Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçiləri və jurnalistlər İlqar Nəsibov və xanımı Məlahət Nəsibova xaricdədirlər. “Media forum” saytının məlumatına görə, onlar bir neçə gün öncə Avropa ölkələrindən birinə gediblər.
İlqar və Məlahət Zeynalovların telefonları bağlı olduğuna görə onların Azərbaycandan mühacirət etdiklərini, yoxsa səfərlərinin qısamüddətli olduğunu “Media forum” saytı Zeynalovların əməkdaşlıq etdikləri “Turan” agentliyinin direktoru Mehman Əliyevdən soruşub.
Mehman Əliyev bildirib ki, İlqarla Məlahət Avropa ölkələrindən birinə müalicəyə yollanıblar: “Onların səhhətində ciddi problemlər var. İlqar Nəsibovun burnunda cərrahiyə əməliyyatı keçirilməlidir. Məlahət xanımın da səhhətində problemlər var. Əlaqə saxlayıram, indi müalicə olunurlar”.
Mehman Əliyev onu da qeyd edib ki, Nəsibovlar müalicələrini başa vurduqdan sonra Norveçə gedəcəklər: “Övladları orada təhsil alır, bir müddət övladlarının yanında qalacaqlar. Sonra isə Azərbaycana qayıdacaqlar. Onların Azərbaycandan mühacirət etmək planları yoxdur”.
Məlahət Nəsibova Naxçıvandakı yerli Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin sədridir. O, eyni zamanda “Turan” agentliyinin Naxçıvan müxbiridir və “Azadlıq” radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq edir.
Naxçıvanda jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyət göstərən İlqar Nəsibov Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir. O, avqustun 21-də həmtəsisçisi olduğu mərkəzin ofisində düşən dava zamanı ciddi bədən xəsarəti alıb. Faktla bağlı Naxçıvanda cinayət işinə başlanıb, amma sonradan dava edən tərəflər barışıblar və məhkəmə cinayət işinin icraatına xitam verib.