Həyatın təkamül deyilən bir qanunauyğunluğu var. Məntiqə görə, təkamül prosesinin gedişində köhnə təzələnməli, balaca böyüməli, cahil ağıllanmalı, bir sözlə, insan xarakteri müsbətə doğru dəyişməlidir. Amma biz illərdir yaşadığımız cəmiyyətdə bu qanunauyğunluğun öz yolundan çıxıb yanlış istiqamətə getdiyini müşahidə edirik. Bu tərsinə gediş o qədər çılpaq görünür ki, artıq baş verən çox az şey təəccübləndirir adamı. Hər şeyin günbəgün pisliyə doğru dəyişdiyi açıq-aşkar ortada. Bütün bu baş verənlər də travmasız keçib getmir, şübhəsiz. Hər yerdə dərin yaralar açır qanunauyğunluqları relsindən çıxaran belə pozuntular, xüsusən də, insanların həyatında. Gerçəkdən də, dəhşətlidir. Cəmiyyət elə bir erroziya girdabına düşüb ki, ağır həbsxana həyatı keçmiş, məhrumiyyətlər görmüş, canında hələ də məhbusluq qəlpələri daşıyanlar illərlə yol gəldiyi insanlara arxa çevirir. Nəinki arxa çevirir, dönüb ömrünün illərini oğurlayan, həyatını zəhər edən, yaşadığı işgəncələrə bais olan çevrədə yer alır. O nöqtə də bir zamanlar sahib olduğun böyük dəyərlərin itdiyi yerdir artıq. Oradan geri çevrilib keçmiş silahdaşlarına silah tuşlamaq da, yeni məhbus dalğasının həbsxanalara doldurduğu insanları söymək də tamamilə adiləşir. Əlbət ki, bəzi toxunulmaz cizgilər var. Onlar keçildikdən sonra insan xarakteri özlüyündən pisliyə doğru yuvarlanıb gedir…
Yazıçı Paolo Koelonun “Leonardo və son axşam yeməyi” adlı kiçik hekayəsini oxuyanlar var yəqin. Hekayədə deyilir ki, Leonardo da Vinçi “Son axşam yeməyi” tablosunu çəkərkən böyük çətinliklə qarşılaşır. O, Yaxşını Isanın bədənində, Pisi isə son axşam yeməyində ona xəyanət etməyə qərar verən Yahudanın bədənində canlandırmalı idi. Obrazları üçün model arayan rəssam Isa təsvirinə uyğun üzü bir xor solistinin simasında tapır. Rəssam təsviri uğurla işləyir, amma Yahuda üçün 3 il model axtarmalı olur. Nəhayət, təsadüfən vaxtından əvvəl yaşlanmış gənc bir adama rast gəlir və onun aradığı şəxs olduğunu düşünür. Rəssam bu sərxoş adamı çətinliklə kilsəyə gətirdib onun üzündəki inamsızlığı, günahı, eqoizmi olduğu kimi Yahuda obrazında işləyir… Əsər tamamlananda, içkinin təsirindən ayılan adam: “Mən bu əsəri daha əvvəl görmüşəm…”- deyir. “Nə zaman?”- Vinçi heyrətlə soruşur. “Üç il öncə. Olub-qalanımı itirməzdən əvvəl… O zamanlar bir xorda oxuyurdum. Xəyallarım vardı. Bir rəssam məni Isanın simasına modellik üçün dəvət etmişdi…”
Bəli, yaxşılıq ilə pislik arasındakı cizgi bu qədər yaxındır. Bir insan üçün, bəlkə də, ən çətin şey həmin xətdən lazımi uzaqlıqda dayanmağı bacarmaqdır, o xəttə nə qədər yaxın olsa belə. Bu sona qədər insan olaraq qalmaq istəyənlərin ən böyük sınağıdır həm də. Çünki dəyişməz bir gerçək var: o cizgini keçdikdən sonra insan istər-istəməz təpəsi aşağı həyatın dibinə yuvarlanır. Oradan çıxması da, bəlkə heç bir daha mümkün olmur.
P.S.Diqqət etmisinizsə, bizdə isim kimi işlənən “pislik” sözü, Türkiyə türklərinin dilində həm də insana xas sifəti ifadə edir. Həmin tərifə görə, yuxarıda bəhs etdiyimiz cizgini keçən adamın adına “pislik” deyilir. Məncə, birinin pisliyini ifadə etmək üçün bundan uğurlu deyim tapmaq mümkün deyil. Heç kimə cizgisini keçib pislik adını haqq edərək, həyatın dibinə yuvarlanmağı arzulamıram.