Aslan Ismayılov
Həmişə çatışmayan vaxtımın 30 dəqiqəsini yerli TV-lərə ayırıb ölkədə baş verənlərlə maraqlandım. Özümü tam 1970-ci illərdə hiss etdim. O vaxtlar da TV-də Avropada, ABŞ-da baş verən iğtişaşlardan, ac insanların etiraz aksiyalarından verilişlər göstərilirdi. O vaxtlar zavodda tornaçı işləsəm, ali savadım olmasa da göstərilənlərə inanmırdım, çünki bir neçə dəfə valyuta dükanlarında satılan əşyaları görmüşdüm. Adi məntiqlə düşünürdüm ki, o cür gözəl, keyfiyyətli mal istehsal edən ölkələrdə vəziyyət rezin sapoq, qaloş satan SSRI-dən pis ola bilməz. Elə bu məntiqimə görə də bir dəfə az qala hüquq fakultəsinin II kursundan qovulacaqdım. Həmin il bizim kursa “Elmi Kommunizm” fənnini, əvvəllər Krasnodar Şəhər Kommunist Partiyasının birinci katibi işləmiş, Aleksandra Fyodorovna Narıtsina öyrədirdi. Növbəti dərslərdən birində V.I.Leninin 1913-cü ildə yazdığı “Kapitalizm – imperializmin son mərhələsi kimi” yazısı barədə danışdıqdan sonra, xətrimi həmişə çox istəyən müəlliməm, “Aslan, həmişəki kimi əla”, deyib 5 yazdı. Yerimə keçərkən Aleksandra Fyodorovnaya dedim ki, ancaq danışdıqlarıma inanmıram. Səbəbini soruşduqda izah etdim ki, kapitalizmdən daha tez SSRI-nin süqut edəcəyi ağlabatandır. Müəlliməm əksini sübut etmək, SSRI-nin üstünlüklərindən danışdıqda isə ondan soruşdum “Aleksandra Fyodorovna, əgər Siz dediyiniz kimidirsə nə üçün SSRI istehsal edən yun yapıncıları yox, həmişə çox qəşəng kapitalist ölkələrində istehsal edilmiş paltarlar geyinirsiniz”. Bundan bərk əsəbləşən professor hüquq fakultəsində SSRI əleyhinə təbliğat aparmağım barədə Universitetin rəhbərliyinə xidməti məktub yazmışdı.
Bu gün də TV-lərdə ABŞ-dakı etiraz aksiyalarına xeyli vaxt ayırdılar. ABŞ-dakı ağır durum barədə ətraflı məlumat verildikdən dərhal sonra bir “tanınmış” politoloq sevincək şəkildə “inkişaf etmiş” Iran, Rusiya, Türkiyə ittifaqında bizim də dördüncü olacağımıza ümidini söylədi. Istər-istəməz rəhmətlik aşıq Xanların söz tapmadığı məqamda “tufanın dağılsın, ay dünya” deməsi yadıma düşdü. Doğrudanmı bizim ideoloji sahəyə cavabdeh olan şəxslər, TV-lərin səsləndirdiyi cəfəngiyyata, insanların inandığını düşünürlər?! Axı artıq XXI (Vasif Talıbova aidiyyatı yoxdur) əsrdir, internet var, insanlar hər gün elə o “dağılan” ölkələrə gedirlər. Elə hakimiyyət nümayəndələri, onların övladları da imkan düşən kimi keyflərini çəkmək üçün “ağır zəhmətlə” qazandıqları paraları Iranda, Rusiyada yox, məhz həmin iğtişaşlar olan Avropada, ABŞ-da xərcləyirlər.