CASPAR-ın keçmiş rəisi artıq 3 gəmini quruma təhvil verib
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (CASPAR) rəisi olmuş Aydın Bəşirov ağır günlərini yaşayır. Sabiq gəmiçilik şefi 19 illik fəaliyyətinin təftişi haqda “təmizlik” sənədləri almaq üçün uzun çabalar göstərib. Nəhayətdə ona “yaşıl işıq” yandırılıb.
Əldə olunan razılığa görə, A.Bəşirov özünün şəxsi donanmasından 10 yük gəmisini QSC-yə qaytarmalıdır. Bu barədə “Yeni Müsavat” qəzeti yazıb. Yazıda bildirilir ki, Bəşirovun donanmasında 50-yə yaxın yük gəmisi var. Ümumilikdə isə onun ailəsinin nəzarətində 70-dən artıq gəminin olduğu haqda məlumat var. Həmin gəmilər müxtəlif dövlətlərin, Panama bayrağı altında əsasən Qara və Aralıq dənizlərində yükdaşımada istifadə edilir. Aydın Bəşirovun biznesinə oğlu Ilqar “kapitanlıq” edir. Oğul Bəşirov atasının və özünün gəmiçiliklə əlaqəli biznesini əsasən dəniz vağzalı yaxınlığındakı “Zema” inşaat şirkətindəki ofisdən idarə edir.
Atasının fəaliyyəti ilə bağlı aparılan gizli yoxlamalardan kənar qalması üçün razılaşmasının baş tutmasında Ilqar Bəşirovun da rolunun olduğu deyilir. Bildirilir ki, artıq Aydın Bəşirov 4 min 750 ton yük götürmə qabiliyyətli olan 3 gəmini QSC-yə təhvil verib. 2006-2008-ci illərdə istifadəyə verilmiş həmin quru yük gəmilərinin hər birinin qiyməti 5-10 milyon dollardır. Bəşirovun QSC-yə qaytardığı “Natəvan” “Üzeyir Hacıbəyov” və “Gədəbəy” gəmilərini Azərbaycandan göndərilən heyətlər təhvil alıblar. Digər 7 gəminin QSC-yə verilməsi üçün sənədləşmə işləri gedir.