Azadlıqda gəzən 30 faiz cinayətkar və icra olunmayan 30 faiz cəza hökmü
Sosial vəziyyətin ağır olduğu, işsizliyin yüksək səviyyəyə çatdığı, qiymətlərin baha, maaşların az olduğu ölkələrdə kriminagen hadisələrin sayı çox olur. Azərbaycanda da bu baxımdan vəziyyət acınacaqlıdır və hər gün müxtəlif cinayət hadisələri haqqında məlumat eşidirk. Ötən il 47 ölkə arasında aparılan araşdırma zamanı məlum olmuşdu ki, Azərbaycan törədilən qətl cinayətlərinə və hər 100 min adama düşən məhbus sayına görə Avropada 3-cü yerdədir.
Yəni yalnız ağır cinayətlərə görə ölkəmiz 3-cü yerdədir. Əslində isə beynəlxalq araşdırma statistikaya uyğun aparılır. Azərbaycanda isə minlərlə cinayət faktı qeydə alınmır. Bütün cinayətlər qeydə alınsaydı, nəticə daha ağır olardı. Ekspertlər də hesab edir ki, ölkədə oğurluq, rüşvət, korrupsiya, talançılıq, hətta ağır cinayətlər baş verir ki, həmin cinayətlər rəsmi qaydada qeydə alınmır. Və bu hal real cinayətlərin sayının dəqiq hesablanmasına mane olur.
Bütün bunları xatırlatmaqda məqsədimiz Bakı Şəhər Baş Polis Idarəsinin 2014-cü ilin yekunlarına həsr olunmuş müşavirəsinə keçid etməkdir. Həmin müşavirədə hesabat verilib və məlum olub ki, Bakı şəhərində qeydə alınmış 11 min 635 cinayətin 84,6 faizi az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Daha sonra bildirilib ki, cinayətlərin 71,7 faizinin, ağır növlərinin 75 faizinin, qeyri-aşkar şəraitdə baş verən cinayət hadisələrinin 59 faizinin açılması təmin olunub.
Deməli, yalnız qeydə alınmış cinayətlərin 71 faizi, qeyri-aşkar cinayətlərin 59 faizinin açılması uğur kimi qiymətləndirilir. Ancaq bu göstəriciyə görə hər 100 cinayətkardan 30-unun azadlıqda olduğu məlum olur. Qeyri-aşkar cinayətlərin isə 41 faizi açılmayıb.
Yuxarıda qeyd etdiyimiz kimi bu yalnız qeydə alınmış cinayətlərin nəticəsidir. Obyektiv qiymətləndirmə olsa, açılmış cinayətlərin 15-20 faiz təşkil etdiyi məlum olar. Digər tərəfdən, bu “praktika”da var ki, bəzən 1 şəxsin üzərinə bir neçə cinayət işi yüklənir. Ilin sonlarında dolğun hesabat vermək üçün bu “praktika”dan daha dinamik şəkildə istifadə olunur. Belə məlumatlar da var ki, rayon ərazisindəki cibgirləri, oğruları, dələduzları həmin rayonların polis rəisləri yaxşı tanıyır. Yəni onların kimliyi və fəaliyyəti nəzarət altında olur.
Digər neqativ tendensiyalar da var və baş verənlər daxili işlər orqanlarının vəziyyətini ortaya qoyur.
Eyni hal məhkəmə sistemində də davam edir. Belə ki, Azərbaycanda məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb. Ədliyyə Nazirliyindən bildirilib ki, məhkəmə qərarlarının icrası ilə bağlı 2014-cü ildə yerli icra qurumlarının icraatında 278 862 icra sənədi olub. Onlardan da qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülərək 70%-nin icrasına nail olunub.
“Icra haqqında” qanunun 84-1-ci maddəsinə əsasən, 3121 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Icra sənədi icra olunduğuna görə isə 929 şəxs barəsində əvvəl qoyulmuş məhdudiyyətin götürülməsi haqqında qərar qəbul edilib.
Azərbaycanda məhkəmə sisteminin necə fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Müstəqil qərar qəbul edə bilən, sifarişli hökmlər oxumaqdan imtina edən bütün hakimlər prosesdən uzaqlaşdırılıb. Müxalif düşüncəli insanların məhkəmə prosesləri bir daha təsdiqlədi ki, Azərbaycanda məhkəmə sistemi tamaşadan ibarətdir. Onlarla məhkəmə prosesində ittiham edilən şəxslərə qarşı heç bir dəlil olmadığı halda, ağır hökmlərin verildiyinə şahidlik etmişik. Ümumiyyətlə, maddiyyat qarşılğında, sifarişlə hökm çıxarılması praktikası Azərbaycanda geniş vüsət alıb.
Bütün bunlara baxmayaraq, məhkəmə hökmlərinin yalnız 70 faizi icra olunub. Deməli, mülkiyyəti əlindən alınmış 100 adamdan 30-unun zərəri ödənməyib. Yaxud, şərəf və ləyaqəti təhqir olunmuş adamın hüquqları bərpa edilməyib. Və ya dələduzluğun qurbanı olmuş hər 100 nəfərdən 30-u itirdiyini geri ala bilməyib.
Siyasi sifariş olan kimi anında icraata başlayanlar, sadə vətəndaşların məhkəmə hökmlərini icra etməkdə çətinlik çəkirlər. Bu isə Azərbaycandakı məhkəmə-hüquq sisteminin, o sıradan Ədliyyə sisteminin bərbad vəziyyətindən xəbər verir.
Yəni verilən hesabatlar həm Ədliyyə, həm də polis sisteminin uğursuz fəaliyyətini təsdiqləyir.
S.Novruz