“Tarixi müzakirələrdə dəlili qurtaranda məsələyə siyasi don geyindirmək Sovet dövrünün ənənəsi idi”
Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli bir neçə gün öncə öz “facebook” səhifəsində tarix dərsliyindəki saxtakarlığa münasibət bildirmişdi və “Talış xanlığı”ının adının dərslikdə çəkilməməsini yanlış qiymətləndirmişdi.
Bu münasibətdən sonra yazı ətrafında geniş müzakirə açıldı və mətbuatın gündəminə çevrildi.
Onu da qeyd edək ki, Cəmil Həsənli bəzi ittihamlara da faktlarla cavab verdi və tarixdə “Talış xanlığı”nın olduğunu mənbələrlə sübut etdi.
Dərsliyin müəlliflərindən biri olan Yaqub Mahmudov isə ittihamlara belə cavab verib: “Cəmil Həsənli ara qarışdırır və məqsədli şəkildə talış-türk məsələsini qaldırır. 5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyində cəmi 3 xanlıq barədə məlumat verilib. Onlar Gəncə, Qarabağ və İrəvan xanlıqlarıdır. Lənkəran və digər xanlıqlar barədə paraqraflar yoxdur və onlar növbəti dərsliklərdə tədris olunacaq. Belə olan halda Cəmil Həsənlinin yalnız Lənkəran xanlığı məsələsini qaldırması təəccüblü görünür. Necə olur ki, Cəmil Həsənli həmin dərslikdə Quba, Bakı, Təbriz xanlıqları barədə məlumatların olmamasını deyil, Lənkəran xanlığı məsələsini qaldırıb? Özü də həmin xanlığın adını “Talış” qoyub”.
Cəmil Həsənli “Azadlıq”a açıqlamasında bildirdi ki, Yaqub Mahmudovun açıqlaması doğru deyil. Müəəlifi olduğu 5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyində 3 yox 4 xanlq barədə ayrıca paraqraf vardır. Şəki, Qarabağ, Gəncə və İrəvan xanlıqları. Bunlar çox yaxşı və burada qeyri-adi heç bir şey yoxdur. Məlumata gəldikdə isə dərslikdə Quba, Bakı, Naxçıvan, Təbriz, Urmiyə xanlıqlarının, hətta Ordubad mahalının belə adı çəkilir. Dərsliyin ən ziyanlı məqamı Azərbaycanın parçalanması haqqında şagirdə düzgün istiqamət verilməməsidir. Orada belə bir ifadə iki dəfə təkrar olunur ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra “Azərbaycanın Araz çayından şimaldakı bütün torpaqları Rusiya tərəfindən işğal olundu”. Məlum olduğu kimi kiçik istisnalarla Azərbaycan dövləti bu müqavilələrlə Rusiya tərəfindən işğal olunmuş xanlıqların hüdudlarında yaranmışdır. Bu hüdudlara Talış xanlığının əraziləri də daxildir, əgər Yaqub Mahmudov Araz çayından yuxarıda olan torpaqların Rusiyaya keçdiyini bildirirsə, həmin müqavilələr əsasında Rusiyaya keçmiş və Araz və onun qovuşduğu Kür çayından cənubda yerləşən Talış xanlığının əraziləri harada qalır. Belə bir ifadə bu günkü vətənimizin hüdudları haqqında məktəblilərə yanlış istiqamət verir. Dediyimiz də odur ki, bu səhvi düzəltmək lazımdır. Digər tərəfdən Yaqub Mahmudov iddia edir ki, “Talış xanlığı” yox, “Lənkəran xanlığı” olub. Belə çıxır ki, Yaqub Mahmudov indi də Abbasqulu ağa Bakıxanovu təftiş etməyə başlayıb. Tarixşünaslığımızın məhək daşı Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəridir. O, əsərdə bütün Azərbaycan xanlıqlarının adı olduğu kimi verilmişdir, o cümlədən Talış xanlığının da. Hadisələrin içində yaşayan Abbasqulu ağa bəyəm bilmirdi ki, haqqında yazdığı xanlığın adı Talış xanlığıdır, yoxsa Lənkəran xanlığı. Dövrün bütün tarixi mənbələrində, Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”ində, Mirzə Adıgzəl bəyin “Qarabağnamə”sində, Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbərnamə”sində, bölgənin təsvirini hazırlamış rus arxeoqraflarının materiallarında bu xanlığın adının “Talış xanlığı” olduğu göstərilir. İndi tarix naziri iddiasında olan Yaqub Mahmudov rəhbərlik etdiyi “nazirliyin sərəncamı” ilə xanlığın adını dəyişib “Lənkəran xanlığı” qoyursa bu onun öz işidir və bunun tarixi həqiqətə heç bir aidiyyəti yoxdur. Azərbaycan torpaqlarında mövcud olmuş hər bir xanlığın tarixin yaddaşına oturuşmuş adı var və heç kimin, o cümlədən Yaqub Mahmudovun da haqqı yoxdur ki, onların hansısa birisinə təzə adqoydu mərasimi keçirsin. Bundan əlavə də dərslikdə digər çiddi səhvlər də vardır. Kitabda qonşu İran dövlətinin tez-tez təkrar olunan “Qacarlar dövləti” kimi təqdim edilməsi də siyasi cəhətdən doğru deyil. Həm Gülüstan və həm də Türkmənçay müqavilələrinin girişində onu imzalayan dövlətlərin adları tam, açıq və aydın şəkildə yazılmışdır. Müqavilədə və bütövlükdə dünya tarix ədəbiyyatında bu “Persiya” kimi gedir. Abbasqulu ağa Bakıxanov isə bu ifadəni “İran” kimi verir. Dünya yalnız Azərbaycandan ibarət deyil, ona görə də bizə qonşu olan bir dövlətin adı, tarixi haqqında məktəblilərimizə doğru-düzgün məlumat verməliyik. Yolun düzünü qoyub əyrisi ilə getməyin heç bir mənası yoxdur. Məsələn, bir vaxtlar Yaqub Mahmudov tarix institunda bir qayda qoymuşdu ki, institutun apardığı bütün elmi iş və dissertasiyaların adına yeri gəldi-gəlmədi Şimali Azərbaycan ifadələrini salırdı. Belə tarixi bölgünü XIX əsrin əvvəllərindən 1918-ci ilə qədər tətbiq etmək olar. Lakin 1918-ci ildən sonra dövlətimizin istiqlaliyyət bəyannaməsinə, müxtəlif illərdə, o cümlədən 1995-ci ildə qəbul olunmuş konstitusiyada təsbit olunmuş adı vardır və bunu inkar etməyə nə Yaqub Mahmudovun, nə də bir başqasının haqqı yoxdur. Bu ona bənzəyir ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Respublikası elan olunanda İran rəsmi sənədlərində bu dövləti ya “Qafqaz Azərbaycanı”, ya da “Şimali Azərbaycan” kimi göstərirdilər. Bu məsələlərdə diqqətli olmaq lazımdır və tarixi məsələlərə inzibatı qaydada yanaşmaq olmaz. Yaqub Mahmudovun “Cəmil Həsənli ara qarışdırır və məqsədli şəkildə talış-türk məsələsini qaldırır” fikrinə gəldikdə isə deməliyəm ki, ara qarışdırmaq onun özünün köhnə peşəsidir. Əminliklə deyim ki, Yaqub müəllim səhv fikirləşir. Heç bir türk-talış qarşıdurması yaratmaq, bundan hansısa məqsədlərlə istifadə etmək ağlımızdan belə keçmir. Sadəcə öz peşəmizə hörmətlə yanaşmağa çalışırıq. Tarixi müzakirələrdə dəlili qurtaranda məsələyə siyasi don geyindirmək bir qayda olaraq Sovet dövrünün ənənəsi idi.