Mehriban Vəzir
«Azadlıq» qəzetinin 25-ci ildönümüdür. Bu nəşr hansı amillərə görə özəldir? Birincisi, «Azadlıq» qəzeti Milli Azadlıq Hərəkatımızın salnaməsidir. Ikincisi, «Azadlıq» qəzeti yenilməz bir döyüşçüdür. Bu, müasir media anlayışını aşsa belə, məhz mövcud siyasi şərtlərə görə qəbul ediləndir. Çünki ölkəmizdə alternativ tribuna qıtlığı hökm sürməkdədir.
Azərbaycan Milli Azadlıq Hərəkatının və demokrariya uğrunda tarixi mübarizəmizin nəbzi mətbuatimızda, eləcə də «Azadlıq» qəzetinin saralmış səhifələrində vurur. Bu keçilən mühüm və çətin yolu keçmişə gömmək, gözdən salmaq olmaz. Bu tarixi gedişatın ictimai şüurumuza verdiyi töhfə dəyərləndirilməlidir.
Azərbaycan mətbuat tarixi az öyrənilmiş, lakin öyrənildiyi qədəri ilə də ictimailəşdirilməmiş bir sahədir. Müasir insanımızın bilgiləri bu tarix haqqında «Əkinçi» və «Molla Nəsrəddin» mücadilələrindən o tərəfə keçmir bəzən.
Fərdlər və isimlər unudulur. Fərdlər və isimlərlə birlikdə şəxsiyyətlər və mücahidlər, şəxsiyyətlər və mücahidlərlə birlikdə fədalar və əzablar, eləcə də qəhrəmanlıq dastanları unudulur. Topluma müqavimət gücü verə biləcək, qanını qaynada, əzmini oyada biləcək, qələmlərə qüvvət verə biləcək ömür yaşantıları ictimai diqqətdən kənarda qalır.
1910-cu ilərdə Bakıda elə gün olub ki, bir gündə 50 nəfər jurnalist həbs olunub. Işğalşı rus hökumətinin jandarmaları bu fədakar qələm əhlini qolubağlı məhbəslərə sürüyüb. Məhkəmələr qurulub; qələmi qırılan kim, dilindən iltizam alınan kim, ev dustağı edilən kim, məhbəsə atılan kim, əmlakı müsadirə edilən kim, sürgünə göndərilən kim…
Əlinə qələm alan hər bir şəxs öz sələflərinin bu şanlı tarixini bilməlidir.
Əlinə qələm alan hər bir fərd mətbuat tariximizin fədailərindən biri olan Haşım Bəy Vəzirovun «jurnalist qələmi mürəkkəbə deyil, vicdanına batırıb yazmalıdır» kəlamına əməl etməlidir.
Əlinə qələm alan hər bir fərd «Azadlıq» qəzetinin Milli Azadlıq Hərəkatımızın silahdaşı olmasından və bu yoldakı yaşantılarından xəbərdar olmalıdır.
Bəzən unudulur ki, ictimia fikir tariximizin, azadlıq istəklərimizin inkişaf yolu mətbuat tariximizdə yaşayır. Şanlı cümhuriyyətimizin və onun ikinci ömrünün gedişatı mətbuatda saxlanır. Son 200 ilin bütün tarixi istiqamətlərinin öyrənilməsi mətbuatımızn öyrənilməsindən başlanmalıdır.
Eləcə də «Azadlıq» qəzetinin keçdiyi yolun öyrənilməsindən və mövcudluğunun qorunmasından başlamalıdır.
Çox fədakar «Azadlıq», 25 iliniz qutlu olsun. 100 yaşayın.