Eldəniz Quliyev “Azadlıq”ı təbrik etdi
Azadlıq bir udum havadır! Azadlıq bir içim sudur! Azadlıq nəhayət, Allah-Təalanın bənni-insana bəxş etdiyi ilahi bir nemətdir! Biz ONU sevməli, əzizləməli, göz bəbəyimiz təki qorumalı və yaşatmalıyıq – “AZADLIQ” qəzeti kimi!
Yüz minlərlə insan ciyəri yananda, havası çatmayanda, “ölümmü-qalımmı?” dilemasıyla üzbə-surət naçar qalanda üz tutduğu, pənah gətirdiyi yeganə ünvan “Azadlıq” qəzeti olmadımı? Yüz minlərlə insanın ağrı-acısını, kədərini-sevincini, ümidini, arzu-istəklərini, göz yaşlarını öz səhifələrinə hopduran, bir çox hallarda xalqın mənafeyi naminə kipriyilə od götürən bizim “Azadlıq” qəzetimiz olmadımı? Bəli, məhz bizim! Çünki o həm sənin, həm mənim, həm onun, deməli, hamımızın kağız sevgisinə çevrildi!..
Deyirlər, əsl qəzet dünyaya açılan pəncərədir. Əgər bu həqiqətən belədirsə, onda bizim “Azadlıq”ımız öz 25 illik ləyaqətli ömrü ərzində hər birimiz üçün haqq-ədalətlə dolu bir Dünya açdı və həmin o Dünya bizə elə özü boyda şirin bir AZADLIQ duyğusu bəxş elədi!
Ey “Azadlıq” adlı müdrik, ləyaqətli və əziz dostum, 25 yaşının ucalığı mübarək!