Şahvələd Çobanoğlu
Həyatdan vaxtsız, nisgilli getmiş bir dostumuz vardı. Vüqar Padar. Ürəyi həqiqətlə döyünürdü, ədalətlə nəfəs alırdı. Azadlığın sadə, tanınmayan qəhrəmanı idi bu əyalət insanı. Vüqar yaşadığı kənddən hər gün rayon mərkəzinə gələr, “Azadlıq” qəzeti alardı. Bir gün də “Azadlıq” almağa gedərkən əyləşdiyi taksini yük maşını vurdu və həyatını itirdi. Vüqar həmişə deyirdi ki, “Azadlıq” onun çörəyidir.
Bu günlərdə Vüqarı yenidən xatırladım. Yaxından-uzaqdan qəzetimizə 25 illik yubileyi ilə bağlı çox sayda təbriklər gəlməkdədir və bu isti sözləri oxuduqca Vüqarı yada salıram. Onun qəzetimizə verdiyi qiymət yadımdan çıxmır. Onun “Azadlığ”a sevgisi unudulmur.
Əslində “Azadlıq” barədə danışmaq mənə çətindir, çünki əməkdaşı olaraq onun rolundan, gördüyü işin dəyərindən yazmaq yaxşı da alınmır. Amma susmaq da çətindir. Çünki qəzetimizin qiyməti onun söykəndiyi dəyərdədir. O dəyərdən danışmaq isə borcdur.
Bir dəfə “Azadlıq” qəzetinin müdafiəsi ilə bağlı tədbir keçirirdik, mənə söz veriləndə qəzetimizə dair bir çox tənqidləri xatırlatdım. Kimlərəsə qəribə gəldi. Bilirsiniz ki, “Azadlıq” haqqında şər bir gün də dayanmır, böhtan heç yubiley günü də səngimir. Hələ təqib və əngəlləri demirəm. Amma biz özümüzə də tənqidi yanaşmağı bacarırıq və bəzi obyektiv, qərəzsiz tənqidləri qəbul edirik. Məsələn, daha rəngarəng, daha dolğun bir qəzet çıxara bilərik.
Səhifə sayı çox olan, mövzular fərqli-fərqli, bütün sahələri əhatə edən bir qəzet oxumaq sizin haqqınızdır, bizim də borcumuz və şansımız. Bacararıq da bunu. Hətta hamıdan yaxşı bacaracağımıza əminik. Amma resurslarımız yox dərəcəsindədir. Tənqidi mövqedə heç bir güzəştə getmədiyimiz üçün ağır durumla üzləşmişik. Satışdan gələn pulu belə ala bilmirik. Həqiqəti olduğu kimi söyləmək naminə arzu etdiyimiz qəzeti buraxa bilmirik. Az əməkdaşla, pulsuz-parasız işləyərək həqiqətin alınmaz adası kimi qalmaq az iş deyil, üstəlik, başqa cəhətlərə görə də ən maraqlı qəzet olaraq qalırıq. Həqiqəti yazmayandan sonra səhifə sayı çox olan, rəngarəng bir qəzet kimə gərəkdir?
Bir düşünün, həqiqətsiz ölkəmi olar?!
Ona görə də “Azadlıq” heç harada səslənməyən həqiqətlərin qəzeti olmaq üçün gerçək bir mübarizədən keçir. Bu həqiqətləri səsləndirmək asan deyil və başqaları bunu etmir. “Azadlıq” isə basqı və əngəllərə baxmayaraq bu işdən çəkilmir.
Biz düşünürük ki, həqiqət bir ölkə üçün çörəkdən də vacibdir. Çünki həqiqət olmayan ölkədə insanlar bir-birinin çörəyini əlindən alır. O ölkə tənəzzülə məhkumdur. Onun iqtisadiyyatı inkişaf edə bilməz, nefti və qazı da onu səfalətdən qurtara bilməz. Həqiqət olmayanda bir dövlət dərəbəyliyə çevrilir, yalan hakim olur və hamı bu amansız hakimin hökmünü növbə ilə qəbul edir və acılarını yaşamalı olur. Ona görə də “Azadlıq” çörək kimi qəzet olmalı – həqiqət istəyənlərə onu çatdırmalıdır.
Bilirəm ki, bu gün heç nəyə baxmadan seçkidən yazmalıyıq. Hətta çalışdığım “Azadlıq” qəzetinin 25 illik yubileyinə də baxmadan. Amma nə yazasan bu seçkidən, deyiləsi heç nə yoxdur. Bu da YAP hakimiyyətinin uğurlu siyasətinə xalqın münasibəti. Elə bil ki, toyunuza heç kim gəlmədi. Demokratik Təşəbbüslər Institutu seçkidə iştirakla bağlı müşahidə təşkil edib və MSK-nın rəqəmlərinin şişirdildiyi bir daha təsdiq olunur. “Toya” gələn yoxdur…
Anar Məmmədli ilə Bəşir Süleymanlı həbsdədir, SMDT bütün imkanlardan məhrum edilib, elə düşünürdülər ki, rahatca seçki keçirəcəklər, amma seçki, ümumiyyətlə, alınmadı. Üstəlik, məntəqə seçki komissiyasının müşahidəsi və müdafiəsi ilə qutuya topa-topa bülleten atan qadının videokameraya yaxalanması rəmzi olaraq bu seçkinin qiymətini verdi. Həqiqətin gücü budur – nə qədər hazırlaşsa da, yalan ona qalib gələ bilmir.