Sabirabadlı vəkil Murad Ədilova qarşı imzasından imtina edəcəkmi?
Hazırda məhkəməsi gedən AXCP fəalı Murad Ədilovun cinayət işində kobud və dəhşətli fakt üzə çıxıb. `Kobud`, `dəhşətli` sözü indi təsvir edəcəyimiz halı bəlkə də düzgün izah eləmir, amma hüquq adına azca hörmət qoyulan yerdə bu hal ciddi qanun pozuntusudur.
Murad Ədilov niyə və nəyə imza atmır?
Cinayət işində `Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 11 avqust 2014-cü il tarixli Protokol` var. Bu protokol guya Muradın üzərində axtarış aparılarkən narkotk aşkarlandığın, eləcə də onun bu narkotiklə bağlı sorğu sual edildiyini və s. göstərir.
Murad özü `işin` qurama olduğunu, narkotikin polislər tərəfindən cibinə atıldığını əsas gətirərək, saatlarla vəhşicəsinə döyülməsinə baxmayaraq bu protokolu imzalamayıb və bu hal elə protokoldaca qeyd edilib.
Lakin, protokoldakı bir imza xeyli diqqət çəkicidir.
Bu Sabirabad rayonunda çalışan vəkil fəaliyyəti ilə məşğul olan Məmmədli Səxavət Rəşid oğlunun imzasıdır.
Səxavətli vəkil və ya vəkil Səxavət
Problem ondadır ki, S. Məmmədli maddi sübutun götürülməsi barədə protokolu` həmin əməliyyat tədbirində iştirak etmədiyi halda imzalayıb. Cinayət işinin materiallarından da görünür ki, M.Ədilov saxlanarkən və onun üzərinə baxış keçirilərkən M. Səxavət həmin tədbirin iştirakçısı olmayıb. Yalnız protokol Sabirabad RPŞ-nin inzibati binasında tərtib edilərkən ora dəvət edilib. Ancaq prosessual hərəkətin aparılmasında iştirakçı olmamasına baxmayaraq, necə deyərlər protokola imza atmaqla səxavət göstərib.
Halbuki, protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxslər tərəfindən imzalana, imzalamaqdan imtina etdikdə isə, bu barədə protokolda müvafiq qeyd aparıla bilər.
İşin daha bir maraqlı tərəfi odur ki, Murad Ədilov Səxavət Məmmədlidən vəkil kimi imtina etdiyi halda da o öz imzasını atmaqdan çəkinməyib.
Ya şapdadır, ya şupda
Vəkilin bu hərəkəti birbaşa vəkil etikasının pozuntusudur və mütləq əlaqədar orqanlar tərəfindən qiymətləndirilməlidir. Amma `işi` müşkülə salan daha bir məqam ondan ibarətdir ki, vəkil indi faktiki olaraq imzasından imtina edir. Belə ki, o bu `imza söhbəti` ictimailəşəndən sonra Murad Ədilovun yaxınlarına və yerli cəbhəçilərə bildirib ki, onun imzası qətiyyən Muradın üzərindən çıxan narkotikə hal şahidliyi etməsinə dair deyil. Vəkil deyib ki, o ancaq Muradın izahat verməməsinə dair protokola imza atıb.
İndi belə çıxır ki, ya istintaq vəkilin imzasını saxtalaşdırıb, ya da vəkil qeyri səmimiyyət nümayiş etdirir.
Hər halda bu məsələni aydınlaşdırmaq elə də çətin olmamalıdır. `Azadlıq` qəzeti vəkilin mövqeyini diqqətlə dinləməyə hazırdır. Vəkillər Kollegiyası özü də göstərilənlərlə bağlı öz təşəbbüsü ilə bu qaranlıq məqama izah gətirə bilər.
S. Novruz