Məhəmməd Talıblı: «Bu proses manatın dəyərinin itirilməsi, dövriyyədə dolların həcminin hədsiz azalması kimi fəsadlar yarada bilər»
Bakı Fond Birjasında (BFB) dollar-rubl cütlüyü ilə əməliyyatlar məhdudlaşdırılıb. BFB-dan APA-ya verilən məlumata görə, beynəlxalq bazarlarda ABŞ dolları – Rusiya rublu (USD-RUB) valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marca ticarətini təşkil edən birjanın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb.
Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.
Məlumatda qeyd edilib ki, BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı əlavə açıqlama veriləcək.
Bundan başqa, mətbuatda yayılan daha bir maraqlı məlumatda qeyd olunur ki, Rusiya rublunun məzənnəsinin enməsi Rusiyanın Azərbaycanla qarşılıqlı ticarətinə mənfi təsir göstərir. Bunu “Trend”ə Milli Məclisin Iqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev rublun dəyərdən düşməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın ən böyük idxalçısı olan ölkədə rublun qeyri-sabitliyi ona gətirib çıxarır ki, aralarında qida və tez xarab olan məhsulların üstünlük təşkil etdiyi malların istehsalçılarına ticarət aparmaq çətinləşir.
R.Quliyev qeyd edib ki, artıq bir çox iş adamı Azərbaycana qayıdır: “Hazırda belə tendensiya aktivləşir: Rusiyadakı biznesmenlərimiz geri qayıtmağa başlayıblar və ya bunu planlaşdırırlar. Onlar Azərbaycanda biznes açmaq, yaxud onu genişləndirmək barədə düşünürlər”.
Bundan başqa, ekspertlər Rusiyada baş verənlərlə bağlı daha bir təhlükəni qabardırlar. Söhbət Azərbaycandan Rusiyaya dollar və avro axınından gedir. Çünki Rusiya bazarı hazırda dollar və avro qıtlığı yaşayır. Məhsulların qiyməti isə durmadan aşağı düşür. Bu isə xaricdən alıcılar üçün əlverişli mühit yaradır. Rubl sabit valyuta olmadığından alış-veriş əsasən dollarla aparılacaq. Bu isə dəyərli valyutanın Rusiyaya axmasına gətirib çıxara bilər.
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, R.Quliyev vəziyyəti düzgün şərh etmir. Azərbaycanlı biznesmenlərin ölkəmizə burada daha sabit şərait olduğu üçün döndüyünü demək obyektivlikdən uzaq fikirdir: “Demək lazımdır ki, bizdəki vəziyyət oradakı qədər pis olmadığı üçün iş adamlarımız ”batmış gəmidən” uzaq durmağa çalışır. Amma bu, biznes üçün əlverişli şərtlərin olması və investisiya iqliminin normal olması anlamına gəlmir. Bakı Fond Birjasının addımı Rusiyadan gözlənilən rubl ekspansiyasını önləmək məqsədilə məhdudlaşamaya gedir. Çünki, sanksiyalar daha da sərtləşdikcə, Rusiyadan böyük miqdarda rublun konverstasiyası əməliyyatları da intensivləşəcək. Bu məbləğ milyard dollarla özünü göstərə bilər. Bazarda sabotajçı qruplar aktivləşə və bazar konyukturasına böyük təsir göstərə bilərlər. Ümumiyyətlə isə, yaxın aylarda Mərkəzi Bank və Bakı Fond Birjası kimi monetar qurumlar bazara daha effektiv nəzarət mexanimzinə sahib olmaqla fərqli monetar alətlərdən istifadə etməlidirlər”.
M.Talıblının fikrincə, ölkəmizdən dollar və avronun Rusiyaya axınının ən böyük təsirlərindən biri valyuta sabitliyinin dəyişilməsi, manatın dəyərinin itirilməsi, döviyyədə dolların həcminin hədsiz azalması, nağd pul kütləsinin azalma riskləri halları ola bilər. Digər tərəfdən, əgər Rusiyadan mühacir pullar ölkəmizə qayıtsa, bu, inflyasiya təzyiqlərini artıracaq və bazarda bahalaşma tendensiyalarını gücləndirəcək. Bəzi mal və xidmətlərin qiymətləri yüksələcək: “O cümlədən daşınmaz əmlak bazarında titrəyişlər olacaq. Əgər kütləvi olaraq geriyə dönüş prosesi sürətlənsə, o zaman daşınmaz əmlak bazarında müəyyən mənada bahalaşma güclənəcək. Əsas fəsadlardan biri əmək bazarında gərginliyin artmasıdır. Yəni indi əmək bazarındakı məlum kütləni iqtisadiyyat və iş yerləri çox çətinliklə ”həzm” edir. Əgər buna əlavə olaraq Rusiyadakı gələn əmək qabiliyyətli əhalini də əlavə etsək, onda əmək bazarı xeyli yüklənəcək. Bunun isə hansı kataklizmlər yaratması qeyri-müəyyəndir”.
Xəyal