Rusiyanın iqtisadiyyat naziri vəziyyətin çıxılmaz olduğunu bildirir
Məhəmməd Talıblı: «Baş verənlər Rusiyanı defolt vəziyyətinə çatdıra bilər»
Neftin qiymətinin düşməsi, Qərbin ağır sanksiyaları Rusiyanın vəziyyətini getdikcə mürəkkəbləşdirir. Ekspertlər hesab edirlər ki, Rusiyanın təcavüzkar siyasəti davam etdiyi müddətdə vəziyyət daha da ağırlaşacaq. Qeyd olunur ki, bu gedişlə yaxın müddət ərzində Rusiya iqtisadiyyatı tamamən çökəcək. Artıq bir neçə ay arzində Rusiyanın itkiləri 10 milyardlarla ölçülür.
Vəziyyətin ciddiliyini ölkə ictimaiyyəti də anlayır və Rusiyanın daxilində Putinin siyasətinə etiraz edənlər artır.
Hətta vəziyyət o qədər ağırdır ki, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ölkənin üç tərəfli iqtisadi böhranla üzləşdiyini etiraf edib. Ulyukayevin bildirdiyinə görə, Rusiyada üst-üstə düşən üç böhran eyni vaxtda baş verib. Bu, Rusiya iqtisadiyyatında islahatların aparılmaması, makroiqtisadi göstəricilərin pisləşməsi və sanksiyalarla bağlıdır. Nazir ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların “onilliklərlə davam edə biləcəyini” bildirib.
“Bu, bizim özümüzün hazırladığımız ideal qasırğadır. Struktur böhranı baxımından islahatların yarımçıq buraxıldığı iqtisadiyyat və bizim indiyədək etməli olduqlarımızın, ancaq etmədiklərimizin nəticəsidir”ÿ- deyə Ulyukayev bildirib.
Ulyukayev Kremldə liberal bazar iqtisadiyyatı tərəfdarı olan azsaylı komandanın üzvlərindəndir və onun müsahibəsi Rusiyanı bürümüş iqtisadi böhranın nə dərəcədə dərin olduğunu göstərir. Və əksər analitiklər bu fikirdədir ki, Rusiyanın bu böhrandan çıxış yolu görünmür.
Bundan öncə də hökumət komandasının üzvlərindən etiraflar səsləndirənlər olmuşdu.
Amma belə bir şəraitdə Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı keçirir və xalqı inandırmağa çalışır ki, böhran cəmi 2 il çəkəcək, 2017-ci ildən inkişaf mərhələsi başlayacaq.
Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, sanksiyaların 3-cü dalğası Rusiyanı daha da zəiflədəcək: “Rusiyanın vəziyyəti göz önündədir və bunu danmaq mümkün deyil. Üstəlik sanksiyaların növbəti dalğası başlayır və böhran mərhələsinə start verilir. Rusiya prezidentinin optimist bəyanatlar verməsi başadüşüləndir. Amma Putin də vəziyyətin çətin olduğunu danmadı. Reallıq budur ki, bu günə qədər olan sanksiyalar daha çox bank-maliyyə sektorunu vururdusa, indiki sanksiyalar inflyasiyanı gücləndirəcək, ölkədə makro-iqtisadi tarazlıq pozulacaq, işsizlər ordusu böyüyəcək və nəticədə siyasi katakilzmlər arta bilər. Hətta hakim elitanın devrilməsinə qədər proses irəliləyə bilər”.
Ekspert onu da əlavə etdi ki, Rusiya neft aktivlərini dövriyəyə buraxmaq məcburiyyətində qalacaq və bundan sonra Rusiya dövlət olaraq defolt vəziyyətinə düşəcək. Yəni, külli miqdarda borc yarana bilər və dövlət borcları ödəyə bilmədiyini etiraf edər: “Bu vəziyyətdən çıxmaq üçün Rusiyanın anti-böhran proqramı olmalıdır və bu vəziyyəti müəyyən qədər yumşalda bilər. Əks halda vəziyyətdən çıxış mümkün olmayacaq. Vəziyyətə o həddə çatar ki, Rusiya yaxın 10 ildə böhrandan çıxa bilməz.
S.Novruz