24 dekabrda Azərbaycanın müstəqilliyi və azadlığı ilə eyniləşən Azadlıq Qəzetinin 25 yaşı tamam olur.
Azadlıq qəzetinin doğuşu Azərbaycanlıların dünyanın ən mübariz xalqı seçildiyi ilə təsadüf edir. Bu qəzet azadlıq mübarizəsindən doğaraq, “Azadlıq” adını aldı. Bütün fəaliyyəti boyu təməl azadlıqların – siyasi, iqtisadi, mədəni azadlıqların müdafiəçisi və carçısı kimi Azərbaycan mediasının mayakı oldu. Adı ilə eyniləşdi.
Azadlıq geridə qalan 25 ildə daima azad medianın olması zəruri olduğu yerdə – xalqın yanında oldu. İctimai nəzarət funksiyasını şərəflə həyata keçirdi. Azad sözün müdafiəsindən bir addım geri durmadı. Jurnalistikamızın nadir simalarından olan Nəcəf Nəcəfovun açdığı yoldan, cızdığı xətdən bütün kəşməkeşlərə, maneələrə, əzab –iztirablara baxmayaraq dönmədi. “Azadlıq” həqiqi azadlığın carçısı olaraq bu gün də bu yolda çətinliklərə sinə gərərək davam edir. İlk gün bir milyon insanı aydınlatmaq üçün yola çıxan bu qəzet, bu gün də eyni əzimlə yoluna davam edir. Yeni informasiya vasitələrinin, internetin köməyi ilə hər gün onlarla araşdırması, məqalələri ilə yüz minlərlə oxucunu aydınladır. Bu münasibətlə Azadlıq qəzetinin kollektivini, oxucularını, bütün azadlıqsevərləri təbrik edirəm və neçə-neçə yubleylərini alnıaçıq qeyd etməyi arzulayıram.
Ələsgər Məmmədli