Yaxud, Seymur Həzini döymək istəyirəm
Seymur Həzi həbs olunan gün “Bir Seymur havası çal” başlıqlı köşə yazmışdım. Köşənin sonluğunu isə şerlə bitirmişdim. Bu köşə cəmi 15 dəqiqə vaxtımı almışdı. Görünür, əsəb və kədərin qardaşlığından insan ilhama da gələ bilir. Yazmışdım ki, bir gün gələcək insanlar, xeyir məclislərində “bir Seymur havası çal” deyəcəklər.
Bəli, əfsanəvi qəhrəmanların havasına oynamaqdansa, yaşayan əfsanələrin havasına oynamaq daha ədalətlidir.
Bu günə qədər də anlaya bilməmişəm ki, niyə Seymurun həbsi məni kövrəldir. “Narkoman”, “silah alverçisi”, “dələduz”, “vergidən yayınan” siyasi məhbuslardan fərqli olaraq, bu “xuliqan” məhbusun həbsi mənə yaman təsir etmişdi. Bəlkə də eyni redaksiyada çalışdığımıza görə onun “xuliqan peşəsi”nə uyğunlaşmışdım. Bəlkə də cibimizdə 1 manat olduğu zamanlarda belə ən varlı adamın optimizmi ilə çalışa bilmək bizi doğmalaşdırmışdı. Bəlkə də problemlərə, ehtiyaclara təbəssümlə reaksiya verdiyimiz günlərin həsrətində olduğum üçün Seymursuz darıxıram.
***
Spinoza “Azadlıq dərk olunmuş zərurətdir” deyirdi. Seymur isə “Dərk olunmuş zərurət, yaşanılmış həqiqət deyilsə” yazaraq davam edirdi. Seymur “Tanrını öldürənlərin hakimiyyəti”ni də yazmışdı.
Amma azadlığı zərrə qədər dərk etməyənlər, hakimiyyətdə tanrılaşdıqlarını düşünənlər, Seymurun həbsini zəruri hesab etdilər. Bəli, bu hakimiyyət üçün dərk olunmuş zərurət, Seymuru qandallamaqdan ibarət idi. Bu bədbəxtlər hardan bilsinlər ki, daxilən bütün qandallardan xilas olmuş adamın, qollarındakı qandal “bilərzik” kimidir.
Seymur, hər gün evlərinə getməzdən əvvəl həbsxananın qapısını döyürdü. Azərbaycan reallığında onun həbs olunması hər günün gözlənilən hadisəsiydi. Ona görə də dayanmadan bu “qapı”nı döyürdü. Və nəhayət, qapını açdılar. Həmişəki kimi qonağı içəri dəvət etməyin ağlabatan yolunu tapa bilməmişdilər. Guya, o hansısa Məhərrəmin “facebook” statusuna cavab verməmişdi. Görünür, hökumətin ən yuxarı pilləsində oturanlara tutarlı cavab vemək, Məhərrəmə cavab verməmək öhdəliyi yaratmışdı.
***
Dostum, Sənin də yaxşı tanıdığın Roma imperatoru və stoisizm fəlsəfəsinin görkəmli nümayəndəsi Mark Avreli “Öz-özümlə söhbət əsərində yazırdı: ”Kim ki, indini görüb, deməli o artıq əbədiyyət qədər uzanan keçmişi də, bitib tükənmədən gəlib keçəcək gələcəyi də görmüşdür”.
Sən keçmişdə olmuşları da, bu gün olanları da, sabah olacaqları da görə bildiyin üçün, yalnız özünü görə bilən “kor”ların xoşuna gəlmirdin.
Qədim yunan filosofu Antisfendən soruşurlar: Siyasətlə necə rəftar etmək lazımdır? Antisfen “odla rəftar edən kimi” cavabını verir. Sən, təfəkkürü eramızdan əvvələ ilişib qalan siyasət adamlarına, 21-ci əsrdən boylanaraq dərs keçirdin. Sən odla oynamırdın, öz odunda zalımı oynadırdın.
Sən Demokrit kimi “Demokratiya şəraitində yoxsul olmaq, zülm şəraitində xoş keçən həyatdan yaxşıdır” düşündün. Bəlkə də məni kədərləndirən, sənin timsalında öyrənəcəklərimdən məhrum olmağımdır. Bunlar səni həbs etdilər. Sən isə nə qədər gözəl fikirləri, mütəfəkkirləri içində həbs etmisən.
Bu saat ən çox istədiyim bilirsənmi nədir? Hansısa filosofun, hansısa fikirinin səhv və ya düz olması haqda səninlə mübahisə etmək. Səni ən yaxşı bildiyin sahədə mübahisəyə çəkib, əsəbləşdirmək keçir ürəyimdən.
***
Hərdən səninlə qol güləşdirirdik. Həmişə qalib gəlirdin. Mən də deyirdim ki, özümüz güləşsək səni yıxaram. Heç vaxt güləşə bilmədik. Indi isə sənnən güləşmək istəyirəm. Cəld çevrilib səni yıxmaq, döymək istəyirəm. Kaş, o “xuliqan”lıq hadisəsi ikimizin arasında baş verəydi. O bədbəxt Məhərrəmlə yox, mənimlə dalaşdığına görə bizi həbs edəydilər. Indi Kürdəxanıda doyunca güləşərdik.
Dostum, bayaq xatırladığım Demokrit həm də deyirdi ki, “Cəsarət işin əvvəlidir, axırı isə bəxtdən asılıdır”. Sən işin əvvəlini də, axırını da təmin etmisən. Həbsxana son və başlanğıcın ortasındadır. Bir sözlə, bəxtin gətirib və sən adını seçilmişlərin siyahısına yazdıra bilmisən.
***
Dostum, mən bu sətirləri təsəlli üçün yazmıram. Avropa maarifçiliyinin tanınan isimlərindən biri olan Lixtenberq deyirdi ki, “Dərdə şərik olmaq ucuz mərhəmətdir”.
Dostum, Sən Rzaya məktubunda yazmısan ki, “Çox xoşbəxtəm”. Yəni, biz səndən təsəlli almaq istəyirik. Sənin həbsxanadakı xoşbəxtliyindən oğurlamaq istəyirik. Sən, dörd divar arasında belə xeyli adamlara azadlıq arzulaya bilərsən. Biz, sənin dərdinə şərik olmuruq, xoşbəxtiyinə şərik olmaq istəyirik. Çünki, ucuz mərhəmətdən, baha xoşbəxtlik yaxşıdı.
Dostum, “Dünyanı gözəllik xilas edəcək” deyimi həqiqətdir. Gözəlliyi çirkinlər yarada bilməz. Haqqı tapdanmış insanların kömyinə çatmaq da, zalımın zülmünə üsyan etmək də, həqiqətləri qələmə almaq da gözəllikdir.
“Seymur” sözü tərcümədə “Xeyirxahlıq”, “nicat” mənasını verir. Bu ölkə Seymur kimi “xuliqan”ların sayəsində xilas olacaq.
Səbirsizliklə, həbsdəki nicatımızı gözləyirik.