Ramin DEKO
“Azadlıq”! Kimin üçün qəzet, kimisinə görə meydan, başqa biriləri üçün trampilin! Hə, bir də alınmayan, hələ ki, işğal edilməyən sonuncu kiçik qala.
“Azadlıq” haqda hərə bir söz deyə bilər – “Hər şeyi ağ və qara rəngdə görən qəzetçilərin toplusu”. “Yalnız öz düşüncələrində olan kəslərə meydan verilir”. “Bir qəpiklik qəzet deyil”. “Bu qəzetin səhifələrində ancaq və ancaq tənqidi materiallara yer var”.
Bəli, bu 4 ünsürü sadalayan hər kəs haqlıdır.
Ölkə ağ və qaradan ibarətdirsə, bu məmləkətdə boz rəngə belə yer yoxdursa, buna “Azadlıq” nə etsin?! Nə vaxt boyumuzdan bir qarış hündür biçilən bu vətəndə başqa çalarlara işıq yandırıldı ki, bu qəzet və onun əməkdaşları görməzdən gəldi? Ağlım kəsəndən heç vaxt bu ölkə ağ və qaradan başqa rənglərə yer ayırmayıb. Göyqurşağı belə bu məmləkətin səmasına çıxmır.
“Azadlıq”ın yalnız öz düşüncələrində olanlara – əsl müxalif mövqedə dayanan insanlara meydan verilməsində təəccüblü və tənqid olunası bir şey yoxdur. Minlərlə qəzet, jurnal və saytı müxtəlif yollarla əlində cəmləşdirən, televiziyaları qamarlayan hakimiyyətə bir sözə deyə bilməyənlərin “Azadlıq”ı tənqid etməsi normal haldı. Bu qərəz deyil. Sadəcə qorxudan, içindəki xofdan yaranmış bir situasiyadır. Düşünür ki, həqiqəti desə onu çarmıxa çəkərlər. Bu cür düşünüb yuxuya gedirlər.
“Dünyada su içməkdən asan iş yoxdur” – belə bir misal var. Ancaq Azərbaycanda ən asan iş, su içməkdən də rahatı və təhlükəsizi isə əziləni, haqqı yanında olanı söymək, iftira atmaq və tənə yapmaqdır…
“Bir qəpiklik qəzet deyil” – fikrini deyənlərlə isə iki əlli razıyam. Bu qəzetin de-fakto qiyməti 40 qəpik, de-yure isə milyonlarla manatdır! “Bir qəpiklik deyil” fikrini işlədənlər əslində “Azadlıq”ın dəyərinin daha böyük olduğunun fərqindədirlər. Satılsa, hökumətə tərəf bir azca əyilsə müxtəlif yollarla milyonlar işçilərin başından tökülər.
Dördüncü ünsürü deyənlər də həqiqəti söyləyir. Əgər bir ölkədə təriflənəsi bir nəsnə yoxdursa, bunundamı günahkarı “Azadlıq”dır?! Nəinki məhsullar, hətta insanlar belə inhisara alınır. Azmı eşitmisiz ki, filankəs filan məmurun adamıdır. Yaxud azmı söyləmisiz ki, filan şəxs bəhmənkəsə qalib gələrək onun adamını öz tərəfinə çəkdi. Bu ölkədə artıq insanların uğrunda inhisarın savaşı gedir. Kimin daha çox adamı var deyə…
Bəli, “Azadlıq” çoxları üçün bir tramplin rolunu oynayıb. Yüzlərlə insan bu qəzetin səhifələrində yazıb hökuməti tənqid edib, sonra məmurların çətiri altında ölkənin gününü özündə əks etdirən ağ və qara rəngli qəzetə doğru boylanıblar. Ölkə mediasının yarıdan çoxunda “Azadlıq”dan tramplin kimi istifadə edən adamlar sözün əsl mənasında at oynadır. Onlardan kimisi ailəsi üçün bir tikə çörək pulu qazanır, kimisi isə daha yaxşı kareyerə qurmaq, mandat qazanmaq naminə bir vaxtlar nərdivan kimi istifadə etdiyi “Azadlıq”ı, onun kollektivini və eləcə də söykəndiyi cinahı söyür, yamanlayır. Bax, “Azadlıq”ın gücü budur. Bu qəzet indiki əməkdaşlarına pula verə bilmir, ancaq köhnə işçilərini çox yaxşı dolandırır…
Ancaq “Azadlıq” bu ölkədə İlham Əliyev haqda tənqidi yazılara senzura qoymayan yeganə qəzetdi.
Ölkənin ilk müstəqil qəzetinin olmadığını deyənləri də unudaq, “yaxşı mətbu orqanı deyil” söyləyənləri də boş verək. Di gəl, heç kim nə cürət, nə də etiraz edə bilər ki, “Azadlıq” İlham Əliyevin tənqidinə senzura qoyub. Bunu etmək isə çox çətindir. Hələlik qəzetlərdən yalnız “Azadlıq” bunu bacarır.
Tarix təkcə rəqəmlərdən ibarət deyil, həm də ironiyaları özündə yaşadır. 24 dekabr həm “Azadlıq”ın doğum günüdür, həm də bu sonuncu nəfəsliyi qapatmaq istəyən İlham Əliyevin.
Tarixi yaşadanın da, bu qəzeti tarixin arxivinə göndərmək istəyənin də doğum günü qutlu olsun!