Hökumət kəpik-quruşu da vətəndaşlara çox görür
Azər Mehtiyev: «Təqaüdlərə ödənilən kompensasiya pensiyaçıların daha çox aldığı dərman və ərzaqdakı qiymət dəyişikliyinə uyğun olmalıdır»
Pensiyaların indeksləşdirilməsi haqqında prezidentin sərəncamı nəticəsində Azərbaycanda pensiyaların sığorta hissəsi 1,4% artırılacaq. Qeyd edək ki, yanvarın 26-da dövlət başçısı Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb.
Fins.az-ın məlumatına görə, sərəncama əsasən pensiyaların sığorta hissəsi və fərdi hesablardakı pensiya kapitalı 2014-cü il üzrə istehlak qiymətləri indeksinə, yəni 2014-cü ildəki inflyasiyayaÿuyğun olaraq artırılmalıdır. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən 2014-cü ildə ölkədə inflyasiya 1,4% təşkil edib. Bunu nəzərə alanda pensiyaların sığorta hissəsi də məhz 1,4% artırılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda pensiyalar iki hissədən – baza və sığorta hissəsindən ibarətdir. Pensiyaların baza hissəsi 2013-cü ilin sentyabrından bəri 100 manatdır. Pensiyanın digər hissəsi sığorta hissəsi sayılır. Dövlət başçısının sərəncamı da sığorta hissəsinə aiddir. Indi isə pensiya artımını müxtəlif misallarla izah edək.
Kimsə indiyə qədərÿ150 manat pensiya alırdısa, bu məbləğdən 100 manat (baza hissə) çıxılır, qalan 50 manatın üzərinə isə 1,4% əlavə olunur. Beləliklə, pensiyaların sığorta hissəsi 70 qəpik artmış olur ki, bu da yeni pensiya məbləğinin 150,7 manat olması deməkdir.
200 manat pensiya alanlar üçünÿpensiyanın sığorta hissəsi 100 manat təşkil edir (200-100=100 manat). Bu hissə 1,4 manat artacaq və yeni pensiya məbləği 201,4 manat təşkil edəcək.
250 manat pensiya alanlar üçün ÿisə pensiyanın sığorta hissəsi 150 manatdır (250-100=150 manat). Bu hissənin 1,4% artımı real məbləğdə 2,1 manat artım deməkdir. Nəticədə yeni pensiya məbləği 252,1 manat təşkil edəcək.
300 manat pensiya alanlar üçünÿisə pensiyanın sığorta hissəsi 200 manatdır (300-100=200 manat). Bu hissənin 1,4% artımı real məbləğdə 2,8 manat artım deməkdir. Nəticədə yeni pensiya məbləği 302,8 manat təşkil edəcək.
DSMF-də təşkilatın rəhbəri Elman Mehdiyev bildirib ki, pensiyaların sığorta hissəsinin artırılması üçün 2015-ci ildə 12 mln. manat tələb olunacaq.
Ekspertlərin hesablamalarına görə, əmək pensiyalarının ölçüsü orta hesabla 65 qəpik – 1 manat artacaq.
Qeyd edək ki, 2008-2012-ci illərdə “Iqtisadi Araşdırmalar Mərkəzi” istehlak qiymətləri indeksinin alternativ hesablamasını həyata keçirib. Bu da, ekspertlərin fikrincə, Dövlət Statistika Komitəsini inflyasiya səviyyəsi haqqında daha həqiqətəuyğun məlumatlar verməyə məcbur edib. Məsələn, 2010-2011-ci illərdə rəsmi inflyasiya müvafiq olaraq 5,7% və 7,9% elan edilib. 2012-ci ildə IAM qiymətlərin 9,9% artdığını hesablayıb. Lakin hökumət IAM ilə “ayaqlaşa” bilməyib və 1,1%-lik inflyasiya elan edib. 2013-cü ildə rəsmi inflyasiya 2,4% təşkil edib.
2015-ci ildə Azərbaycanda əmək pensiyalarının ödənilməsi üzrə xərclər 2 mlrd. 910,5 mln. manat təşkil edəcək, bunun 1 mlrd. 370 mln. manatı pensiyaların sığorta hissəsinin payına düşəcək.
Iqtsadçı Azər Mehtiyev bildirdi ki, imzalanan sərəncam pensiyanın artımı deyil, onun inflyasiya uyğunlaşdırılmasıdır. A.Mehtiyevin sözlərinə görə, bu addım o deməkdir ki, ötən illəri ölkədə baş verən inflyasiya nəzərə alınaraq pensiyaların builki həcmi həmin inflyasiyaya uyğunlaşdırılıb: “Amma ölkədə inflyasiya səviyyəsi hesablanarkən altı yüzə qədər məhsul növləri nəzərə alınır. Lakin pensiyaçıların təqaüdləri bu məhsullara getmir. Onlar daha çox gündəlik ərzağa və dərmana gedir. Yaxşı olardı ki, pensiyaçıların təqaüdlərinə kompensasiyanı həmin məhsullardakı qiymət dəyişiminə uyğun olaraq versinlər”.
Xəyal