Rusiya Dövlət Başçısı Vladimir Putin, Şimali Koreya lideri Kim Çen Inı Moskvaya dəvət edib. Putinin addımı, ABŞ-ın hər iki ölkəylə münasibətlərin kəskinləşdiyi vaxta təsadüf edir. Putin, Kim Çen Inı Moskvaya mayın 9-da Almaniya üzərində qələbənin 70 illiyi münasibəti ilə keçiriləc bayram tədbirinə dəvət edib. İki ölkə arasında daha yaxın əlaqələrin təmin edilməsi məqsədilə göndərilən dəvət rəsmi Moskva tərəfindən də təsdiqlənib. Kremlin sözçüsü Dimitri Peskov, İngiltərənin “Guardian” qəzetinə "Bəli, belə bir rəsmi dəvət göndərildi", deyə məlumatı təsdiqləyib. Şimali Koreya hakimiyyətindən isə dəvətlə bağlı heç bir məlumat verilməyib. Xatırladaq ki, Putinin dəvətinə müsbət cavab verdiyi təqdirdə, Rusiya ziyarəti, Kim Çen Inın ilk xarici səfəri olacaq. 2011-ci ildə atasının ölümündən sonra hakimiyyət başına keçən Kim Çen In hələ heç bir ölkədə səfərdə olmayıb.