Statistika Komitəsi və MSK-nın məlumatları uyğun gəlmir
MSK 2 milyona yaxın seçicini yoxa çıxarıb
Demokratik Təşəbbüslər Institutu “Seçici Qeydiyyatının Auditi” adlı araşdırma aparıb. Araşdırmanın mövzusu Azərbaycanda seçicilərin qeydiyyatının kəmiyyət və keyfiyyət göstəricilərinin vəzyyəti, iki dövlət qrumu olan MSK və Dövlət Statistika rəqəmləri arasında ciddi rəqəm fərqinin analizi barədədir.
Institutun “Turan”a daxil olan press-relizində deyilir ki, araşdırmanın keçirilməsi onunla əsaslanıb ki, Mərkəzi Seçki Komissiyası ölkədə seçicilərinin sayını 5 milyon göstərib.
Dovlət Statistika Komitəsinin öz saytında göstərdiyi məlumata əsasən, 2014-cu il yanvarın 1-nə qədər ölkənin yaşı 18-dən yuxarı olan əhalisinin sayı təxminən 6,8 milyondan çoxdur.
Nəticədə, məlum olur ki, yekun seçici siyahısında seçicilərin sayı Dovlət Statistika Komitəsinin məlumatında seçki huququ olan şəxslərin sayından 1,8 milyon azdır.
Press-relizdə deyilir ki, SQA-metodu bütün dünyada seçkiləri müstəqil surətdə müşahidə və monitorinq edən təşkilatlar tərəfindən tətbiq olunur və beynəlxalq aləmdə obyektiv metod kimi tanınır.
SQA ölkədə mövcud olan 125 seçki dairəsindən 15-nin ərazisində təsadüfi yolla seçilmiş respondentlər arasında keçirilib. Monitorinqçilər 1255 ünvana baş çəkiblər. Bu ünvanlardan 1137-də sorğu keçirilməyə nail olunub. Respondentlərin 54,8%-i kişi, 45,2%-i qadın; 10,1%-i 18-25, 19,5%-i 26-35, 17,5%-i 36-45, 26,0%-i 46-55, 26,8%-i isə 55+ yaş qruplarında olub. Onların 62,0%-i şəhər, 7,0%-i qəsəbə, 31,0%-i isə kənd sakinləri olub.
Belə ki, SQA-nın “Əhalidən-Siyahıya” (People-to-List) və “Siyahıdan-Əhaliyə” (List-to-People) olmaqla iki növündən istifadə edilib.
“Rəqəmlərdən göründüyü kimi, seçicilərin 1/3 hissəsindən çoxu (34,3%+2,5%=36,8%) onların adının dəqiqləşdirilməsi funkisyasının (hüququnun) kimə məxsus olması barədə məlumatlı deyil. Qalanların dəqiq ifadə edilmiş yekdil rəyi yoxdur. Qanuna görə isə bu hüquq seçki komissiyasının birbaşa vəzifəsidir”, deyə press-relizdə bildirilir.
Bununla bağlı Demokratik Təşəbbüslər Institutu dəyirmi masa keçirmək niyyətindədir.
“Turan”