Respublikaçı Alternativ Hərəkatının (ReAl) İdarə Heyəti xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib. Müraciətdə məqsəd hərəkatın sədri İlqar Məmmədovun azad edilməsinə dair Avropa Şurası Nazirlər Komitəsinin qərarına Azərbaycan dövlətinin münasibətini öyrənməkdir. Müraciətdə deyilir:
“Cənab Məmmədyarov, məlum olduğu kimi, Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanı sizin nazirlik təmsil edir.
Cari il dekabrın 4 də 47 üzv dövlətin nazirləri adından cıxış edən Avropa Şurası Nazirlər Komitəsi REAL Hərəkatının sədri İlqar Məmmədovun təxirə salınmadan sərbəst buraxılmağına dair qərar qəbul edib.
Həmin qərarı şərh edərkən, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov demişdir ki: “İnsan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir… İlqar Məmmədovla bağlı bəyanatlar da bu baxımdan müstəsna deyil”.
Bu rəsmi sorğumuzla nazirliyinizdən dəqiqləşdirmə istəyirik: Səməd Seyidovun dedikləri Azərbaycan dövlətinin həmin qərara münasibətdə rəsmi mövqeyini ifadə edir, yoxsa etmir?
Doğrudanmı REAL Hərəkatı sədrinin işi mövzusunda Azərbaycan Avropa Şurasının 47 üzv dövləti arasında təklənmiş və təzyiq altında olan bir vəziyyətdədir?”.