Vəfa Quluzadə: «NATO baş katibinin nümayəndəsinin Bakıya səfərinə Qərb-Rusiya münasibətlərinin gərginləşməsi fonunda baxmaq lazımdır»
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın yaxın aylarda Azərbaycana gələcəyi barədə xəbər bir sıra maraqlı məqamları ilə diqqət çəkir. Bakıya səfərinin tarixi hələ müəyyənləşməyib. Amma səfərin yayadək reallaşacağı gözlənilir. C.Appaturay qeyd edib ki, Bakı səfəri zamanı NATO-Azərbaycan münasibətlərinin inkişafı, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Ikitərəfli əlaqələrlə bağlı planlar barədə danışan xüsusi nümayəndə qeyd edib ki, dekabrda tərəflər 2015-2016-cı illər üçün geniş məqsədləri əhatə edən NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını imzalayıblar: “Biz bu planı həyata keçirməyə köklənməliyik”.
Onun sözlərinə əsasən, NATO-Azərbaycan münasibətlərində əsas məqsədlər hazırda müdafiə sahəsində şəffaflığın və hesabatlılığın artırılması, qarşılıqlı fəaliyyət, təhsil və treninqlər, həmçinin enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdır.
Yeni NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından savayı, C.Appaturay ötən ilin sentyabrında yüksək səviyyədə keçirilən Uels sammitində qəbul edilən yeni təşəbbüsü-birgə fəaliyyət platformasını qeyd edib. Birgə fəaliyyət platformasının iclası mülki və hərbi formatda başlayıb. Xüsusi nümayəndə vurğulayıb ki, bu görüşlər Azərbaycana NATO və alyansın qarşılıqlı maraq doğuran əsas məsələlərində maraqlı olan digər tərəfdaşlarla sıx əməkdaşlıq etməyə imkan verəcək.
NATO-nun Azərbaycanla bu səviyyədə müqaviləyə imza atmaq niyyəti nədən xəbər verir? Bu tip əməkdaşlıq nəylə nəticələnə bilər?
Maraqlıdır ki, keçən il Rusiyanın təhriki ilə Xəzəryanı dövlətlər bəyan etmişdilər ki, Xəzərdə başqa ölkənin bayrağı olmamalıdır. Hazırda NATO-nun bu addımları da Rusiyanın sərgilədiyi mövqe baxımından maraq doğurur.
Politoloq Vəfa Quluzadə hesab edir ki, NATO-Rusiya qarşıdurması artdıqca, Kremlin fəaliyyəti qəlizləşdikcə Azərbaycanın təhlükəsizlik məsələsi aktuallaşır. Azərbaycanda ABŞ-ın, NATO-nun böyük maraqlarının olduğunu deyən V.Quluzadə bildirdi ki, Azərbaycan tranzit bir ölkədir, eyni zamanda Avropanı enerji resursları ilə təmin edir: “Ona görə Azərbaycanın təhlükəsizliyi, enerji sahəsindəki təhlükəsizlik gündəmə gəlib. NATO rəsmisinin Bakıya səfəri bu məsələlərin həllinə həsr edilib. Bu səfərə Qərb-Rusiya münasibətlərinin gərginləşməsi fonunda baxmaq lazımdır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan NATO-nun diqqətindən heç zaman düşməyib. Ona görə bu səfərə NATO-nun diqqətinin təzahürü kimi də baxmaq olar”.
Xəyal