Çağdaş dövrümüzün ilk müstəqil qəzetlərindən olan “Azadlıq” mətbuat tariximizə və xalqımızın yaddaşına əbədi həkk olunub. 25 illik yubileyini qeyd edən bu qəzet möhtəşəm xalq hərəkatının, xalqın dəniz kimi kükrəyən enerjisinin, azadlıq ideallarının və ürəklərdəki azadlıq qığılcımının püskürməsi idi. Mən qəzetin ilk nömrəsinin çıxdığı o günləri, oxucuların sevincini, qəzetin böyük ruh yüksəkliyi ilə əldən-ələ gəzməsini yaxşı xatırlayıram. “Azadlıq”, sözün həqiqi mənasında, yeni dalğanın, yeni ruhun yaratdığı bir qəzet idi.
İlk gündən azad sözün çarçısı missiyasını üzərinə götürmüş “Azadlıq”, tezliklə milli hərəkatın salnaməçisinə və milyonların azadlıq ideallarının ifadəçisinə çevrildi. Biz bu gün həmin nəşri meydana gətirən azadlıq mücahidlərini, o cümlədən qəzetin ilk redaktoru olmuş Nəcəf Nəcəfovu ehtiramla xatırlayırıq.
İsrənilən qəzet yalnız cəmiyyəti dəqiq məlumatlandırdıqda, problemləri göstərdikdə, ictimai tənqidçi funksiyasını yerinə yetirdikdə, günün reallıqlarını dilə gətirdirdikdə populyarlaşır və oxunaqlı olur. Bu cəhətdən indi “Azadlıq” ölkəmizin ən çox oxunan qəzetlərindən biridir.
Əlbəttə, indiki şəraitdə qəzet çıxarmaq çətindir, müxalifət yönlü qəzet buraxmaq isə əsl qəhrəmanlıqdır, həm də çoxlarının sona qədər gedə bilmədiyi bir yoldur. Bu mənada qəzetin tarixində böhranlı anlar, büdrəmələr, maliyyə çətinlikləri ucbatından bağlanmaq təhlükələri az olmayıb. Həmin təhlükələrin yenə də qalması acı reallıqdır. Bax bu təhlükələrə görə çoxları kimi, mən də belə düşünürəm ki, “Azadlıq” mətbuat azadlığının son qalalarından biridir. Bu qalanın mövcudluğu minlərlə oxucunun sevinci deməkdir.
Mən Azərbaycan istiqlalının rəmzi kimi jurnalistika tariximizə şərəfli səhifələr yazmış, publisistik düşüncəmizin inkişafına ciddi töhfələr vermiş, mətbuatımıza onlarca maraqlı müəlliflər bəxş etmiş “Azadlıq”ı əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, bir media qurumu kimi ictimai missiyasını yerinə yetirməkdə uğurlar diləyirəm.
Qulu Məhərrəmli
professor