Atəşin nə zaman başlayacağı və nə zaman kəsiləcəyi Moskvanın iradəsinə və istəyinə bağlıdır
İsa Sadıqov, NATO-Qafqaz Alyansının prezidenti
Allah şəhidlərimizə rəhmət eləsin.
Son hadisələr barədə bəzi qeydlərim var, istərdim ki, kimsənin xətrinə dəyməsin.
Artıq 20 ildir biz müharibə vəziyyətindəyik. Bu durumu müxtəlif cür, o sıradan atəşkəs rejimi də adlandırırlar. Qoy, belə olsun, fərq etməz.
Amma bütün bu müddət ərzində təmas xəttinə böyük sayda canlı qüvvə, hərbi texnika və silah-sursat cəlb edilib ki, bu nəhəng maxina istənilən zaman hərəkətə keçə bilər və deməli, bu, müharibə vəziyyətidir.
Əliyev hər zaman olduğu kimi, yalnız onun özünə aydın olan bir situasiya yaratmağı sevirdi və bu vəziyyəti də, məhz o, sülh adlandırıb. Amma bu sülhün bizə nələrin hesabına başa gəldiyini unutmamalıyıq. Bu müddət ərzində, atəşkəs və ya sülh dövrü deyilən bu ərəfədə, ən müxtəlif hesablamalara görə 5 min nəfərə qədər hərbi qulluqçu və əsgər qurban vermişik. Beləliklə də, bunun ÿbir savaş durumu olduğunu dəyərləndirməliyik. Bütün müharibələr zamanı informasiya savaşına olduqca ciddi yer verilir. Bu, qələbənin, uğurun çox ciddi mərhələsini təşkil edir. Bu sahədə bizim böyük imkanlarımız həmişə olub, indi də var. Amma təəssüf ki, bizim kütləvi informasiya vasitələrimiz bu informasiya müharibəsini ciddi və uğurlu aparmaq üçün yetərincə təşəbbüskar ola bilmədilər, buna görə də biz bu informasiya müharibəsini düzgün qura bilmədik.
Bu informasiya müharibəsi münaqişə ətrafında situasiyanın, regiondakı hadisələrin, Ukrayna olaylarının və nəhayət, Ermənistandakı son hadisələrin düzgün dəyərləndirilməsini tələb edirdi. Düşmən ərazidəki bazaların mövcudluğunun, eləcə də ayrı-ayrı hadisələrin obyektiv şərhini bütün dünyaya ardıcıl olaraq çatdırmaq mümkün idi və mümkündür. Elə hadisələr baş verir ki, informasiya savaşı bu hadisələri situasiyanı köklü olaraq dəyişəcək şəkildə təqdim edə bilməlidir.
Eləcə də, Şimal qonşumuza münasibətin detalları ilə bağlı yanaşmalar birmənalı və obyektiv olmalıdır.
Mən 90-cı illərdə Sovet Ordusunun Zaqafqaziya Dairəsi qərargahında işləmişəm və Gürcüstan ətrafında hansı ssenarilərin necə qurulduğunun, Abxaziya və Cənubi Osetiya hadisələrinin necə gərginləşdirildiyinin şahidi olmuşam. Tərəflərin növbə ilə necə silahlandırıldığını, onlara növbə ilə hansı üstünlüklərin yaradıldığını və bir-birinə qarşı necə təhrik edildiyini müşahidə etmişəm.
Onlar bir-birini qırıb qurtarana qədər hər iki tərəf belə hesab edirdi ki, Rusiya onlara yaxındır. Mən Azərbaycanda hadisələrin inkişafının da şahidi olmuşam. Əvvəllər böyük zabit heyətinin tərkibində olduğum zaman belə hesab edirdim ki, Rusiya birmənalı olaraq bizim tərəfimizdədir və onlar bizə qarşı çox səmimidirlər. Rusiya Azərbaycandakı 4-cü ordunu silahlandıraraq olduqca sürətlə onu Azərbaycana təhvil verdi. Amma bundan dərhal sonra ruslar Ermənistanı Azərbaycana qarşı silahlandırmağa və ruhlandırmağa, erməni silahlı birləşmələrinin formalaşdırılması prosesinə bilavasitə rəhbərlik etməyə başladılar.
Iş başa çatdı və aydın idi ki, missiya baş tutmuşdur. Rusiya hər iki tərəfə bir-birini qırıb qurtaracaq qədər silah vermişdi. Növbəti mərhələdə bu tərəflər daxili vətəndaş qarşıdurmaları ilə özlərini qırmağa başlamalı və nəhayət, təkrarən Kremlin qanadları altına sığınmaq üçün yalvarmalı idilər.
Rusiyanın işi çətinə düşəndə o, bütün çevrəsi boyu müharibələrin qızışdırılmasında maraqlı olur, hərb ocaqlarına od vurur, “bufer” zonaları adlandırdığı ərazilərdə qan su yerinə axıdılır və Imperiya öz subyektlərinə bu mənzərəni göstərərək, “sizin də sonunuz belə ola bilər” deyə hədələyir. Bu fəlakətlər Rusiyanı çətin günlərdən çıxarmaq üçün rusların, hələlik, düşünə biləcəyi yeganə reseptdir.
Mən Boris Yeltsinin Gürcüstandakı Vaziani hərbi hissəsinə gəlişini xatırlayıram. O zaman zabitlər Yeltsinə buradakı hərbi xidmətin dözülməz və mənasız olduğu barədə şikayət etmişdilər. Yeltsin zabit heyətinin qarşısında açıq bəyan etdi. “Siz ona görə buradasınız ki, müharibə heç zaman Rusiyanın daxilinə keçməsin”.
Yeltsin bu bəyanatı verən zaman çox səmimi idi. O bildirirdi ki, Rusiyanın siyasəti bütün ətrafı qan gölündə boğmaq bahasına olsa da, bu qanın Rusiyada axmasının qarşısını almaqdan ibarətdir. Və rus siyasəti bu qanı hələ də axıdır.
Özümüzə qayıdaq. Avqust hadisələrini xatırlayırsınızmı? “10 günlük müharibə” adlandırılan həmin ərəfədə biz və düşmən tərəf xeyli itki vermişdi. Bu, Əliyevin və Sərkisyanın Soçi görüşü ərəfəsində baş verirdi. Bu toqquşmanın nə üçün baş verdiyi hər kəsə aydın idi, deyəsən. Hətta ermənilər də etiraf etdilər ki, bu, Moskvanın intriqaları idi.
Bundan sonra tamamilə sakitlik çökdü və bu sakitlik Gümrüdə bir rus əsgərinin bir erməni ailəsini öldürdüyü zaman ortaya çıxan olaylara qədər davam etdi…
Yenə də təmas xəttində situasiya gərginləşir və bütün ağlabatan və batmayan mülahizələrlə gərginləşdirilir. Mən hərbçiyəm və bu situasiyanı daha aydın təsəvvür edə bilirəm.
Aşkar görünür ki, Rusiya hər iki tərəfi oynada biləcəyi qədər davranır. O, istədiyi zaman bu və ya digər tərəfi oynada bilir.
Şübhəsiz, bu dəfə də, bu münaqişə daha da gərgin və daha da amansız ola bilər, çünki Gümrü olaylarından sonra Ermənistanda antirust ovqatı böyük hərəkat halını alır. Amma bu gərginlik nə qədər şiddətli, nə qədər uzunmüddətli olsa da, birdən-birə bütün emosiyalar soyuyur və sanki heç nə olmayıbmış kimi qısa müddətdə unudulur.
Bu son olaylarla bağlı bir şərh yazmışdım və bunu mətbuatda mənim müraciətim kimi dərc etdilər. Eybi yox, olsun. Bir daha bəyan edirəm. Nə qədər ki, Rusiya bizim regionun ağası kimi davranır, nə qədər ki, Ermənistanda Rusiyanın hərbi mvcudluğu davam edir, regionda sabitlik bərpa olunmayacaq, bu münaqişəyə son qoyulmayacaq. Sadəcə olaraq, Rusiyanın cəza aksiyaları olaraq bizim gənclərimiz qurban gedəcəklər. Qafqazda ruslar ölmür, burada onlar ölümü sanksiyalaşdıra bilən qüvvədirlər, hələ ki…