Milli Şura sədri qəzetimizi Çindən təbrik etdi
“Bu qəzet düz 25 ildir milli hədəflərimizin ünvanını göstərir”
“Azadlıq” qəzetinin nəşr edildiyi 1989-cu ilin 24 dekabrı yaxşı yadımdadır. Həmin gün Azərbaycan Xalq Cəbhəsinin Universitet təşkilatının toplantısı var idi. Saat təxminən 11- olardı ki, qəzetin birinci sayını gətirdilər. Şrifti ənənəvi qəzet şriftinə oxşamırdı. Qəzetin birinci səhifəsində Tofiq Fikrətin “Millət Şərqisi” Azarbaycan ağzında verilmişdi. Qəzet Nəcəf Nəcəfovun redaktorluğunda nəşrə başlamışdı. Düzdür ona qədər Sabir Rüstəmxanlının rəhbərliyi altında nəşr edirlən “Azərbaycan” qəzeti müstəqil mətbuat haqqında cəmiyyətə müəyyən təsəvvürlər vermişdi. Lakin “Azadlıq” 1989-cu ildə millətin mübarizə əzminin ifadəsi kimi işıq üzü görmüşdü. Qəzetin nəşri ilə həmin dövrdə bu mübarizəyə başçılıq edən Xalq Cəbhəsi “Azadlıq”ın simasında böyük tribuna əldə etmişdi. Qəzetin özəlliyi onda idi ki, birinci nömrəsindən başlayaraq onu jurnalist təhsili və qəzetçilik təcrübəsi olan Nəcəf bəy yönəldirdi. “Azadlıq”ın nəşrinə qədər o, “Molodyoji Azerbaydzhan” qəzetində maraqlı təcrübə toplamışdı. Vaxtilə Əlimərdan bəy Topçubaşov “Kaspi” kollektivinə başçılıq edərkən rus dilli mətbuatın millətin maraqlarına tabe etməyin maraqlı nümunəsini yaratmışdı. “Molodyozhka” da işləyərkən Nəcəf bəy mətbuat tariximizdə bu istiqamətdə ikinci addımı atmaqla diqqəti cəlb etmiş, milli dərdlərimizi qəzetin səhifələrinə çıxarmağa cəhd etmişdi. O, “Azadlıq” qəzetinə başçılıq etməklə təkcə millətə yeni tribuna verməmişdi, həm də özü yeni tribuna əldə etmişdi. On görə də, “Azadlıq”ın 25 yaşı, 25 illik yubileyi sözün tam mənasında Nəcəf bəyin yubileyidir, onun istək və arzularının ifadəsi, milli və mənəvi keyfiyyətlərinin təntənəsidir.
Millətimizin taleyindəki dramatik bir mərhələdə nəşrə başlayan “Azadlıq”ın qayəsi 1-ci sayından bəlli idi:
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!
Düz 25 ildir qəzet bu müqəddəs yolla gedir, bu müqəddəs sevgiyə xidmət edir, milli ideallara sədaqəti ilə seçilir, milli hədəflərimizin ünvanını göstərir. Bu 25 ildə çox şey dəyişdi, çoxlarının dözüm limiti tükəndi, fəqət dəyişməyən bir şey vardır: millətimizin azadlıq istəyi və bu istəyin ifadəsi olan ”Azadlıq” haykırtısı. Düz 25 ildir qəzet birinci nömrəsində bəyan etdiyi “Millət Şərqisi”ninin cazibəsindədir, son 20 ildə, nə mətbuat axuruna tökülən şirin qoğal, nə də onun kürəyindən əskik olmayan sərt qamçı “Azadlıq”ı bu cazibədən çıxara bilmədi. Sözün tam mənasında qəzet bütün situasiyalarda, rejimin bütün çirkin niyyətlərinə rəğmən azad sözün ifadəçisi oldu, azadlıq ruhunu saxladı, milli yaddaşı kökdən düşməyə qoymadı, daim onu cilaladı, mənəvi dəyərlərin təkamülünü təmin etdi və bütün bunların yekunu olaraq əxlaqı dəyərləri ictimai namus anlayışları ilə tamamladı. 25 il ərzində milli yaddasa hopub, milli iradənin ifadəçisi kimi bir missiyanı daşımağın qayəsi də, mənası da, məzmunu da bundadır. Elə, 25 illik zaman fasiləsində tarixi ənənəni yaşatmağın gücü də bundadır. Bəzən qəzetlə, onun ilk redaktoru Nəcəf bəy arasında sədd çəkməyə cəhdlərin də şahidi oluruq. Mənim aləmimdə qəzet bu müddət ərzində Nəcəf bəydən gələn peşəkarlıq başlanğıcını heç vaxt yaddan çıxarmadı, mətbu hüdudlarını onun mənəvi konturları ilə müəyyənləşdirdi, qələmin müqəddəs vəzifəsini millətə xidmətdə gördü. Bu baxımdan “Azadlıq”ın bu günkü kollektivi sözün tam mənasında Nəcəf bəyin uşaqlarıdır.
Heç şübhəsiz ki, “Azadlıq”ın 25 il ərzində keçdiyi yol Azərbaycan mətbuat tarixinin, həm də bütövlükdə milli mübarizə və ictimai fikir tarixinin bəlli bir mərhələsidir. Bu tarixə olan iddiasını onun kollektivi öz əzmkarlığı, dönməzliyi, narahat yaşam tərzi, ictimai maraqları şəxsi mənfəətdən üstün tutmaq bacarığı və həyatlarını riskə qoymaq təhlükəsinə mənəvi hazırlığı ilə əldə etmişdir. Qəzetin baş redaktorundan tutmuş mətbuata yeni qədəm qoyan gənc yazarına, gözü hələ kameraya uyğunlaşmayan fotoreportyoruna qədər hər kəs zaman-zaman hakimiyyətin hədəfində olub, azad sözün qabağında gücsüzləşən güc qurumların diqqətində olub. Qənimət Zahidin “sayğıdan” mayalanmış sevgiladə macərası, Strekalinin Aqil Xəlil “sevgisi”, Xalid Qrayevin ictimai yerlərdə “tərbiyəsiz” pıçıltıları, Natiqin yazılarının məntiqini Muradın “tiryek” anbarı ilə əlaqələndirən, Seymur Həzinin feysindən feyz alan şanlı daxili işlər Qomissarlığının uzun zamandır ki, mübarizə apardığı bir Cəbhə var, “Azadlıq” Cəbhəsi, VİCDANLI ADAMLARIN CƏBHƏSİ, kriminal qaydalarla idarə olunan ölkəmizdə namuslu adamların söz düşərgəsi. Bir neçə il əvvəl qəzetin gənc yazarı Aqil Xəlilin həyat hekayəti indiki kimi yadımdadır. Prokurorluğun timsalında savçısından tutmuş, MTN timsalında ovçusuna qədər başlıca güc strukturları arsenallarında olan bütün natəmiz üsullarla 23 yaşlı bu məsum gəncin üzərinə gəlmişdilər. Səbəb torpağı qorumalı olan təhlükəsizlik əməkdaşının torpaq satmaq kimi natəmiz əməlini kameranın yaddaşına köçürüb və həmin “yaddaşı” canından da artıq qoruması olmuşdu. Nələr etmədilər: metro qatarı altına atmaq təhdidi, gecə işdən evə dönərkən qeyri-ənənəvi azlığların nümayəndəsi tərəfindən endirilən bıçaq zərbələri, kiçik istisnalarla ölkənin bütün televiziya kanallarında və şəhərin reklam lövhələrində gecə-gündüz nümayiş etdirilən sərsəri bir mavinin lentə alınmış homoseksual hekayəti. Ölkə əhalisinin yarıdan çoxunun bu istilahlar haqqında təsəvvürləri olmadığı halda, bütün bu rəzalət televizyaların ekranlarından Azərbaycan vətəndaşlarının evlərinə daşınırdı. Bax bütün bunlar “Azadlıq” əməkdaşlarının hər an qarşılaşdıqları və hər an qarşılaşa biləcəkləri gündəlik həyat həqiqətləridir. Artıq uzun müddətdir ki, qəzet əməkdaşları riskli bir həyat yaşayır, heç kəsin can güvənliyi yoxdur, axşam evinə, ailəsinə rahat qovuşacağına təminatı yoxdur. 25 ildir “Azadlıq” belə səksəkəli bir həyat yaşayır, dözür, mübarizədən dönmür, ictimai müqavimətin mərkəzi orqanına çevrilir. Artıq uzun illərdir ki, qəzet vicdan məhbuslarının, siyasi zindanilərin tənha reklam lövhəsinə çevrilmişdir. Hər gün Yunuslar ailəsinin hər iki üzvünün, Xədicə, İntiqam, İlqar, Tofiq, Anar, Rəsul, Qurban, Yadigar, Sirac, Pərviz, Seymur, Rauf, Əvəz, Hilal, Bəşir, Rəşad, Rəşadət, Zaur, Üzeyir, Məmməd, İlkin, Tale Bağırzadə, Hacı Mövsüm, Hacı Abgül, Ömər, Əbdül, Babək və onlar kimi bu millətin azadlıq uğrunda mücadilə verən onlarla fədakar insanların azadlıq adına yeganə görüntüləri “Azadlıq”da görünmələridir. Hələ ki, heç bir mətbuat orqanı özündə güc tapıb belə bir iddiada bulunmadı. Bu, azadlığa təşnə gedən bir millətin azad ruhunun ifadəçisi kimi çıxış edən azadlıq fədailərinə “Azadlıq” tərəfindən verilən müstəsna hüquqdur.
Heç bir istibdad əbədi deyil, kriminal idarəçilik qaydaları millətin azadlıq ruhunu sarsıda bilməz. Bütün baş verənlər tarixin bir balaca çirkaba bulaşmış acı bir təsadüfüdür. Gələcək, bu zaman fasiləsində davamlı olaraq adını, sifətini, varlığını saxlayan, həmin mənəvi parametrləri həyat fəlsəfəsinə çevirənlərindir. “Azadlıq” bu fəlsəfi düşüncəyə sahib ola bildi. 25 il “Azadlıq” oxuyub, azadlığa tapınmaq üçün elə də az vaxt deyil.
Cəmil Həsənli
Şanxay
22.12.2014