İtaliyanın “La Reppublica” qəzetinin saytında Ağdamın “Qarabağ” futbol klubunun Milan “İnter”i ilə keçirdiyi son oyunda hakimin ədalətsizliyindən bəhs edən yazı verilib. AzərTAc-ın məlumatına görə, yazıda deyilir: “Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini yaşayan Ağdam şəhərinin “Qarabağ” klubu son matçında İtaliyanın “İnter” klubu ilə qarşılaşmada hakimin ədalətsizliyi ilə üzləşdi. Acı taleyi olan “Qarabağ” dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın ən önəmli rəmzlərindəndir”.
Məqalədə Ağdam şəhərini 1990-cı illərdə ermənilərin işğal edərək dağıntılara məruz qoyduğu qeyd edilir. Bildirilir ki, “Qarabağ” klubunun oyunçuları uzun illərdir məşqlərini doğma meydançadan kənarda – Bakıda keçirməli olurlar. Klub azərbaycanlı qaçqın və məcburi köçkünlərin rəmzinə çevrilib.
Müəllif diqqətə çatdırır ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda İtaliyanın “İnter” komandasını qəbul edən “Qarabağ”ın oyunun 94-cü dəqiqəsində vurduğu qolun hesaba alınmamasını təkcə azərbaycanlı futbolsevərlər deyil, bütün idman ictimaiyyəti ciddi narazılıqla qarşılayıb: “Klubun vitse-prezidenti Tahir Gözəl UEFA-ya şikayət məktubu ünvanlayıb, haqlı olaraq bu məsələnin araşdırılmasını tələb edir. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən İtaliyadan olan futbolsevərlər də “Qarabağ”ı dəstəkləyirlər. “Qarabağ” son matçında növbəti uğuruna imza ata bilməsə də, bütün dünyanın rəğbətini qazandı”.