə təsir göstərməyəcək” desə də, real faktları danmaq mümkünsüz olur və nəticədə etiraf etməyə məcbur qalırlar.
Amma baş verənlərin daha acınacaqlı tərəfi var. Belə ki, istənilən layihənin dayandırılması insanların işsiz qalması deməkdir. Hələ neftin qiymətinin 100 dollardan yuxarı olduğu vaxtlarda da təsdiq edilmişdi ki, əhalinin banklara 10 milyardlarla borcu var, 2.2 milyon insan kredit borcu ödəyir. O da sübuta yetirilmişdi ki, məhkəmə proseslərinin böyük əksəriyyəti bank-müştəri çəkişmələri ilə bağlıdır. Nəticədə yüzlərlə insan borcu ödəyə bilmədiyi üçün məhkəmə qərarı ilə həbs olunur. Yəni hələ ixtisarların başlamadığı, neftdən milyardlarla vəsait gəldiyi dövrdə belə bir acı təcrübə var idi. Indi bu prosesin daha da sürətlənəcəyi gözlənilir. Belə ki, bankdan kredit götürən adamlar bir qayda olaraq müəyyən sahələrdə işləyən və maaşı ola adamlardı. Amma işləməsinə və maaş almasına baxmayaraq, bu adamlar kredit borclarını vaxtında qaytara bilmirdilər. Indi işsiz və maaşsız qaldıqları təqdirdə kredit borcları necə ödəniləcək? Bu adamlar özlərindən asılı olmayan səbəbdən işsiz qalırlar. Yəni hansısa qüsura, səhlənkarlığa gör deyil, kütləvi ixtisarlar səbəbindən işsiz qalırlar. Deməli, qarşıdakı mərhələdə işsizliyin kəskin artması, həm də vətəndaşların kəskin borcla yüklənməsinə səbəb olacaq. Nəticədə, banklar müştəriləri məhkəməyə verəcək və borcu ödəyə bilməyən adamlar həbs ediləcək. Belə çıxır ki, neftin qiymətinin düşməsinə görə vətəndaşlar həbsxana həyatı yaşamalı olacaqlar.
Deməli, neftdən gələn milyardlardan heç bir fayda görməyən vətəndaş, neftin qiymətdən düşməsinin ağırlığını öz çiynində daşıyacaq. Görünür, inkişaf analoqsuz olanda, ölkə paradokslarla zəngin olur.
Amma bir reallıq da var ki, Azərbaycanda bankların əksəriyyəti məmurlara məxsusdur və bu banklar ən yuxarı fazilə vətəndaşlara kredit verir. Eyni zamanda bu ölkənin bütün sərvətləri də həmin məmurlar arasında bölünüb. Ona görə də banklar faizləri azaltmalı, vətəndaşlara möhlət verməlidir.
Göründüyü kimi, bütün baş verənlərdə yalnız vətəndaş zərbə alır. Hakimiyyət heç bir halda öz maraqlarından imtina etmir.
Azad