Muxtar Respublikanın «cib»indən cəmi 69 milyon çıxır
Heç kimə sirr deyil ki, Naxçıvan Azərbaycanın laboratoriyası kimi fəaliyyət göstərir. Insan haqlarına, demokratiyaya zidd olan bütün addımlar əvvəlcə Naxçıvanda sınaqdan keçirilir və daha sonra Azərbaycanın müxtəlif yerlərində tətbiq edilir.
Azərbaycan hakimiyyəti isə Naxçıvanın sürətli inkişaf edən, böyük irəliləyişlərə imza atan Respublika kimi təqdim etməyə çalışır. Hökumət təmsilçiləri Naxçıvandakı qayda-qanunlardan, şəhərin xarici görünüşündən, müxtəlif sahələrdəki islahatlardan söhbət açırlar və “Naxçıvan modeli”nin öyrənilməsini zəruri hesab edirlər.
Amma bugünlərdə 2015-ci il dövlət büdcəsində Naxçıvanın gəlir və xərcləri məsələsi müzakirə olunanada, bu günə qədər danışılanların yalan olduğu üzə çıxdı.
Belə ki, 2015-ci ildə gəlir və xərcləri 366.7 milyon dollar proqnozlaşdırılır. Xərclərin 18.8 faizi və ya 69 milyon manatı Naxçıvanın öz gəlirləri, 81.2 faizi və ya 297.7 milyon manatı isə dövlət büdcəsindən dotasiya hesabına formalaşacaq.
Keçən ilə nisbətən cari ildə dövlət büdcəsindən Naxçıvana 14 milyon dollar artıq vəsait ayrılması proqnozlaşdırılır. Belə ki, Naxçıvanın 2014-cü il üzrə 350,5 milyon manat proqnozlaşdırılan büdcəsinin xərclərinin 80,9 faizi və ya 283,7 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına, 19,1 faizi və ya 66,8 milyon manatı muxtar respublikanın öz gəlirləriÿhesabına formalaşacağı nəzərdə tutulmuşdu.
Bundan başqa, Naxçıvanda həyata keçirilən infrastruktur və sosial təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən müvafiq məbləğdə vəsait ayrılacaq.
Bəli, “uğurlu model” kimi təqdim olunan Naxçıvanın “cib”indən 69 milyon pul çıxıb. Iki ölkə ilə sərhəddi olan, geniş ticarət imkanlarına malik olan Respublika öz zəruri xərclərinin cəmi 18 faizini ödəmək iqtidarındadır.
Bəs, bu uğurlu inkişaf nədə ifadə olunur? Bu necə inkişafdır ki, dövlət büdcəsini “yaralamaq” hesabına yaşayır?
Bunun iki cavabı var. Ya bu illər ərzində Naxçıvanda zərrə qədər də inkişaf olmayıb, ya da muxtar respublikanın pulları şəxsi ciblərə axıb.
Əslində hər 2 cavabın yaşamaq haqqı var. Tez-tez eşidirik ki, Naxçıvanda sahibkarlara divan tutulur, yalnız yerli rəhbərliyin nəzarətində olan qurumlar ticarətlə məşğul ola bilir, hüquq müdafiəçilərinə basqılar var və fərqli fikir süngü ilə qarşılanır. Deməli, xarici görünüş baxımından Naxçıxanda dəyişiklik müşahidə olunsa da, idarəetmə prinsipləri avtoritarizmə söykənir. Bir qrup şəxs aşırı dərəcədə varlanır, əhali isə sürünərək yaşayır.
Bir sözlə, Naxçıvan o qədər “inkişaf” edib ki, dövlətin dotasiyasına möhtacdır. Hakimiyyət isə bu “model”i Azərbaycana tətbiq etmək istəyib. Əslində artıq tətbiq olunub və Azərbaycanın hər yerində bu “nümunə”ni görmək olur.
Rəqəmlər bir daha göstərdi ki, Azərbaycanın bütün bölgələri kimi Naxçıvan da geriyə inkişaf edib.
Akif