Nəqliyyat qoçularının qanunsuz əməli daha bir faciəyə səbəb oldu
Bakıda özünü yandıran taksi sürücüsü Arzuman Hümbətovun vəziyyəti ağır olaraq qalır.
***
Bakıda taksi sürücüsü üzərinə benzin tökərək özünü yandırıb. Hadisə 20 Yanvar dairəsində baş verib.
Şahidlərin dediyinə görə, Bakı-Sumqayıt marşrutu ilə sərnişin daşıyan Ford markalı avtomobilin sürücüsü ilə Nəqliyyat Departamentinin əməkdaşları arasında hansısa səbəbdən mübahisə yaranıb. Nəticədə sürücü əsəbiləşərək üzərinə benzin töküb və özünə od vurub. Yaxınlıqdakı şəxslər alovu söndürərək sürücünü yanmağa qoymayıblar. Sürücü xəstəxanaya aparılıb. Hadisə yerinə isə çoxlu sayda polis gəlib.
Yasamal polisi özünü yandıran sürücünün kimliyini açıqlayıb. O, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətovdur.
Hümbətov yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.
Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, A.Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda vəziyyəti ağırdır.
Hadisəyə Nəqliyyat Nazirliyindən reaksiya verilib. Nazirliyin Katibliyinin rəisi Namiq Həsənov APA-ya deyib ki, özünü yandıran şəxs taksi sürücüsü deyil, qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür: "Özünü yandıran şəxs taksi sürücüsü deyil, Bakı-Sumqayıt istiqamətində qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan "Ford" markalı avtobusun sürücüsüdür. İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib. Həmin sürücüyə qanunsuz fəaliyyətlə məşğul olduğu bildirilib. Lakin təəssüflər olsun ki, belə bir insident baş verib. Bizdə olan məlumata görə, sözügedən sürücü hər zaman özü ilə benzin gəzdirir, səbirsiz insandır… Hazırda polis məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılır".