Davamlı olaraq absurd şeylərin baş verdiyi ölkədə insan normal yazı qaydalarını də itirir. Normal həyat tərzi olmayan yerdə normal yazı tərzi haradan olsun ki…Nə vaxt qəlbindən keçən bir şey yazmaq istəsən, düşdüyün mühitin dərdləri yeriyir üstünə. Bu qədər məhkumluğun və məhbusluğun içində daha təsirli nə yazacaqsan axı? “Dərdin böyüyü oradadır” – deyir içindəki səs. Onda da əlin-qolun soyuyur, böyük ağrıların yanında öz acılarını kiçik görüb susursan səssizcə. Orada, bağlı qapılar arxasında nə qədər günahsız insan var! Onları unudub, öz dərdinin kölgəsində necə gizlənəsən, ən böyük günah bu deyilmi?..
Bu cəmiyyətdə normal bir şey varmı ki? Allahın verən günü günahsız insanların məhkəmə və həbsləri ilə əlləşməkdəyik. Azacıq normal düşüncə sahibi olan adamları belə hər yerdə axtarıb tapırlar. Şəhərdə, qəsəbədə, rayonda, kənddə, fərqi yoxdur, hər yerdə tez görürlər belə “qayda pozucuları”nı. Üç gün əvvəl Sabirabad rayonunda fəal cəbhəçi gənc Mirağa Abbasovu tutub aparıblar. Görmə qabiliyyəti 60 faiz zəif olan gəncə “hərbi xidmətdən yayınma” və polisə müqavimət qarayaxması vurublar. Ardınca da 25 sutka həbs! Dediyim odur ki, artıq yaşadığımız gerçəklikdə bu hallar tamamilə adiləşib, nə o insanlar əsassız yerə həbs olunmalarına təəccüblənirlər, nə də biz. Çünki anormal bir sistemdə yaşadığımızı bilirik hamımız.
Amma anormallığın da bir dərəcəsi, bir hüdudu var. Bizim durumumuz bir recimin ağıl çaşqınlığı ilə edilən primitiv seçimləri əsasında idarə olunmağa bənzəyir. Elə bu hekayətdə olduğu kimi… Psixi xəstəxanaya ziyarətə gələn bir adam həkimdən soruşur: “Bir insanın xəstəxanaya yatıb-yatmamalı olduğunu necə təyin edirsiniz?” Həkim deyir: “Bir çəni su ilə doldururuq. Sonra xəstəyə üç şey veririk – bir qaşıq, bir fincan, və bir vedrə. Sonra ondan çəni boşaltmaq üçün seçim etdiyi variantı soruşuruq. Elə siz özünüz, nə edərdiniz?” Ziyarətçi: “Normal bir insan vedrəni seçər. Çünki vedrə, qaşıq və fincandan böyükdür” – deyə cavab verir. “Xeyr” deyir həkim, “normal bir insan çənin tıxacını açar sadəcə”. Hekayədən çıxan nəticə insanın qarşısına qoyulanların ağlın gücünü işə salmaq üçün vasitə olduğunu göstərir. Nə yazıq ki, bu ölkənin idarəçiliyində rol alanların o ağlın nə üçün, harada və necə istifadə olunacağı haqqında belə təsəvvürləri yoxdur. Onların düşüncəsinə görə, hesabda çoxlu pul varsa, onu bu gün hökmən xərcləyib bitirmək lazımdır. Əldə imkan varsa, heç bir halda ondan gen-bol bəhrələnmək, varlanmaq, şişmək, həyatın dadını çıxarmaq fürsətini qaçırmaq olmaz. Tabeçiliyində onlarca, yüzlərcə, minlərcə insan varsa, səlahiyyət həddini aşıb onlarla istədiyin kimi davrana bilərsən, əməkçinin payını, zəifin haqqını yeyə bilərsən…
Bax davranış normaları, dəyər ölçüləri, səlahiyyət çərçivələri pozulmuş bir cəmiyyətin ən böyük bəlalarıdır bunlar. Ağlın işə yaramadığı bir yerdə “ağıldan bəla” bir sistem çıxır ortaya. Bütün qanun pozuntularının, özbaşınalıqların, insan işgəncələrinin hökmünü həmin sistem hazırlayır, o “ağıldan bəla” sistem. Dərd burasıdır ki, belə ölçüyəgəlməz pozuntular arasında çaşbaş qalan çoxluq da yavaş-yavaş o bəlaya yoluxmağa başlayır. Elə olmasaydı, bu xalq uzun illərdir ölkənin çəninə dolmuş çirkli sudan xilas olmaq üçün, əlindəki qabların seçimi üstündə baş sındırmazdı. Bircə dəfə çənin tıxacını çəkərdi, məsələ bitib gedərdi.