Mərhumun bacısı qatillərin hələ də azadlıqda qalmasından narahatdır
Simuzər Babayeva: «Mən sona qədər mübarizə aparacam ki, bu cinayəti törədənlər cəzalandırılsın»
“Bu gün (dünən-red) müstəntiqlə əlaqə saxladım və qardaşımın qətlində əli olanların həbs edilib edilmədiyini soruşdum. Məlum oldu ki, hələ heç kim həbs olunmayıb”. Bu sözləri “Azadlıq”a 14 saylı cəzaçəkmə müəssisəsində nəzarətçilər tərəfindən döyülərək öldürüldüyü bildirilən Elşad Babayevin bacısı Simuzər Babayeva bildirib.
Qeyd edək ki, Elşad Babayevin işgəncələr nəticəsində öldürüldüyünə dair fotofaktlar olsa da, onun ürək tutmasından öldüyü barədə rəy verilib. Simuzər Babayeva rəylə tam tanış olmadığını deyib: “Müstəntiqə də ayrı rəy verilib. Hələ o rəylə tanış olmamışam. Müstəntiqlə görüşüb həmin rəylə tanış olacam. Bundan sonra atacağım addımlar barədə ictimaiyyətə məlumat verəcəm” .
Simuzər Babayeva bildirib ki, qardaşının qatıllərinin cəzalandırılmasına nail olmaq üçün sona qədər mübarizə aparacaq: “Qardaşımı öıldürüblər. Özü də işgəncə verib öldürüblər. Bunu danmaq olmaz. Fotolardan görünür ki, qardaşım amansız işgəncələrə məruz qalıb. Onun ürək tutmasından ölməsini demək bu cinayəti ört-basdır etməyə cəhddir. Lakin mən sona qədər mübarizə aparacam ki, bu cinayəti törədənlər cəzalandırılsın”.
Xatırladaq ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisinində məhbuslar Elşad Babayevin işgəncə ilə öldürülməsinə etiraz olaraq qiyam edib.
Bununla bağlı yayılan məlumatlarda deyilirdi ki, Elşad Babayevə qarşı müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə amansız rəftara yol verərək onun ölümünə səbəb olublar. Penitensiar Xidmət isə müəssisədə qiyam olduğunu təsdiqləsə də, bunun səbəbini məhbusların intizam qaydalarını pozmağa cəhdilə izah edib. Daha sonra Simuzər Babayeva qardaşının işgəncə ilə öldürüldüyünü təsdiq edən fotoları ictimailəşdirib.