Eyyub Hüseynov: «Nazirlik və müvafiq qurumlar istehlakçılarla sıx işləməsə, vətəndaşların aldadılması halları hər il olacaq»
Yeni ilə lap az qalıb. Bu münasibətlə paytaxtın bütün küçələrində pərakəndə satışlar həyata keçirilir. Mağazalarda da yeni illə bağlı bayram hədiyyələri və uşaqların sevdiyi nağıl qəhrəmanlarının prototipi olan oyuncaqlar satılır. Lakin həmin hədiyyələrin küçələrdə açıq havada çirklənməsi məsələsini bir tərəfə qoysaq, onların keyfiyyətinin standartlara uyğun gəlib-gəlməməsi hələ də problem kimi həllini gözləyir.
Hər il yazılıb mətbuatda gündəmə gətirilməsinə rəğmən, bayram hədiyyələri qablaşdırmadan tutmuş, keyfiyyətinə qədər mümkün standartlardan uzaqdır. Yeri gəlmişkən, “Sədərək” ticarət mərkəzində içi boş olan Rusiya istehsallı qutular satılır. Həmin qutular da yeni illə bağlı hədiyyələri qablaşdırmaq üçün nəzərdə tutulub. Ölkədə nəzarətin sıfır səviyyəsində həmin qutuları qablaşdırmada hansı pozuntuların olacağı isə elə indidən gün kima aydındır. Keyfiyyətsiz və vaxtı keçmiş məhsulların əsasən də uşaqlara veriləcəyini, daha doğrusu, hədiyyə ediləcəyini nəzərə alsaq, onları hansı təhlükələr gözlədiyi də qaranlıq məsələ deyil. Belə olan halda, bütün bayram aksessuarı və yeyinti məhsullarının nəzarətdə olması məgər həlli çətin məsələdir? Bu hədiyyələrin istifadəçisinin uşaqlar olduğunu qeyd etsək, problemin həlli daha da aktuallaşır.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər il mütəmadi monitorinqlər aparılsa da, problemin qarşısını almaq mümkün olmur. Çünki bu hədiyyələrə tələb var. Əhalinin maariflənmə səviyyəsinin də istənilən həddə olmadığını deyən AIB sədri, istehlakçıların hüquqlarının pozulması hallarının illərlə davam etdiyini bildirir:
“Belə vəziyyətin yaranmasında istehlakçıların da günahı var. Onlar vaxtı keçmiş məhsulların ekzotik qutulara yerləşdirilməsinə inanmamalıdır. Iqtisadiyyat naziri və ”qosstandart” insanların çaşdırılmasına qarşı mühüm işlər aparmalıdır. Bütün işlər kompleks şəkildə aparlımalıdır ki, nəticə olsun. Nazirlik və müvafiq qurumlar istehlakçılarla sıx işləməlidir. Yoxsa, istehlakçıların aldadılması halları hər il mövcud olacaq”.
Nigar