Gültəkin Hacıbəyli Milli Şuranın komissiya sədri, keçmiş millət vəkili
RATI-nin sədr müavini, hüquqşünas Günay Ismayılovaya hücum olub. 30 yaşlarında gənc bir kişi 26 yaşlı bu zərif qızı boğmağa çalışsa da, qonşuların sayəsində Günay xanım sui-qəsddən salamat qurtula bilib. Hücum qarət məqsədilə edilməyib, çünki hücumçu Günayın çantasına əhəmiyyət verməyib. Hücumun birbaşa Günay xanımın ictimai fəaliyyəti ilə bağlılığına şübhə yeri qoymayan fakt isə polis əməkdaşlarının bu sui-qəsdi qeydiyyata almaqdan imtina etmələridir. 102 xidmətinin əməkdaşları çağırışa gəlsələr də ertəsi gün bu hücumu qeydiyyata almaqdan yayınıblar. Çünki hücum “yuxarıların” sifarişidir və hücumçu heç vaxt tapılmayacaq.
Mənə qarşı da hakimiyyət 2014-cü ilin aprel ayında buna bənzər bir xuliqanlıq hərəkəti təşkil etmişdi. Mən, məhz qeydiyyat problemi yaranacağını bildiyim üçün hadisəni dərhal ictimailəşdirmədim. Polis hadisəni qeydiyyata aldı, mən izahat verdim, hadisə yeri müayinə edildi, şahidlər dəvət edildi, sonra… Material polisdən alınaraq, dərhal Nəsimi rayon prokuroluğuna, oradan da Bakı şəhər prokurorluğuna aparıldı, bununla da araşdırma bitdi. Mənə qarşı hakimiyyətin sifarişilə xuliqanlıq əməli törətmiş şəxs bəllidir. O, Xətai rayon prokurorluğunun müstəntiqidir. O müstəntiq ki, hətta bacısının törətdiyi iki ağır cinayəti bilib xəbər verməmə əməli də onun prokurorluğa vəzifə təyinatına mane ola bilməyib. O, mənə qarşı iyrənc əməllərinə görə bu vəzifəyə təyin olunub…
Üç aydan sonra Bakı şəhər prokurorluğuna müraciət edib işin taleyi ilə maraqlanmışam. Çoxsaylı yazılı və şifahi müraciətlərimdən sonra mənə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi bildirilsə də, bugünədək bu qərarı mənə vermirlər. Çünki yalan danışırlar, heç bir qərar, araşdırma olmayıb, şahidlər dindirilməyib. Özləri üstümə göndərdikləri “müstəntiqlə” bağlı cinayət işi aça bilməzdilər axı…
Dəfələrlə Bakı şəhər prokuroru Əziz Seyidovla, onun müavini Azər Əsgərovla görüşmüşəm. Hər dəfə də “qərarı sizə verəcəyik” söyləyiblər, ancaq əlbəttə ki, verməyiblər. Qərarı almaq üçün Bakı şəhər prokurorluğunu hüquqda mümkün olan hər üç icraat qaydasında – inzibati, cinayət və mülki icraat qaydasında məhkəməyə vermişəm. Prokurorluğun nümayəndəsi bu proseslərin birinə də gəlməyib. Qərar yoxdursa, gəlib nə deyəcək ki?! Analoqu olmayan məhkəmələrimiz isə ötür-ötür oyunu oynayırlar. Belə çıxır ki, bu ölkədə heç kimin prokurorluq orqanlarının cinayətlərindən müdafiə hüququ, məhkəməyə müraciət hüququ yoxdur. Bəlkə Azərbaycan hakimiyyəti Şəriət məhkəməsi yaradıb prokurorluq orqanlarının prosessual hərəkətlərindən şikayətləri araşdırmaq səlahiyyətini ona verəcək?! Hər halda, Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş məhkəməyə müraciət hüququmuzun kobud şəkildə tapdanması göz önündədir.
Bu proses həm də Azərbaycan hakimiyyəti tərəfindən ictimai fəal xanımlara qarşı fiziki zorakılıq mexanizminin tətbiqinin başlanğıcı kimi maraqlıdır. Bu əməli prokurorluğun müstəntiqi törədirsə, burada suallara və şübhələrə yer qalmır. Hər üç istiqamətdə – inzibati, cinayət və mülki icraat qaydasında proseslər yekunlaşmaq üzrədir və biz sözsüz ki, Avropa məhkəməsinə müraciət edəcəyik. Hakimiyyət hüquqçuları Avropa məhkəməsinə Azərbaycanın necə hüquqi dövlət olduğunu izah edərlər, zatən. Günay Ismayılova ilə bağlı oxşar problemləri yaşamamaq üçün görünür, hakimiyyət “baltanı kökündən vurub” şikayəti, ümumiyyətlə, qeydiyyata almaq istəmir. Gerçəkdən də, hakimiyyət orqanları vətəndaşlarla qoçu kimi davranırsa, biz nə edə bilərik ki?! Ancaq çox böyük səhv edirlər. Qadınlarımızı şərləməkdən, üzünə adam qoymaqdan, övladla sınağa çəkməkdən, həbs etməkdən, şərəf və ləyaqətini alçaltmaqdan sonra indi də bu praktikaya baş vurdular: qadınlarımıza qarşı fiziki güc, zorakılıq, xuliqanlıq əməli tətbiq edir, sui-qəsd təşkil edirlər. Bu, təkcə qurşaqdan aşağı mübarizə üsulu, aşağı əyarlılıq, ləyaqətsizlik deyil. Bu həm də bir gün mütləq bumeranq effekti verəcək çox təhlükəli bir yola baş vurmaqdır. Ən azı, evində xanımı, qızı, bacısı olanlar gərək münasibətləri bu ləyaqətsiz müstəviyə keçirməyəydilər…