Bu vəziyyətin ölkəmizə təsiri hansı həddədir?
Qərbin sankisyalarına məruz qalan Rusiyada vəziyyət heç də ürəkaçan deyil. Şimal qonşumuzda artıq qeyri-ərzaq məhsullarının son dərəcə qiymətdən düşməsi ölkə iqtisadiyyatının mövcud durumunu xarakterizə edir.
Bu arada qeyd edək ki, ordakı vəziyyət bizim topdansatış ticarət məntəqələrimizə də köklü şəkildə zərbə vurub. Belə ki, “Sədərək” və “Binə” ticarət mərkəzlərində topdansatış məntəqələrinin əsas alıcıları Dağıstan və Şimali Qafqazdan gələnlər təşkil edirdi. Bu gün isə Rusiyadakı inflyasiya ölkəmizin əsas ixrac şəbəkələrinə də ciddi təsir edib. Həmin topdansatış məntəqələrinə Türkiyə və Dubaydan məhsul idxal edən şəxslərin də bazarı həddən çox axsayıb.
Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, neftin qiymətdən düşməsini üzərində hiss edən bütün ölkələrdə analoji proseslər yaşanır. Rusiyada isə daha ağır vəziyyətdir. Ekspert deyir ki, sanksiyalara məruz qalan ölkənin iqtisadi və siyasi kanalları bağlanıb:
“Rusiyanın simasında durum daha aydın görünür. Neftin qiymətinin aşağı düşməsi fonunda gəlirlər kəskin şəkildə aşağı düşür. Dolların rubla münasibətdə məzənnəsinin yüksəlməsi, rublun dəyərdən düşməsi vəziyyəti dramatikləşdirir. Rusiyanın iqtisadi və sosial həyatı böyük problemlər içindədir. Indi belə sanksiyalar altında, milli valyutaya olan inamın itməsi fonunda orada ticarət şəbəkələrində ciddi problemlər yaşanır. Rusiya istehsalı olan məhsullar qiymətdən düşür. Belə bir vəziyyətdə durumu sabitləşdirmək istəyən rus hökumətinin davranışları da əlavə problemlər yaradır. Ucuzlaşmış məhsulların başqa ölkələrə getməsi bir növ cəlbedici görünür. Həmin məhsullar sanksiyalara görə Qərbə gedə bilməz, Cənubi Qafqaz ölkələrində də həmin malların birbaşa bazara girməsi mümkün deyil. Inhisarçı qaydalar bunu da əngəlləyir”.
Ekspert söyləyir ki, ölkəmiz indiki situasiyada enerji daşıyıcılarının qiymətini aşağı salmasa, yüksək maya dəyəriylə başa gəlmiş malların daxili və xarici bazar mövqeləri itiriləcək. Yerli sahibkarların mövqelərinə də ciddi ziyan dəyəcək. Əhalinin sosial vəziyyəti də bundan kənarda deyil. Iqtisadiyyatımıza mənfi təsir də qaçılmazdır. Ucuz malların ölkəyə gətirilməsi qiymətlərə təsir edə bilər. Ekspert söyləyir ki, 11 ayın göstəricilərinə görə Rusiyadan idxal edilən məhsulların dəyəri 240 milyondan çox azalıb. Lakin əsas məsələ ölkəmizin özündə ucuz məhsulların istehsal edilməsidir ki, bu da idxal olunan məhsullarla rəqabətə tab gətirmək üçün vacibdir.
Nigar