Dekabrın 19-da rəsmi dövlət qəzeti “Azərbaycan” ABŞ-Azərbaycan münasibətlərinə dair məqalə yayıb. Məqalədə o da iddia olunur ki, 2005-ci ildə də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin rəhbərliyi ilə ölkədə dövlət çevrilişinə cəhd göstərilib: “Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar. Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və “hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələm-tələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu”.
Dekabrın 21-də Fərhad Əliyev “Media forum” saytına danışaraq məqalənin bu məqamına münasibət bildirib. “2005-ci ilin oktyabrında baş verən hadisələrlə əlaqədar Azərbaycanın müvafiq hüquq mühafizə orqanları bir il yarım ərzində istintaq-təhqiqat işləri aparıb. Son 10 il ərzində yerli və xarici mətbuat isə vaxtaşırı olaraq bu hadisələri çox geniş şəkildə işıqlandırıb. Hazırda yeni bir şey baş vermədiyinə görə özümü müdafiə etmək niyyətindən uzağam”, – deyə, o qeyd edib.
F.Əliyev bildirib ki, hansısa səfirin və ya diplomatın Azərbaycanda dövlət çevrilişi etmək imkanına malik olmasına inanmır. Hazırda xaricdə yaşadığını xatırladan keçmiş nazir buna görə də barəsində yazılanların çoxundan xəbər tuta bilmədiyini qeyd edib.
F.Əliyev bildirib ki, hazırda və gələcəkdə siyasətlə məşğul olmaq niyyəti yoxdur. O, Əliyevlərə sədaqətini də ifadə edib.
2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də əfv sərəncamı ilə azadlığa çıxıb.